Yazıçı-publisist, tərcüməçi Kamran Nəzirlinin fikrincə, İnsanın bütün gözəl arzuları ilə birlikdə bir əzəli missiyası da var: sevə-sevə qurub-yaratmaq
“...XXI əsr bizdən nə istəyir? Yaxud biz ondan nə tələb edirik? Axı o, XXI əsr, bizə əməlli-başlı müharibə elan edib! Axı o, interneti, mobil telefonu insanın maddi ehtiyaclarına uyğunlaşdırmaq ideyasını elan edərək sürətlə həyata keçirir! Baxın, İkinci Dünya müharibəsinin üstündən heç 80 il keçməyib, görün yer üzündə nə qədər silah-texnika yaradılıb! Bəşəriyyət yer üzündə öz varlığının min ili ərzində olduğundan min qat çox silah yaratdı. Bu dövr ərzində insan yeni-yeni maşınlar, silahlar, texnikalar icad elədi, bu minvalla sanki insanın bədəni böyüyür, qəlbi isə kiçilir”.
Bu, istedadlı yazıçı, publisist və tərcüməçi Kamran Nəzirlinin düşüncələri, bir ziyalı kimi keçirdiyi narahatlıqdı.
“Qızıl Kəlmə”, Həsən bəy Zərdabi, Rəsul Rza mükafatları laureatı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli “Cəmiyyət siyasətin güzgüsüdür”, “Doğmalar arasında”, “Komada olan adam”, “Miras”, “Dördüncü möhür” və s. kitabların müəllifidi. Povest və hekayələri dünyanın müxtəlif dillərində nəşr edilib. “Şeytan işığı”, “Narkoman” pyesləri dövlət teatrlarının səhnəsində oynanılıb.
Cek London, Uilyam Folkner, Oskar Uayld, Ernest Heminquey, Somerset Moem, Herman Melvill kimi dünya şöhrətli yazıçıların əsərlərini uğurla orijinaldan dilimizə çevirib. Son illər Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrini ingilisdilli oxuculara tanıdır.
Modern.az onunla müsahibəni təqdim edir:
- Kamran müəllim, bu günlərdə Belarusda keçirilən “Sözün diplomatiyası” adlı beynəlxalq tədbirdə iştirak etmisiniz. Bildiyim qədəri ilə bu sizin Belarusa ilk səfəriniz deyil. Tanış auditoriya ilə növbəti görüşünüz nə ilə yadda qaldı, “Sözün diplomatiyası” vasitəsi ilə nəyə nail oldunuz?
- Əlbəttə, ilk səfərim deyildi, amma tanış auditoriya da deyildi. "Sözün diplomatiyası" adlandırılan bu Beynəlxalq "Dəyirmi Masa"da mənə tanış olmayan onlarla elm, mədəniyyət və ədəbiyyat xadimi vardı, müxtəlif ölkələrdən gəlmişdilər. Mən burda çıxış elədim. Və çıxışım böyük marağa səbəb oldu, yerli mətbuat orqanları, televiziya və radiolar məndən müsahibə götürdülər. Kitab, dil, informasiya texnologiyası, yazı mədəniyyəti, ədəbiyyata münasibət...İnformasiya texnologiyaları və kitab çapı, kitab işi məsələləri və bunlara yazıçı münasibəti... Elə biz də bütün bu mövzular və proseslər içindəyik, bu ağrılı-ağrısız proseslər bəşəriyyəti mənəvi kamillikdən daha çox fiziki terrorlara sürükləyir. Hünərin var bu proseslər burulğanında milli-mədəni simanı qoruyub saxlayasan. Mürəkkəb geopolitik ərazidə yaşayan bir xalq, bir ölkə, bir millət üçün bu, çox çətindir. Amma biz dünyada baş verən bu tarixi, həm də ziddiyyətli proseslərdən aralı dura da bilmərik. Axı bizim də öz qədim mədəni tariximiz var, öyünməli çox şeyimiz var ki onları dünyaya çatdırmalıyıq. Dünya bilmir, bilmək istəmir, bəlkə də görmək istəmir ki, qədim tarixə malik dilimiz var, milli-əxlaqi dəyərlərimiz var - onlara heç bir Konvensiya, ya da yad Şuranın düzüb-qoşduğu əxlaq meyarları toxuna bilməz.
