Modern.az

Şamaxı deyəndə ilk yada düşən nə olur? (Tanınmışların cavabları)

Şamaxı deyəndə ilk yada düşən nə olur? (Tanınmışların cavabları)

5 İyul 2011, 18:43

Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar. 
Modern.az saytı qərara alıb ki, “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət etsin. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur..? Bəs, Şamaxı deyəndə ilk yada düşən nə olur.

“Aşıq havalarını xatırladır mənə...”

“Ziyalılar” Milli Mənəvi Dəyərlərin Maarifçiliyi İctimai Birliyinin sədri Eldəniz Quliyev bildirdi ki, Şamaxı rayonu ona təmizliyi, saflığı xatırladır: “Şamaxı deyəndə yadıma təmiz su, təmiz hava düşür. Bunlar mənə qədim Şamaxını xatırladır. Müasir Şamaxı deyəndə isə bu təmizliklərə haramlıq qatanlar gözümün qarşısında çanlanır. Meşələr satılır, hansısa bir məmur öz inadkar fikirlərinə görə Şamaxıda heykəl qoyur”.
E.Quliyev əlavə etdi ki, bu rayon ona aşıq havalarını da xatırladır. Şamaxılıları fərqləndirən xüsusiyyətlərə gəlincə, müsahibimiz dedi ki, qədim şamaxılılar ləyaqətli olmaları ilə seçiliblər, müasir şamaxalılar isə bu layəqəti qoruyub saxlamağa çalışan insanlardır.  

“Şamaxı yeməklərinin ləzzətindən doymaq olmur...”

Xalq artisti, tanlnmış aktyor Valeh Kərimov bildirdi ki, bu rayon ona Azərbaycan xalqının gözəl şairlərini xatırladır: “Şamaxı deyiləndə Abbas Səhəti, Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri, Xaqani və Nəsimini xatırlayıram”.
Xalq artisti daha sonra əlavə etdi ki, rayonun füsünkar təbiəti də Şamaxını ona xatırladır. Şamaxının gözəl bulaqlarının, meşələrinın olduğunu deyən V.Kərimovun sözlərinə görə, bu rayonun yeməkləri də öz ləzzəti ilə seçilir: “Şamaxılılar gözəl yemək bişirməyi baçarırlar, buranın yeməklərindən doymaq olmur”.
Rayon insanlarını fərqləndirən xüsusiyyətlərin olub-olmamasına gəlincə, xalq artisti bildirdi ki, şamaxılılar mehribanlığı, qonaqpərvərliyi, səmimiliyi ilə fərqlənirlər.  

“Bəzi insanların eşşək sevgisi yadıma düşür...”

Müstəqil jurnalist Seymur Verdizadə isə dedi ki, Şamaxı deyəndə ilk növbədə dahi şairlərimiz, Şirvanşahlar dövləti yadına düşür: “Şamaxı Azərbaycanın dilbər güşələrindən biridir və Azərbaycan tarixinin bir parcası da məhz bu şəhərlə bağlıdır. Şamaxı Azərbaycanın elmi-mədəni xəzinəsinə böyük şəxsiyyətlər bəxş edib.  Təəssüf ki, son illər Şamaxi deyiləndə bir çox insanların ağlına ancaq Pirqulu gəlir.

Əlbəttə, Bakıya yaxın olduğundan istirahət etmək üçün Şamaxıya üz tutanlar daha çoxdur. Amma Şamaxı deyiləndə bizim ağlımıza hansısa bulaqdan, dağdan əvvəl məşhur Şamaxı Rəsədxanası gəlməlidir. Yaxşi olardı ki, Şamaxı rayonunun rəhbərliyi bu rayonun tarixini, mədəniyyətini, ziyalılarını təbliğ etmək üçün müxtəlif layihələr həyata keçirsin.

Biz Şamaxını təbliğ etməklə, tanıtmaqla həm də Azərbaycanımızı təbliğ etmiş olarıq”.

S.Verdizadə bildirdi ki, Şamaxı deyəndə bəzi adamların eşşək sevgisi də onun yadına düşür.

Rayon sakinlərinin fərqlənməsinə gəlincə, S.Verdizadə bildirdi ki, adətən dağ insanları mərd olmaqları ilə fərqlənirlər: “Dağ adamları saf, təmiz, dürüst olurlar, mən Şamaxıdan olan dostlarımda bu keyfiyyətləri görürəm”.  

“Pirqulu yadıma düşür”

ANS televiziyasının keçmiş aparıcısı Azədə Balayeva isə bildirdi ki, bu rayonun adı çəkiləndə ilk növbədə Pirqulu yadına düşür. Müsahibimiz əlavə etdi ki, Şamaxını ermənilər tərəfindən törədilmiş qırğınların baş verdiyi şəhər kimi xatırlayır: “Şamaxını həm də ötən əsrin əvvəlində ermənilər tərəfindən törədilmiş qirğınların baş verdiyi bir şəhər kimi xatırlayıram. Mart qırğınları ilə bağlı sənədli film hazırlayarkən araşdırmalarım zamanı öyrənmişdim ki ermənilərin qırğınlardan qaçıb şəhər məscidinə sığnmış yüzlərlə insanı elə məsciddəcə yandiriblar”.

Azədə Balayeva şamaxılıları fərqləndirən xüsusiyyətin olub-olmaması ilə bağlı suala “şamaxılılardan tanıdığım yoxdur”-deyə cavab verdi.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi