Vüqar Bayramov: “Dövlət rezervlərinin bir hissəsinin qızıl ilə saxlanması təklifinin qəbul edilməməsi Azərbaycanı milyardlarla dollar gəlirdən etdi”
Dünya bazarında bir unsiya (31 qram) qızılın qiyməti 1880 dollara qədər yüksəlib. Qiymətlərin bu həddə qədər yüksəlməsi tarixi rekord hesab edilir. Artıq bir qram qızılın qiyməti 60 dollardan baha satılır. Halbuki, bir ay əvvəl qızılın qramı 48 dollar olub. Təkcə son bir ay ərzində qızılın bir unsiyasının qiyməti 20,9% və ya 390 dollardan artıq bahalaşıb. Cari ilin əvvəli ilə müqayisədə isə bir unsiya qızılın qiyməti 25,6% və 480 dollar artıb.
İIqtisadi və Sosial İnkişaf Mərkəzinin açıqlamasına görə, 5 il əvvəl qızılın 1 qramı 16 dollara satılırdısa, qızıl 44 dollar bahalaşıb: “Amerikada müşahidə edilən böhran, eləcə də defolt təhlükəsinin olacağı ilə bağlı narahatçılıq qızılın dünya bazar qiymətinə təsir edib. Bir ay əvvəl 1 qram qızıl 50 dollar təşkil edibsə, indi qızıl 60 dollardır. Son bir ayda qızılın qiyməti 15,3 faiz artıb”.
İqtisadçı-alim Vüqar Bayramov deyir ki, qızılın dünya bazar qiyməti birmənalı şəkildə dünya iqtisadiyyatında müşahidə edilən proseslərlə bağlıdır: “Yəni dünya bazarında qızılın bahalaşması qiymətli metala olan tələbatın həm investorlar, həm də vətəndaşlar tərəfindən tələbatın artmasına səbəb olub. Belə ki, böhran təhlükəsi, səhm və digər bazarlarda müşahidə edilən böhran investorların daha çox qızıla investisiya qoymasina gətirib çıxarıb”.
Mütəxəssisin sözlərinə görə, yaxın zaman üçün qızılın qiyməti dünya iqtisadiyyatında baş verəcək proseslərdən asılı olacaq: ”Qızılın qiymətində müşahidə edilən son 10 illik dəyişikliklərə nəzər salsaq görərik ki, qızıl bu illər ərzində ucuzlaşmayıb. 2000-ci ilin dekabr ayından bu günə qədər qızılın qiyməti 7 dəfədən çox artıb. Həmin vaxt qızılın bir qramı 8,6 dollara satılıb. Qiymət illik artımı ən çox 2009-cu ildə qeydə alınıb - 33,6%. 2008-ci ilin dekabr ayının ilk günlərində qramı 25,6 dollardan satılan qızıl bir il sonra 38,5 dollara satılıb. Bununla belə, 2011-ci ildə qızılın yeni rekord artım təzələyəcəyi gözlənilir”.
Xatırladaq ki, qlobal maliyyə börhanı başlayan zaman İqitisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycan rezervlərinin bir qisminin qızılda saxlanılması təklifi ilə çıxış etmışdı: “Təklif hökümətdə müzaikrə edilsə belə, bu barədə qərar qəbul olunmadı. Azərbaycan rezervlərinin 70 faizi dollarda, qalan hissəsi avroda saxlanılır. Bu da rezervlərin idarə edilməsindən əldə olunan vəsaitlərin kəskin artmasına gətirib çıxarmayıb. Rezervlərin strukturuna nəzər yetirsək, rezervlər daha çox neft satışından əldə olunan vəsaitlər hesabına formalaşıb. Dövlət rezervlərinin idarə olunmasından əldə edilən gəlirlərin həcmi kifayət qədər azdir. Hesablamalarımız göstərir ki, böhran başlayan zaman rezervlərin bir qisminin qızılda saxlanmasına dair qərar verilsəydi, real həcm mövcud məbləğdən – 38 milyard dollardan çox olardı. Praktiki rezervlərin bir qisminin qızıla çevrilməsi barədə təklifin qəlub edilməməsi nəticəsində böhran başladıqdan sonra təxminən 10 milyard dollara yaxın potensial itki ilə üzləşilib”.
Mütəxəssis hesab edir ki, qızılın qiymətindəki hazırkı artımları nəzərə alsaq, dövlət rezervlərinin müəyyən hissəsinin pilləli şəkildə qızıla çevrilməsi yönündə addım atılmalıdır: “Yubanlamalara baxmayaraq bu işə başlanılması vacibdir. Çünki Amerikada və Avropada baş verən səhm böhranı uzunmüddətli olacaq. Hətta böhran gələcəkdə real sektora da keçə bilər. Hansıki bu investorların öz vəsaitlərini daha çox qızılda saxlamasına səbəb ola bilər”.
Modern.az