Düzünü deyim ki, məni oraya Belarus İnformasiya naziri xanım Ananiç dəvət eləmişdi. Mən nəyəsə nail olmağa getməmişdim, sadəcə Azərbaycan ədəbiyyatını təmsil eləməyə getmişdim və düşünürəm ki, bunun öhdəsindən gəldim. Çoxlu faydalı görüşlərim oldu, Şərqi və Qərbi Avropa ölkələrindən gəlmiş tanınmış yazıçılar , tərcüməçilər, alimlərlə tanış oldum, Azərbaycan və onun mədəniyyəti, ədəbiyyatı haqqında məlumatlar verdim, hətta Qarabağ problemiylə maraqlananlara bu konfliktin əsl səbəbləri və kökləri haqqında da danışdım, gördüm ki, anlaşma ilə qarşılayırlar...
- Dost ölkədə olduğunuz günlərdə Belarusda “Yazı günü” qeyd edilib. Ənənəvi bayramın adı mənə maraqlı gəldi, bayram niyə “Yazı günü” adlanır?
- Hər il ənənəvi olaraq sentyabrın ilk bazar günü belaruslar milli təhsilin və yazının əsasını qoyan əcdadlarına hörmət əlaməti olaraq "Belarus Yazı Günü"nü böyük təntənə ilə qeyd edirlər. Bu bayram Belarusda ən çox sevilən və geniş miqyasda qeyd edilən bayramdır, dövlət səviyyəsində qeyd edilir. Ənənəvi olaraq bayram respublikanın tarixi mədəni mərkəzi sayılan şəhərlərində həyata keçirilir, bu şəhərlər adətən qədim elm, mədəniyyət, ədəbiyyat və kitab nəşrləri mərkəzi hesab olunur. Bayram tədbirləri çərçivəsində iştirakçılar və dəvət olunmuş xarici qonaqlar müxtəlif yeni nəşrlər, kitablarla tanış olur, belarus və xarici yazıçılar, şairlər, jurnalistlər, naşirlərlə görüşürlər, şair və yazıçıların görüşlərini təşkil edirlər, yaradıcı kollektivlərin çıxışlarına baxır, konsert proqramlarında iştirak edirlər. Mən Belarusun "Yazı Günü" tədbirində mətbuata və televiziyaya müsahibə verəndə bir faktı da qeyd elədim: son elmi araşdırmalar sübut edir ki, dünya mədəniyyəti tarixində ilk kitabı şumerlər çap edib. İlk kitabxananı şumerlər yaradıb. Şumerşünaslıq elmi var, Amerika və alman alimləri, elə rusların özü də təsdiq edirlər ki, "tarix şumerlərdən başlayır". Ətrafdakı adamlar, yazıçı və şairlər, təəccüb və maraqla qulaq asırdılar. Bəli, ilk məktəbləri, ilk ikipalatalı parlamenti, ilk tarixçi, ilk ədəbi mübahisələri, matəm nəğmələrini, dünyanın ilk 7 qəhərəmanlıq əsərini, ilk məhəbbət nəğməsini, kitabxana kataloqunu da şumerlər yaradıb...Dünyanın ilk dili də şumerlərə məxsusdur və bu dil ilk növbədə Turan və Ural-Altay dilləriylə yaxından qohumdur, türk dillərinə daha çox bağlıdır...Nə isə, bu barədə gərək ayrıca danışasan...
Azərbaycan ədəbiyyatının tarixi də qədimdir. Bunlar hamısı tarixdir. Amma bu gün biz nə etməliyik? Biz klassik və müasir ədəbiyyatımızı mümkün qədər operativ və sürətlə tərcümə elətdirib yaymalıyıq. Baxın, bunu artıq keçmiş SSRİ-də yaşayan digər xalqlar, o cümlədən, belarus xalqı çox çevik və sürətlə həyata keçirir. Beşyüz illik tarixi olan kitab və ədəbiyyat nümunələrini təzədən çap edirir, müxtəlif dillərə tərcümə elətdirir və yayır. Belarus xalqı öz keçmişinə, dilinə, mənəvi və maddi sərvətlərinə çox böyük ehtiramla yanaşır. Elə Şərqi Avropada ilk kitab nəşrinin əsasını qoymuş belaruslu Françisk Skorinanın 1155-ci ildönümünü də eyni zamanda qeyd edən bir ölkənin, bayram tənətənələrinin mərkəzi şəhəri kimi məhz Poloçku seçməsi təsadüfi deyildi, axı Skorina bu şəhərdə anadan olub. Onlar kitaba, ədəbiyyata böyük önəm verirlər.
