Modern.az

Ölümsüzlüyün mübarək (Dostum Ağa Laçınlının xatirəsinə)

Ölümsüzlüyün mübarək (Dostum Ağa Laçınlının xatirəsinə)

26 Noyabr 2009, 22:36

Noyabrın 25-i şair Ağa Laçınlının anım günüdür.
1940-cı ildə anadan olan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzetinin (indiki “Ədəbiyyat qəzeti”) şeir şöbəsində çalışıb. Yazıçılar İttifaqı (Birliyi) Natəvan klubunun müdiri olub. 1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib. Filologiya elmləri namizədi, dosent Ağa Laçınlı antik yunan ədəbiyyatı mütəxəssisi idi.
İlk şeri 1958-ci ildə işıq üzü görüb. “Ümid” (Bakı,1966), “Sakitik” (Bakı, 1970), “Sirli-soraqlı dağlar” (Bakı, 1971), “Torpağın gücü” (Bakı, 1973), “Ana duyğusu” (Bakı, 1976), “Aşırımlar qarşısında” (Bakı, 1978), “Vaxt yetişəndə” (Bakı, 1980), “Sevgimizlə sevindirək” (1981), “Meşə nəğməsi” (Bakı, 1985), “Gecə yuxusu” (Bakı, 1986), “Qorod tainstvenniy” (Moskva, 1987), “Homer” (Bakı, 1989 - elmi), “Alın yazımız” (Bakı, 1992), “Yapon şeirindən seçmələr” (Bakı, 2006) kitablarının müəllifidir. 2007-ci il noyabrın 25-də vəfat edib.

 

 

Mayası halallıqdan yoğrulmuşdu. Şeirimizin, sözümüzün ağır kişilərindən idi Ağa Laçınlı. Ağır oturub, batman gəlməyi sevərdi. Sadəlik, səmimiyyət, sözün həqiqi mənasında təvazökarlıq boyuna biçilmişdi. Sözünün, sovunun yerini bilməyənlərdən, boş dağarcıq kimi şişənlərdən, yersiz, mənasız-mətləbsiz hay-küy qoparanlardan xoşu gəlməzdi.

 

Doğulub boya-başa çatdığı dağlar kimi vüqarlı, əzəmətli görkəmi vardı. Qayğılı görünər, fikirli gəzərdi. Geniş alnında düyünlənən qırışlar keçdiyi çətinliklərdən, keşməkeşli ömür-gün yolundan xəbər verirdi.

 

Halallıqla böyütmüşdü övladlarını. Oğlanları qürur mənbəyi idi. Fəxrinin, Oqtayın, Azərin yelinə uçurdu. Təbiətin özü kimi təbii idi. İllərlə yol yoldaşı olmuşduq. Rayonlara gedər, şeir oxuyar, məclislər keçirərdik.

 

- Ay Musa, rayona, kəndə gələndə özümə dönürəm – deyirdi. – Şəhərdə elə bil adam özü olmur, kimisə yamsılayır, hansısa rolun ifaçısına dönür. Ə, vallah, adam bu qoyunlu-quzulu çöllərdə ölüb qalmaq istəyir.

 

Bu sözləri elə içdən, elə yanğılı deyirdi ki...

 

Tanışlığımızın qırx ilə yaxın bir tarixçəsi vardı. Mən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsində ikinci kursda oxuyanda Ağa müəllim də dekanlıqda işə düzəldi.

 

İlk tanışlığımız dostluğa çevrildi. Mənim şeir yazdığımdan xəbər tutan Ağa Laçınlı (Həmin vaxtlar artıq iki-üç kitab müəllifi idi. Şair kimi tanınırdı) bir-iki şeirimi dinləyəndən sonra:

 

- Ə, sən əməlli-başlı şairsən, darıxma, vaxt gələcək çap da olunacaqsan, məni öz qardaşın bil. Nə sözün-sovun olsa çəkinmə, əlimdən gələn köməyi səndən əsirgəmərəm – demişdi.

