Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.
Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir.
***
Ailə - kişinin qalasıdı
1982-ci ilin payız günlərinin birində baş vermiş bu məzəli, eyni zamanda ibrətamiz əhvalat sürətlə hər yerə yayıldı və, qəzetçilər demişkən, ictimai rezonansa səbəb oldu. O günlər Cəbrayılda iki tanış üz-üzə gələndə salamlaşan kimi dərhal əhvalat haqda bir-birinin fikrini öyrənirdi. Bir sözlə, Bəybala Mehbalıyevin çoxbilmişliyindən ləzzət alan da var idi, onun öz ailəsinə, xüsusən də həyat yoldaşına hörmətinə həsəd aparanlar da.
Əhvalat isə belə olub.
Bəybala Mehbalıyev mərkəzi stadionun yanındakı köhnə kələsərlikdə yaxşı bir ev tikdirmişdi.
Küləkli bir gün Bəybala Mehbalıyev Bakıdan qayıdırmış. Evə çox gec, gecə saat 04.00 radələrində çatır. Gəlib darvazanı döyür, amma küləyin vıyıltısından yoldaşı Ziba xanım səsi eşitmir.
Mehbalıyev məcbur olur ki, yoldaşını səsləsin, amma bir az götür-qoy eləyib başlayır öz adını çağırmağa:
-Ay Bəybəla! Ay Bəybala!!!
Beləcə, özünü bir neçə dəfə çağırandan sonra həyat yoldaşı yuxudan oyanır və gəlib darvazanı açır.
Ertəsi gün tezdən qonşusu Əsəd müəllim onu görüb şikayətlənir:
- Mehbalıyev, gecə qoymamısan yataq! A kişi, o nə idi, niyə arvadın Ziba bacını yox, özünü çağırırdın?! Buda təzə çıxıb?
-Əsəd müəllim, bilirsən məsələ nə yerdədi? Mənim səsimi sən tanıyirsan, o biri qonşumuz Abdıyev Qiyas tanıyır, arvadımı çağırsam, biləcəkdiniz ki, mən idim. Amma səsimi tanımayanlar da ola bilər axı! Deməzlər ki, a bala, görəsən Bəybalanın arvadını gecə saat 4-də çağıran kişi kim idi?!
***
Katibin qəbulu
Mərcanlı kəndinin sakinləriylə söhbət eləyəndə iki sözlərindən biri “İmamqulu kişi demişkən...” olur, çünki İmamqulu kişinin hər vəziyyətlə bağlı bir gülməcəsi var.
İmamqulu kişi hər şeyi öz adı ilə deyən adam olduğundan, dediklərini yumşaltmağa çalışacam. Ümid eləyirəm ki, Siz onun dediklərinin orijinal variantını rahatca ehtimal eləyəcəksiniz.
Bir dəfə Kamal Ağayevin (Cəbrayılın 70-ci illərdə birinci katibi olub) qəbul günü imiş. Qəbulda on beş-iyirmi adam varmış. Xahiş eləyən kim, şikayət eləyən kim, məsləhət istəyən kim... Hamı bir-bir danışır, dərdini Kamal Ağayevə deyir, o da dəftərində qeydlər aparır, qəbula gələnlərin hərəsini bir cür yola salırmış.
İmamqulu kişi də qəbula gəlibmiş. Növbəsi axıra yaxın imiş. O, özündən qabaqkılarla birinci katibin söhbətini eşidir, öz işinin alınacağına ümidi getdikcə azalır. Pencəyini götürüb qəbul otağından çıxan anda Kamal Ağayev onu səsləyir:
- A kişi, niyə getdin?
- Nə bilim, yoldaş Ağayev, dedim tay vaxtınızı almayım, - İmamqulu kişi könülsüz deyir.
- Kişi, bu gün qəbul günümdü, vaxtımı almırsan, sözünü de.
- Yoldaş Ağayev, mal-heyvanın otu qurtarıb, gəlmişdim xahiş eləyəm, bəlkə kolxozların birinə tapşırasınız bir az ot versinlər.
Kamal Ağayev təəccüblə ciyinlərini çəkir:
- Yaxşı, bəs sözünü deməmiş niyə çıxıb gedirdin?
- Nə bilim vallah, yoldaş Ağayev, - İmamqulu kişi ürəklənir, - hərənin əlinə bir zurna verib yola salırdın, dedim zurna çalmaqdansa elə üzüsulu gedim.
Kamal Ağayev və növbəsini gözləyən bir neçə adam uğunub gedir.