Bayram tədbirləri çərçivəsində Beynəlxalq Ədəbiyyat konfransları, kitabla, ədəbiyyatla bağlı "dəyirmi masa"lar keçirilir. Qeyd etdiyim kimi, bu böyük milli bayramdır. İnsanlar bu bayrama xüsusi hazırlaşırlar. Bütün hallarda belə tədbirlərdə iştirak etmək, hələ üstəlik çıxış eləmək, ünsiyyət qurmaq faydalıdır. Burda müxtəlif ədəbiyyatlar, müxtəlif mədəniyyətlər birləşirlər, həmrəylik nümayiş etdirirlər, əməkdaşlıq və dostluq üçün addımlar atırlar. Ədəbiyyatların dostluğu həm də mədəniyyətləri, xalqları bir-birinə yaxınlaşdırır. Bir məsələni də qeyd edim: son iki ildə Azərbaycan ədəbi orqanlarında Belarus yazıçı və şairlərinin əsərləri çap olunub, eləcə də Azərbaycan yazıçı və şairlərinin əsərləri Belarus mətbuatında işıq üzü görür. Artıq bizim ədəbiyyat nümayəndələrimizi əsərlərindən tanımağa başlayıblar. Nəinki Belarusda, MDB-də və Şərqi və Qərbi Avropa ölkələrindəki ədəbi çevrələr də Azərbaycanın klassik və müasir ədəbiyyatı ilə maraqlanırlar. Belarusun mətbuat orqanları, ədəbiyyat saytları intensiv olaraq bizim şairləri, yazıçıları çap edirlər; bunun bir faydası da odur ki, onlar bunu iki dildə-rus və belarus dillərində çap edirlər. Bu isə artıq yayım miqyasının genişiliyidir, daha çox məkanda bizi oxuyur və tanımağa başlayırlar.
- Siz də daxil olmaqla tanınmış ziyalılarımızın əksəriyyəti bizdə insanların kitabdan uzaq düşməsindən, kitab dükanlarının azlığından gileylənirdi. Son vaxtlar paytaxtda kitab dükanlarının sayı nəzərəçarpacaq dərəcədə artıb, Sizinlə söhbət etdiyimiz vaxt Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Nigarançılıq aradan qalxıb, yoxsa...
- Mənim beynəlxalq tədbirdəki çıxışımın böyük bir hissəsi də məhz bu problemə həsr olunmuşdu. Bəri başdan deyim: yox, nigarançılıq aradan qalxmayıb! Bütün dünyada kitabdan uzaqlaşma prosesi gedir, bizdə isə daha sürətlə gedir. Nə gizlədək: İnsan doğurdan da kitabdan uzaq düşüb. Halbuki kitab min illərdi ona-İnsana xidmət edib, onu təkamülə və tərəqqiyə qovuşdurub, onun şüurunu, əxalqını, dilini, zövqünü, biliyini təkmilləşdirib, formalaşdırıb. Kitab İnsana heç vaxt xəyanət etməyib. Amma İnsan xəyanət edir...Bu mənada bizim dövrü, bunu bir dəfə də televiziya və mətbuatda demişəm, həm də xəyanətlər əsri adlandırmaq olar: ata-anaya, qardaş-bacıya, ölkəyə, vətənə, torpağa, sevgiliyə, gələcək nəsillərə, keçmişə, bu günə və gələcəyə xəyanət. Biz hamımız, o cümlədən yazıçı və naşirlər də bu prosesdə iştirak edib, yaxud iştirak etməkdəyik. Bəlkə elə buna görə də Kitab İnsandan uzaqlaşıb! İnternet dünyası İnsanı kitabın əlindən almaqla bizi hədələyir. Axı Kitab həm də dünyanı dərk etməyin bir yoluydu! Axı sənətkar da, filosof da məhz