 

Demişdi və elə həmin vaxtdan da istəyini, məhəbbətini ürəyimə köçürmüşdü. Mən Ağaya arxalanırdım. Ağa çətin günün dostu idi. Mən “Gənclik” nəşriyyatına redaktor düzələndə buna ən çox sevinənlərdən biri də dostum Ağa Laçınlı idi. Mətbuatda çap olunan şeirlərimi diqqətlə oxuyar, həmişə öz fikrini bildirərdi.

 

Aramızda on ildən artıq yaş fərqi olsa da məni özünə tay-tuş eləmişdi. Möhkəm zarafatımız vardı. İbrahim Kəbirlidən, Hüseyn Arifdən yaddaşında özü ilə bağlı qalan lətifələri arabir danışar, qəşş edənə qədər gülərdi və məni də güldürərdi. Mən hərdən ona “Ağa müəllim” deyə müraciət edəndə “Ə, müəllim özünsən” deyib onun nəzərində “bu soyuq” rəftara xitam verərdi.

 

Yaxşı yolluğu vardı. Səfərdə dostlarına xoş ovqat bəxş edərdi. Sadə idi, səmimi idi. Rəsmiyyətdən qətiyyən xoşu gəlməzdi. Bir dəfə, gərək ki, Daşkəsənə getmişdik. Katib bizi hörmət və ehtiramla qarşıladı. Raykomda təşkilat şöbəsinin müdiri işləyən ucaboy, son dərəcə rəsmi görüntülü bir kişini çağırdı və bizi təqdim elədi. “Şairlərin görüşlərini yüksək səviyyədə təşkil edərsən, özlərini də darıxmağa qoymazsan, indi qışdır, dağlarımız qarla örtülüdür, ancaq dağda böyüyən şairlərimiz üçün bunun elə də fərqi yoxdur, daha da xoş olar, uşaqlıq illərini təzədən xatırlayarlar. Həm də görsünlər bu qarda-çovğunda biz nələr çəkirik”.

 

Ağa müəllim katibin sözlərini zarafatla cavablandırıb aramızda bir səmimiyyət körpüsü saldı.

 

- Filankəs müəllim – dedi – nə çəkdiyinizdən xəbərdarıq. Əlbəttə, kef çəkirsiniz, halal xoşunuz olsun, bizim kimi dərd çəkəsi deyilsiniz ki... Amma bizi elə adama tapşırın ki, bir az başqa olsun, özümüzü rahat hiss edək.

 

Katib bu sözdən azca tutulsa da, bir qəhqəhə çəkdi və dedi ki, Ağa müəllim, sizi müşayiət edəcək Lətif müəllim elə siz deyən adamdır, mənim yanımda özünü boğmağına baxmayın. Bilirəm nə deyirsiniz, özünü çəkənlərdən, “oxlovudan”lardan deyil. Əsil həyat adamıdır. Bir də ki, sizi kimə etibar etmək artıq mənim səlahiyyətimdir.

 

Daşkəsəndə dörd gün maraqlı görüşlərimiz keçdi, hər görüşün sonunda da qonaqlıq, sağlıqlar, zarafatlar... Lətif müəllim bizə elə qaynayıb-qarışmışdı ki... Görüşlərdə oxuduğumuz şeirlərin bir neçəsini də əzbərləmişdi. Ancaq ayrılanda məni kənara çəkib dedi:

 

- Musa müəllim, deyəsən axı siz öz iş yerlərinizi mənə yanlış dediniz. Ağa müəllim nəşriyyatda işləyir, siz də universitetdə, eləmi?

 

Mən Ağa müəllimi çağırdım, Azərbaycan Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müəllimi olduğunu sənədiylə təsdiqlədi. Lətif müəllim Ağa müəllimi təzədən bağrına basdı, onun bu qədər sadə, səmimi, öz diliylə desək, “kəndçi” olduğuna heyrət elədiyini bildirdi. Bu dörd gün Ağa müəllimə öz kəndçiliyini, qoyun-quzu otardığı uşaqlıq illərini qaytarmışdı. Ağa müəllim özünə, yaddaşına qovuşmuşdu Daşkəsənin qarlı dağlarında...