Ertəsi gün İmamqulu kişinin qapısında yonca dolu bir maşın dayanır...
***
Leninin “naxələf” nəvələri
Bir dəfə İmamqulu kişi yenə raykoma gəlir. Kimdənsə şikayəti varmış. O otağa girir, bu otağa girir, günah İmamqulu kişinin özündə olduğundan, işi düzəlmir. Çıxır durur raykomun ikinci mərtəbəsinin dəhlizində qoyulmuş Leninin büstünün qabağında, başlayır şikayətlənməyə.
Mürşüd oğlu Təbriz (Səfərov) onu təsadüfən bu vəziyyətdə görür:
- İmamqulu kişi, heykəllə nə danışırsan belə?!
- Heç, a bala, Leninə şikayətlənirəm. Bayaqdan ona deyirəm, a Lenin, sənin nəvələrinin hamısı niyə belə g..t çıxdı!?
Təbriz müəllim artıq söz-söhbət olmasın deyə İmamqulu kişini pişim-pişim raykomdan aralaşdırıb bir maşına oturdub Mərcanlı kəndinə yola salır, özü isə kabinetinə qayıdıb yarım saat qəhqəhə çəkir.
***
Xəstəxanada
Bir dəfə İmamqulu kişi bərk xəstələnir. Cəbrayıl mərkəzi xəstəxanasında bir ay yatır. Bu bir ay ərzində ona yoluxmağa Mərcanlıdan heç kim gəlmir. Kişinin gözü pəncərədə qalır.
Bir gün İmamqulu kişi tibb bacısını çağırır:
- Qızım, Mərcanlıya xəbər göndər ki, İmamqulu keçinib.
- Ay dayı, mən elə söz deyə bilmərəm, məni işdən qovarlar.
İmamqulu kişi əlacsız qalıb yenə gözünü pəncərəyə zilləyir.
Tibb bacısını maraq götürür ki, bu kişi niyə öz ölüm xəbərini yaymaq istəyir. Yaxınlaşıb İmamqulu kişidən ehtiyatla bunu soruşur.
İmamqulu kişi dişlərini bir-birinə qıcayıb cavab verir:
- Sən xəbər göndərsən ki, mən ölmüşəm, a bala, bütün Mərcanlı tökülüb gələcək bura. Mən də onların hamısının var-yoxunu sıraya düzüb yağlayıb deyəjəm ki, a köpək uşağı, indiyə qədər harda itib-batmışdınız?!
***
Gözün var?!
1977-cü il. Ölkədə pambıq yığımının pik vaxtı... Bakıdan göstəriş vardı ki, respublikanın hər yerində “məmə” deyəndən “pəpə” yeyənə qədər hamı pambıq yığımına cəlb olunsun. Müəllimlər, həkimlər, mühəndislər... –hamı belinə fartuk bağlayıb ölkənin “ağ qızıl” hədəfinə töhfə verməli idi.
Camaatı bir nəfər kimi pambıq yığımına cəlb etmək öndə raykom işçiləri olmaqla, kommunistlərə tapşırılmışdı.
Qorxmaz Bayramovla Arif Xəlilov Cəbrayıl rayon partiya komitəsində işləyirdilər, yəni kommunistlərin ön cərgəsində idilər. Yaxın dost idilər, bir-birinə ərk eləyirdilər.
Səhiyyə işçilərini pambıq yığımına səfərbər etmək Qorxmaz Bayramovla Arif Xəlilovun boynuna düşmüşdü. Ona görə də, hər ikisi səhərin gözü açılmamış xəstəxana şəhərçiyinin darvazası qabağında həkimləri, tibb bacılarını gözləyirdilər.
Arif Xəlilovun evlənmək yaşı xeyli keçmişdi. Nə qədər axtarırdısa da, özünə bab bir qız tapa bilmirdi. Seçim meyarı sadə olsa da, iddialı idi: “Qız gərək çox göyçək olsun, vəssalam!”. Bunu hamı bilirdi, ona görə də kim hətta televizorda da göyçək bir qız görürdüsə, Arif Xəlilova nişan verib atmaca atırdı. Arif Xəlilov özü də bütün bunlardan bezib arzuladığını tapacağına ümidini itirmişdi.
Dediyim kimi, Arif Xəlilov Qorxmaz Bayramovla xəstəxana darvazasının qabağında gələnləri avtobuslara mindirirmişlər.
O vaxt Azərbaycan Tibb İnstitutundan Cəbrayıl xəstəxanasına təcrübə keçmək üçün üç tələbə qız göndəriblərmiş. Qızların üçü də əsl mələksima imişlər.