kitab vasitəsilə böyük və məşəqqətli yolu min illər idi ki, qoşa addımlayırdılar! Hər ikisinin mayasında Kitaba, İnsana, Həyata sevgiydi. İndi bu sevgiyə də böyük təhlükə var. Bax, əsas problem də budur. Və mən bəzən düşünürəm ki, bizim günlərin qorxunc hadisələri görəsən bizə hansı gələcək vəd edir? Görəsən biz, ədəbiyyat xadimləri, bu günlərə nəzər salaraq nə deyə bilərik? XXI əsr bizdən nə istəyir? Yaxud biz ondan nə tələb edirik? Axı o, XXI əsr, bizə əməlli-başlı müharibə elan edib! Axı o, interneti, mobil telefonu insanın maddi ehtiyaclarına uyğunlaşdırmaq ideyasını elan edərək sürətlə həyata keçirir! Baxın, İkinci Dünya müharibəsinin üstündən heç 80 il keçməyib, görün yer üzündə nə qədər silah-texnika yaradılıb! Bəşəriyyət yer üzündə öz varlığının min ili ərzində olduğundan min qat çox silah yaratdı. Bu dövr ərzində insan yeni-yeni maşınlar, silahlar, texnikalar icad elədi, bu minvalla sanki insanın bədəni böyüyür, qəlbi isə kiçilir. Çünki bu qəlb daha o sürətlə böyüyən insan bədənini idarə edə bilmir! Bizim dünyanın mənəvi-əxlaqi və siyasi-sosial problemləri də elə bu uyğunsuzluğa görədir. Mexaniki qüvvə ruhi qüvvəyə üstün gəlir. İnternet kitaba üstün gəlir. Əcəba, bu gün dünyada gedən bütün o qorxulu proseslərin elə başlıca mənbəyi də internet, mobil telefonlar deyilmi? Terrorlar, qırğınlar, qətllər, qaçqınlıq, çevirilişlər, xəstəliklərin sürətlə yayılması, diktatura... bütün bu qanla nətəicələnən hadisələr bəlkə də ondan ötrüdür ki, sivilizasiyanın insani hiss və duyğuları ölsün. Görün, mexaniki qüvvələr İnsanı fani maddiliyə necə çevirirlər, onun ruhunu və şüurunu robotlaşdırıb ona necə əbədi sahib olmaq istəyirlər!
- Bəs nə etməli?
- Dünyanın zənginliyi məhz bənzərsiz, istedadlı şəxsiyyətlərdir. Məhz onların əməlləri, yaratdıqları mənəvi sərvətlər, kitablar, incəsənət əsərləri dünyanın işığını artırır. Belə adamların sözünün gücü dinin təsirindən də güclüdür. Biz onların yaratdıqları kitabları da insan qəlbi, insan ruhu kimi sevməli, onu ölməyə qoymamalıyıq. Kitab sivilizasiya deməkdir, kitab qəlb, ruh deməkdir. Biz ədəbiyyat xadimlərinin rolu kitabın rolu qədər əhəmiyyət daşıyır.
Kitabın ədəbi və mədəni məziyyətlərini qaytarmaq lazımdı: baxın siyasət sözün geniş mənasında ədəbiyyata sel kimi gəlib, fərdlər cəmiyyətdən ayrılır, cəmiyyət fərdlərdən. Budur nəticə! Bütün müasir ədəbiyyat internet portallarından asılı qalıb. Orda isə nə qədər desən boşluqlar və zibilxanalar tapmaq olar. Yalan, böhtan, təhdid, seks, riyakarlıq, saxtakarlıq... Bir sözlə, insanın mənəvi kamillikdən daha çox fiziki terroruna yönələn addımlar...
- Axı bunlar təbii proseslərdir, bütün dünyada gedir....
- Əzizim Etibar, elə məsələ də bundadır. Təbii proseslərdir, bir ucu Xeyirdi, bir ucu Şər. Bax o Şərdən qorunmaq gərək. Məlumdur ki, insan cəmiyyəti yaranandan bir neçə mərhələdən keçib - dilin meydana gəlməsidi, yazının yaranmasıdı, kütləvi kitab çapıdı,informasiya inqilabı, yəni telefonun, teleqrafın, radionun, televiziyanın meydana gəlməsi mərhələsi, bir də bu sonuncu mərhələ, əgər belə demək mümkünsə: kompüter və kompüter texnologiyasının tətbiqi mərhələsi. Bax bu mərhələ qorxuludur, sivil və mədəni proseslərə maneə törədir, qlobal təhlükələrə səbəb olur. Dünyanı idarə etmək üçün, ya da yenidən bölüşdürmək üçün biz biliyin statusunu dəyişdirməliyikmi? Mütəxəssislər və tədqiqatçılar "hə" deyirlər. Amma burada bir vacib amili unudurlar. İnsan cəmiyyəti nə qədər bilikli, savadlı olursa-olsun, onun şüurunun robotlaşdırılmasına yol vermək olmaz. Robotların qəlbi yoxdur, onlar sadəcə informasiya ötürə bilərlər, nəsil yaratmırlar, onlar insanın yaratdığı nəsillərə duyğu ötürə bilməzlər. O duyğuları və hissləri yalnız kitab verə bilər, kompüter yox. Əlbəttə, yeni tarixi mərhələdə insana daha çox məhsul istehsal etməkdə, yaxud xidmət sahəsində kompüter texnologiyasının rolunu danmaq olmaz. İnternet insanın dünya informasiya resurslarına çıxışını təmin edə bilər, lakin ona ruh verə bilməz. O, iqtisadiyyata və kosmosa daha çox lazımdır...
Azərbaycan tarix boyu özünəməxsus milli-mədəni sərvət yaradıb; o, bu dəyərli sərvətlərini çoxsaylı müharibələrdən qoruyub, zənginləşdirib. Təbii ki, yeni ənənələr də yaranıb, nəsillər bundan bir irs kimi yararlanıb. Bizim tariximizdə çox mühüm yer tutan Səfəvilər dövründə kulturoloji formalaşma və inkişaf prosesləri gedib, kitab mədəniyyəti inkişaf edib. İndiki nəslə miras qalmış kitab və kitabçılıq mədəniyyətimizin əvəzsiz nümunələri var. Azərbaycanın görkəmli dövlət xadimi, böyük şair Xətai xalqımızın dövlətçilik tarixinə misilsiz töhfələr verib; onun Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə göstərdiyi əhəmiyyətli xidmətləri olub. Azərbaycanda kitabxanaların yaradılması sahəsində də xidmətləri olub. Ümumiyyətlə, bu işlər Səfəvilərin sonrakı hökmdarları tərəfindən də davam etdirilib. Sözümün canı odur ki, hələ IX əsrdə Azərbaycanda kitabxanaların sayı çox olub. Tarixi mənbələrdə göstərilir ki, Həmədandan başqa, Azərbaycanın Bərdə, Naxçıvan, Marağa, Təbriz, Gəncə və s. kimi iri şəhərlərində də feodallar kitab yığıblar, kitabxanalar yaradıblar. Bir sözlə, Azərbaycanın mədəniyyət tarixində kitabın və kitabçılğın böyük rolu olub. İndi internet gəlib nə edəcək? İnternet yalnız məlumat mənbəyi ola bilər...Mən ordakı çıxışımda da dedim ki, təşviq eləmək lazımdı kitabı və kitabın içindəkiləri. Bax, o cür möhtəşəm tədbir və bayramların da əhəmiyyəti böyükdür.
Bir məsələni də qeyd edim, bizdə həm də kəskin oxucu problemi var. Bu problem elə hər yerdə var. Mən bu yaxında bir maraqlı fakt oxudum: Rusiyada şəhər əhalisinin təxminən 37 faizi ya öz kitabxanasındakı kitabları oxuyur, ya da kitabı tanışlarından götürüb oxuyur. Hər vətəndaşa 5 kitab düşür. Amerikalıların 24 faizi hazırda həftədə 19 saat kitab oxuyur, Belarusda bu rəqəm daha yüksəkdir. İnsanlar hər yerdə, metroda, avtobusda, hətta kafedə oturub kofe içəndə belə ya kitab, ya da qəzet oxuyurlar. Azərbaycanda bunu demək olmaz. Əlbəttə, obyektiv, subyektiv səbəblər var, bunlar hamıya məlumdur. Amma bunu deməliyəm - mənim yaşıdlarımın yadındadır: yetmişinci illərdə bizim şəhər və rayonlarımızda ildə heç olmasa bir dəfə kitab bayramları, kitab günləri keçirilərdi. Kitab satışı günü də yadıma gəlir. Rayon partiya komitələrinin katibləri özləri kitab mağazalarına girər, kitab alardılar, onlara baxıb o birilər də kitab alardılar. Deyə bilmərəm, hamı oxuyurdu, ya yox. Amma hər halda, evində balaca da olsa kitabxanası olmayana mədəni adam deməzdilər. Belədə, həm də mütaliə mədəniyyəti formalaşırdı. İndi bunlar tamam yaddan çıxıb...Mobil telefondan da roman oxuyarlar?..