 

Ağa Laçınlı ilə hər görüşümüzdə o günləri xatırlayır, onunla bağlı gülməli xatirələri çözələyirdim. Bir dəfə belə görüşlərin birində o, çox kədərli və tutqun tərzdə dedi:

 

- Ə, Musa, bunları yaz də, nə vaxt yazacaqsan, mən öləndən sonra?!

 

Mən onu bu ovqatdan çıxarmaq üçün bir zarafat elədim... Rəfiq Zəkanın Tələt Əyyubova dediyi sözləri təkrarladım: “Ağa, - dedim, - qorxma sən ölən deyilsən, bəlkə o xatirəni də mənim haqqımda özün yazası oldun”. İndi bu gün o görüşü, o anı xatırlayıb peşmançılıqla kövrəlirəm, ürəyimdən qara qanlar axır, doğrudanmı Ağanı itirmişik?!

 

Niyə mən özü dediyi o günlərdə bu xatirələri dilə gətirmədim? Sağlığında yazsaydım başqa cür yazacaqdım, dadını-duzunu, sumağını, istiotunu azaltmadan, əskiltmədən...

 

Nə bilim vallah, görünür, çox şey adamın özündən asılı deyil.

 

Bir dəfə də Kürdəmirə ezam olunmuşduq. Ədəbiyyatı təbliğ bürosunun xətii ilə. Kupeyə bilet almışdıq. Axşam qatara mindik. Kupe yoldaşlarımızla birlikdə yeyib-içdik. Bir az xumarlanmağımız Ağanı təşvişə saldı: “Musa, - dedi – vallah-billah biz yatıb qalacağıq, bir də görəcəyik ki, ya Şəmkirdəyik, ya Tovuzda. Bir dəfə mənim başıma gəlib belə şey. Bax, ayıq ol, bələdçi də çox içdi, gedən kimi başını atıb yatacaq”. Mən də, bələdçi də Ağa müəllimi nə qədər arxayın salmaq istəsək də, o, elə dediyini dedi.

 

Təzəcə yerimizə uzanmışdıq ki, xırda bir çimirdən sonra Ağa yerindən dik atılıb kupenin pəncərəsinə boylandı:

 

- Ə, Musa, tez dur, Kürdəmiri ötürük.

 

Mən durub bələdçiyə yaxınlaşdım, o, “Heç Ələtə çatmamışıq” dedi. “Gedin rahat yatın, mən sizi oyadacam”.

 

Gəldim, bu sözləri ona çatdırıb təzədən yerimə uzandım və məni dərhal yuxu apardı. Bir də gördüm Ağa məni yenidən silkələyir:

 

- Ə, Musa, dur, Kürdəmir...

 

Kupe yoldaşlarımız da oyandılar. Təzədən bələdçiyə üz tutduq və beləliklə, bu hadisə on-on beş dəfə təkrar olundu. Artıq əsəbiləşmişdik. “Ağa, - dedim, - beynim xarab olub, keçərik keçərik, gedərik Gədəbəyə, Tovuza...” Axır yalvarmağa başladım: “Sən Fəxrinin canı...” Ağa bu dəfə lap sakitləşdi və “Ə, yatıb qalsaq sənnəndi ha, geri qayıtmaq pulumuz, yeməyimiz və bütün xərclər...” Mən razılaşıb təzədən yerimə uzandım, nə qədər keçdiyini bilmirəm, yenə də o məni səslədi, bu dəfə çox asta və həlim: “Ə, Musa, ə, Məlik müəllimin canı üçün, Fəxrinin canı üçün növbəti stansiya Kürdəmirdi, tez elə gör geyinə bilirsənmi, çatdıra bilməsək də paltarlarımızı tez yığışdıraq, vaqonda heç nəyimiz qalmasın!”