Qorxmaz Bayramov qızları görən kimi çiçəyi çırtlayır. “Əla! Bu qızlar əsl Arif istəyəndi!” –düşünüb Arif Xəlilova baxır, amma görür ki, dostunun gözü yol çəkir, fikri hardasa uzaqlardadı, qızlara tərəf baxsa da, onları görmür.
Qızlar onların yanından ötüb keçir.
Qorxmaz Bayramov hirslə Arif Xəlilova yaxınlaşır. İki barmağını haçalayıb onun gözlərinə soxur.
- Qorxmaz müəllim, nağarırsan, gözümü çıxartdın e! –Arif Xəlilov diksinmiş halda dillənir.
- Nə göz?! Hanı, sənin gözün var?!! –Qorxmaz Bayramov sonra da Arif Xəlilovun burnundan yapışıb onun üzünü qızlar gedən tərəfə döndərir, - gözün olsaydı, o gözəllikdə qızları görərdin!
Bu əhvalatdan sonra Cəbrayılda adamlar subay bir oğlanın diqqətini yoldan keçən göyçək bir qıza çəlb eləmək istəyəndə, sadəcə bərkdən deyərdilər: “Qorxmaz Bayramov!”.
***
Tanrıverdi ixtisasını dəyişir
Tinli kəndinin Heydərxanlı tayfasından olan Allahverdi oğlu Tanrıverdinin bədahətən yaxşı şeir deməyi vardı. Tanrıverdi, indiki dillə desək, fermer idi – qoyun-quzu saxlayar, böyüdüb satıb ailəsini dolandırardı. Özündən ixtisasını soruşanda deyərdi: “Çöldə çıçəkləri sayıram”.
Tanrıverdinin Tinlinin aşağısında yarım hektara yaxın tut bağı vardı, vaxtı olanda cəkillərin qol-qanadını qırıb qartlaşmağa qoymurdu (buna qarıtlaşmaq, kahırlaşmaq da deyirik).
O vaxt ölkənin ipəyə ehtiyacı artmışdı deyə, hökumət adamları barama istehsalına həvəsləndirirdi. Kim barama becərmək istəmirdisə, tut bağını əlindən alıb barama becərmək istəyənlərə verirdilər.
Tanrıverdi seçim qarşısında qalır – ya bağı saxlamaq üçün barama becərmək, ya da qoyun-quzu bəsləmək. Seçim baramanın üstünə düşür.
Tanrıverdi sürüsünü bir tanışına müvəqqəti təhvil verir, özü də barama qurdunun toxumu paylanan məntəqəyə gedir.
- Hə, xoş gəlmisən, Tanrıverdi kişi, - anbardar barama toxumu olan qutunu ona uzadır, - adambaşına norma 19 qramdı.
- Nə?! 19 qram? Əşi 19 qramdan nə çıxar?! O qutudan dörd-beş dənəsin ver görüm!
- A kişi, ağlın sənin gördüyün qurda-canavara getməsin ha! Onlar bir-iki dişləm alıb qaçırlar. Bu qurdlar isə adamı diri-diri yeyər, - anbardar Tanrıverdini xəbərdar eləyir.
- Ver gəlsin, narahat olma, bunun nə canı var ki, nə də yesin.
Tanrıverdi beş pay (95 qram) toxum alıb evə gətirir. Özü barama saxlamağın yolunu bilmədiyindən, qonşusu Anaxanım arvadla məsləhətləşib işə başlayır. 95 qram toxumu xəlbirə boşaldıb isti yerə qoyur. Elə ki, toxumlardan mürcə çıxır, “fəlakət” başlayır...
Barama saxlayanlar 95 qram toxumdan çıxan mürcəni becərməyin nə demək olduğunu gözəl bilir, ona görə də Tanrıverdinin çəkdiyi zillətdən uzun-uzadı danışıb başınızı ağrıtmaq istəmirəm. Bircə onu deyim ki, toxumu evə gətirəndə çəkisi 110 kilo olan Tanrıverdi baramanı təhvil verəndə arıqlayıb 55 kilo qalmışdı.
Bu hadısə Tanrıverdinin bir bənd şeirinə görə dillərə düşüb. Tanriverdi sürətlə çəkisini itirən günlərin birində saatbasaat böyüyən qurdlara baxib nalə çəkir:
Çobanlıqdan qaçan canım,
Qəhət oldu peşə sənə?!
Ay ələkdəki, xəlbirdəki,
Dözməz dağ-daş, meşə sənə!