- Roman demişkən, bir müddət əvvəl sizin “Dördüncü möhur” romanınız işıq üzü gördü. Ermənistandakı ata-baba ocağından, sonra isə Qarabağdan qaçqın düşən bir ailənin yaşantılarını əks etdirən bu əsərinizə oxucu reaksiyası, ədəbi tənqidin münasibəti sizi qane edir?
- Mən heç o romanı əməlli-başlı üzə çıxartdım ki? İndi tamam yeni nəşri hazırlanır. Salam Sarvanın redaktorluğu ilə kitab inşallah ilin axırına kimi çapdan çıxacaq. O zaman bu barədə danışarıq...
- Bir çox dəyərli əsərləri ingiliscədən dilimizə tərcümə etmisiniz. Son illər şair və yazıçılarımızı ingilisdilli oxuculara təqdim etməklə çox vacib bir iş görürürsünüz. İstərdim bu barədə bir az danışaq...
- Bu sahədə işlərimi davam etdirirəm. Arada maliyyə çətinliyi ucbatından fasilələr yarandı. Hazırda yeni bir layihəm var: müasir türk şairlərinin əsərlərinin ingilis dilinə tərcüməsi üzərində işləyirəm. İnşallah, layihəmiz bitəndən sonra bu barədə mətbuata xəbər verəcəyəm.
- Yazıçılar Birliyi və “26” restoranı ətrafında mətbuatda gedən mübahisələrə münasibətinizi bildirmək üçün tribuna qazansaydınız nələri vurğulamaq istərdiniz?
- Əvvəla, mənim bu barədə ətraflı məlumatım yoxdu. Lap olsaydı belə, maraqlanmazdım. Çünki boş hay-küy hesab edirəm belə şeyləri. Amma sizə bildiyim və gördüyüm bir şeyi mütləq deməliyəm: bütün dünyada yazıçılar, şairlər cəmiyyətin o biri təbəqələrinə nisbətən kasıb yaşayırlar. Dünyada çox nadir hallarda "milyoner şair, yaxud yazıçı" olur. Mənim getdiyim, gəzdiyim demək olar ki, əksər Avropa ölkələrində, eləcə də SSRİ-nin keçmiş respublikalarında yazıçıların, şairlərin yaradıcılıq birliklərinin, cəmiyyətlərinin mağazası, kafesi, restoranı və s. var və buna pis baxmaq lazım deyil. Dünyada buna pis baxan da yoxdu. Niyə də olmasın? Dünyanın əksər ölkələrində hətta yazıçının, şairin, alimin də fərdi kafesinin, fərdi mağazasının olduğunu görmüşəm. Onlar bəs necə dolansınlar?
- Vaxt su kimi axıb gedir... 2017-ci il də sona yaxınlaşır. Bu il üçün nəzərdə tutduğunuz işlərin hamısını görə bildinizmi?
-Yox, dostum, görə bilməmişəm. Ona görə bir qədər narahatam. Bəzən gözləmədiyin vəziyyətlər meydana çıxır, problemlər yaranır. Bir qismi sənin özündən asılı olur, bir qisminin ayrı səbəbləri olur. Hər halda, biz insanıq, robot deyilik ki, proqramla iş görək. İnsanın robota dönəcəyinə də inanmıram. İnsanın bütün gözəl arzularıyla (istər reallaşan, istərsə də reallaşmayan) birlikdə bir əzəli missiyası da var: yaratmaq, qurmaq, özü də sevə-sevə. Robotda isə bu yoxdur, ola da bilməz! Bütün millətimizə bu sevgini - yaratmaq, qurmaq eşqini arzulayıram.
Etibar Cəbrayıloğlu