 

Mən cəld durdum, şalvarı, pencəyi zorla geyindim, jiletim, paltom, şərfim, sumkam əlimdə qapıya çatdım. Qatar artıq dayanmışdı, sərnişinlərdən biri: - Tez olun düşün – dedi. – Bu saat qatar tərpənəcək.

 

Hər ikimiz cəld yerə atıldıq. Başıbatmış bələdçi kupesində xorna çəkirdi, onu oyatmaq, nəsə soruşmaq müşkül məsələ idi.

 

Qar yağırdı, yer su və palçıq idi. Yerdə biz düşən vaqonun qapısında bir milisioner və bir neçə adam var idi. Ağa müəllim soruşdu, ə, qardaş, bura Kürdəmirdi? Onlar təsdiqləyəndən sonra Ağa müəllim üzünü mənə tutub:

 

- Ə, oynamayanın eləsi-beləsi belə-belə...

 

Və özü də hər iki qolunu qaldırdı, əlindəki sumkanı, paltonu yerə buraxdı. Mən də ona qoşuldum, paltomu, şərfimi, sumkamı sulu, palçıqlı yerə atdım və baxıb gördüm ki, yanımızdakı adamların hamısı oynayır, milisioner də içində. Qatar artıq tərpənmişdi, yanımızdan ötəndə qonşu vaqonun bələdçisi bu səhnəyə baxıb şaqqanaq çəkdi:

 

- Ə, bircə zurnanız, balabanınız çatmır – dedi.

 

Biz yerdən palçığa bulaşmış paltarlarımızı götürəndə milisioner yaxınlaşıb astadan:

 

- Vətəndaş, hər ikiniz mənimlə gedəcəksiniz – dedi.

 

Görünür, Ağa müəllimin başına qoyduğu panama onu ehtiyatlandırmışdı, ona görə də sözünü mənə deyirdi. Biz paltomuzun palçığını təmizləyə-təmizləyə tez-tələsik geyinib stansiyaya doğru irəliləyəndə milisioner təzədən mənə:

 

- O tərəfə yox, bu yana mənim ardımca gəlin – dedi.

 

Ağa müəllim bu dəfə onun sözlərinin fərqinə vardı deyəsən, ucadan və onun eşidəcəyi bir tərzdə:

 

- Musa, bu səfeh milisioner nə deyir, görünür, bizi kiminləsə səhv salıb.

 

Milisioner qəzəblə:

 

- Ay yoldaş, özünüzü yığışdırın, yoxsa başınızdakı panamaya da baxmaram.

 

- Ə, səfeh, baş-ayaq danışma, qabağıma düş raykomun binasını göstər bizə. Qonaqnan belə danışmazlar.

 

Milisioner səhvini dərk elədi deyəsən, qabağa düşdü və çox sakit, az qala yalvarıcı bir tərzdə:

 

- Müəllim, indi gecə saat dörddür, raykomda kim olasıdır ki...

 

Ağa müəllim gülə-gülə:

 

- Onda bir isti yer tap. Böyük nəçənniksən, yemək-içmək təşkil elə. Kürdəmirdə rastlaşdığımız ilk kürdəmirli sənsən, biz də Kürdəmirə qonaq gəlmişik. Şairlərik, panama da səni ürkütməsin. Ə, Ağa Laçınlının adını eşitmisənmi?

 

Milisioner:

 

- Eşitmişəm nədi, şeirlərinizi də oxumuşam, Ağa müəllim, xoş gəlmisiniz. Sizin oğlunuza yazdığınız o şeiri bizim toylarda müğənnilər hamısı oxuyur.

 

Bəxtimiz gətirmişdi. Milisioner ədəbiyyat maraqlısı idi. Bizi “koçeqar” binasına gətirdi, beş dəqiqənin içində qatıq, qaymaq, çörək tapdı, pürrəngi çay dəmlətdirdi. Sonra da heyran-heyran Ağa müəllimin zarafatlarına qulaq kəsildi.

 

Ağa müəllim belə Ağa müəllim idi, uşaqla uşaq, böyüklə böyük...

 

Bir dəfə də Yevlaxa birgə getmişdik. Mənim bir köhnə dostum (o zaman kolxoz sədri işləyirdi) bizi gördü, Yevlaxda olmağımıza çox sevindi. Məni çəkib dedi ki, Musa müəllim, axşam saat yeddidən sonra mənim qonağımsınız. Raykomun qonaq evinə özüm arxanızca gələcəm. Xahiş edirəm, heç yana getməyin, məni gözləyin!

 

Dediyi vaxtda gəldi. “Villis” maşınına əyləşib xeyli uzağa getdik. Bir çöllü-biyabanda rayonun hörmətli kişilərindən biri bir kababxana açmışdı. Dostumun dediyinə görə, bura rayonda ən “pristijni” yer idi. Ona görə ki, burda çox vaxt ov ətindən kabab verirdilər. Kababxananın müdiri dostuma və bizə olan hörmətindən özü bizə xidmət edirdi. Əvvəlcə çöl donuzu kababı gətirdilər. Yeməklə doymaq olmurdu. Biz araq içirdik. Ancaq Ağa müəllim konyakı seçdi. Kabab yaman xoşuna gəlmişdi. Xəlvətcə məndən soruşdu:
- Ə, Musa, bu nə ətidi?

 

Dedim:

 

- Ağa, ömrün boyu qoyun-quzu otarmısan, bə görmürsən ki, quzu kababıdı.

 

- Ə, vallah, – dedi – bizim quzular belə dadlı olmurdu, bu Yevlağın quzuları nə yaman dadlıymış...

 

Mən gördüm ki, konyak öz işini görməkdədi. Bir eyham elədim ki, Ağa, bütün bunlara konyak günahkardı, yoxsa sən belə soruşmazdın. Az qala pıçapıçla dedi ki, ə, narahat olma, heç bunun iki butulkası da mənə kar eləməz.

 

Bir az keçəndən sonra həqiqətən də quzu kababı gətirdilər. Ağa müəllim ilk tikəni götürüb məndən soruşdu.

 

- Ə, bu nə ətidi?

 

- Bərəkallah! – dedim – yenə seçə bilmirsən, ə, nə əti olacaq, qaban ətidi də, çöl donuzu əti.

 

Ağa tikəni nimçəyə atıb kababın ikinci buludunu süfrəyə qoyan kişiyə, kababxananın müdirinə:

 

Dostum, yaman dadanmısan qabana,
Yoxsa, ehsan verəcəksən babana?
 

 

- demişdi ki, kişinin mətbəxə qaçmağı, iri bir çörək bıçağını götürməyi bir oldu...

 

Artıq söz deyilmişdi. Güllə kimi öz hədəfini deşib keçmişdi. Ətrafımızdakıları güldürmək amacı ilə, adicə zarafat təbiri ilə deyilsə də. Mən və dostum tez kişinin dalınca qaçdıq, üzr istəmək, dil tökmək, hətta yalvarmaqla müşayiət olunan söhbətimiz, nəhayət, öz bəhrəsini verdi. Ancaq deyim ki, bütün bunlardan Ağa müəllim xəbərsiz oldu. Konyak onu tamam tutmuşdu. Kişi pərt halda öz “Qaz-24”nə əyləşib getdi. Məclisimizsə gecəyarıya kimi davam etdi. Səhər bu hadisəni Ağa müəllimə danışanda onu gülmək tutdu: “Ə, görürsənmi – dedi – söz necə şeydi, düz deyiləndə, məqamında deyiləndə hətta ölümlə də mükafatlandırıla bilər. Bə şair olmaq budu də, gərək sözünü yerində deyəsən, məqamında tutuzdurasan”.

 

Ağa müəllim sözünü deyən insan idi, şeirləri, poemaları o zamanın müdhiş senzurasından, “Qlavlit” deyilən baş idarədən çətinliklə keçərdi.

 

Mən artıq altı-yeddi ilə yaxın idi ki, “Gənclik” nəşriyyatında redaktor işləyirdim. Yaşımız otuzu haqlayırdı. Evim yox idi deyə evlənə bilmirdim. Musabəyov qəsəbəsində Qanlıgölün sahilində ev tikib məskunlaşan bir qohumum həyətində mənim üçün də yer ayırmışdı. Bir “gecəqondu” qaralamaq lazım idi. Lakin bu iş olduqca yasaq idi. Milis işçiləri aman vermirdilər. Bu işi görməyi, milislərlə dil tapmağı Ağa müəllim öz boynuna götürdü.

 

Bir gün birlikdə müdrik ağsaqqalımız, Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin – Əli Qara oğlunun evinə yollandıq. Əli müəllim hər ikimizin dostu idi. Onu da deyim ki, mən sarıdan bu dostluğun təməlini də Ağa müəllim qoymuşdu. Mənim televizorda çıxışımı dinləyən Əli Qara oğlu şeirlərimdən xoşu gəldiyini Ağaya danışır, Ağa da o ki var məni tərifləyir və Əli müəllimə deyir ki, Musa ilə bir gün yanına gələcəyik. Əli müəllimlə dostluğumun təməli, bax, beləcə qoyulmuşdu. Mətləbdən uzaqlaşmayım, Ağa müəllimlə Əli Vəliyevin evinə gəldik. Ağa müəllim orda işləyən (Musabəyov qəsəbəsində) rəis müavininin Qubadlıdan olduğunu və həmin adamın Əli müəllimin sözündən çıxa bilməyəcəyini xatırlatdı. Həmişəki kimi Əli müəllimin söhbəti çox ötkəm və kəsə oldu:

 

- Ağa Laçınlı, – dedi – bunu mənə deməsən də olardı, elə özün də gedə bilərdin. Hüseyn Kürdoğlunu da götür, get o rəis müavininin yanına, de ki, Musa Ələkbərli evlənməlidi. Yaşı ötür, “Gənclik” nəşriyyatında arvadların-qızların içindədi. Allah eləməmiş, əlindən bir xata çıxar, biabır olarıq.

 

Mən qıpqırmızı qızardım, pərtlikdən yanaqlarım od tutub yanırdı. Ağa müəllim qəhqəhə çəkib gülür, Əli müəllimlə lap tay-tuşu kimi zarafatlaşırdı.

 

Səhərisi gün xətrini dünyalarca istədiyimiz Hüseyn Kürdoğlu, Ağa Laçınlı və mən rəis müavininin yanında olduq. Məsələ yoluna qoyuldu. 1978-ci ilin noyabr ayında qohumumun mənə ayırdığı yerdə gecənin birində bir otaq – gecəqondu yapa bildik və bu gecəqondu mənim və şair qardaşlarım Bəhlul Ataxallının, Gəray Göyyurdun gələcək taleyində, demək olar ki, həlledici rol oynadı. Üçümüz də bu balaca evdən pərvazlanıb ev-eşik olduq.

 

Ağa Laçınlı bizim böyük qardaşımız idi. Bir xeyli aradan keçəndən sonra qardaşım Bəhlulla bu evə çarpayı, kitab şkafı və televizor almaq üçün mağazaya yollananda yolda Ağa müəllimə rast gəldik. Harasa bərk tələssə də, bizi buraxmadı:”Ə, mən də sizinlə gedim, – dedi – sizi aldatmasınlar, bir isbatlı şey alaq”.

 

Hələ onu unutdum deyəm ki, gecəqondunun inşa olunduğu o gecə Ağa müəllimin xahişi ilə filologiya fakültəsinin axşam şöbəsinin altı-yeddi tələbəsi də mənim köməkçim oldu.

 

Hə, Ağa müəllim bizimlə getdi, həqiqətən də iki yaxşı çarpayı, bir kitab şkafı, bir dənə də ağ-qara televizor aldıq. Gəldik çarpayıları, şkafı yerbəyer elədik, televizoru quraşdırıb süfrə açdıq. İlk dəfə bu evdə Ağa müəllimin qardaş xeyir-duasını eşitdim. Ağa müəllim burda mənə Gədəbəyə getməyimizi, kənddəki birotaqlı ata evimizi xatırlatdı və “Musa, – dedi – indən sonra var qüvvənizi cəmləşdirib kənddə əməlli-başlı bir ev tikdirin. Qohumdan-qonşudan seçilmək, geri qalmaq çətindir, xüsusən də kənd yerində. Allah qoysa gedərik, görərsən qardaşım Əliylə birlikdə biz də Oğuldərədə yaxşı bir ev tikdirdik. Məlik müəllim o az maaşıyla sizi böyüdüb, oxudub, siz də o kişini el-oba içində sınmağa qoymayın”.

 

Ağa müəllimin bu sözləri qulağımızda sırğa oldu. Aradan üç-dörd il keçəndən sonra kəndimizdə dördotaqlı, geniş dəhlizli, şüşəbəndli böyük bir ev inşa etdirdik. Atamın-anamın fərəhi yerə-göyə sığmırdı. İndi bu sətirləri yazdığım zaman o günlər üçün burnumun ucu göynəyir. Onu da deyim ki, Ağa müəllimin kiçik qardaşı Əli sifətcə mənə çox oxşayırdı. Birgə oxuduğumuz universitet illərində müəllimlərin və uşaqların bəzisi məni Ağanın qardaşı sayırdılar. Ağa müəllim bundan xəbər tutanda “Elə hər ikisi mənim qardaşımdır” deyərdi.

 

Eh, nə yazım, Ağa ilə bağlı xatirələrim bitib-tükənməzdir, bir yazıya, beş yazıya sığası deyil. Mən bu yazıya nöqtə qoymaq istəyəndə Ağanın o sözləri yenidən qulaqlarımda səsləndi. O sanki indi deyirdi: “Ə, Musa, yazsan bu xatirələri. Bəs nə vaxt yazacaqsan? Bəlkə mənim dirilib qayıtmağımı gözləyirsən?!” Mənsə ona xəyalən cavab verirəm: Sən ölməmisən, Ağa Laçınlı, sən yaşayırsan, şeirlərinlə, o təmiz, büllur şəxsiyyətinlə, sonsuz xeyirxahlığınla, dosta-qohuma yanımcıllığınla, duzlu-məzəli zarafatlarınla, ağır-ciddi görkəminlə, hər məni görəndə “hələ mən kəsə deyirəm”, “sözün qısası” deyə uzatdığın söhbətlərinlə... O söhbət söhbət xatirinə olmurdu, o söhbət cani-dildən gəlirdi, ürəyinin tac damarından süzülürdü. Sən doğmalıq mücəssəməsiydin, Ağa Laçınlı...

 

Yerin behişt, torpağın qu tükündən yumşaq olsun. Səni torpaq dərdi əritdi. Sən Ağa Laçınlı idin, Laçınsızlığa dözə bilməzdin! Anan haqq dünyasına qovuşanda “Anam anasından ayrı yatır” deyib kövrəlməyin bu gün də gözlərimin qabağındadır. Balalarından nigaran getməyin də məni yaman ağrıtdı. Gərək onların toyunu görəydin, gərək nəvələrin başına toplaşaydı, gərək onların sayını itirəydin...

 

Bu “gərək”lərin hamısını sadalasam “sözün qısası”ndan qisas almalıyam. Hələlik, Ağa Laçınlı! Mənim şair qardaşım, mənim kimi səni yaxından tanıyanlar ölümünə heç vaxt inanmayacaqlar. Sən ölüm körpüsünü keçib ölümsüzlüyə qovuşdun, Ağa Laçınlı! Ölümsüzlüyün mübarək, əbədiyyətin uğurlu olsun!

 

 

Musa ƏLƏKBƏRLİ 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər