Yeni il gəldi. 2012-ci təqvim ilinə qədəm qoyduq. Yeni ilin əsas atributunun Şaxta baba olduğunu hər kəs bilir. Onun gəlişini ən çox gözləyənlər isə uşaqlardır. Şaxta baba bütün dünyada uşaqlara hədiyyə paylayan xeyirxah adam kimi tanınıb.
Şaxta baba qırmızı kürk geyinir, onun başında qar papaq, çiynində xurcun olur, əlində isə əsa tutur, uzun ağ saqqala, qırmızı buruna malikdir. Onu hər ölkədə bir cür çağırırılar:
Azərbaycanda Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Bolqarıstanda Dyadyo Koleda, Albaniyada Babadimpi, Böyük Britaniyada Faze Kristmas, Yunanıstanda Aqios Vasilis, Danimarkada Yulemanden, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Makedoniyada Dedo Mraz, Hollandiyada Kerstman, Norveçdə Yulebukk, Polşada Svetiy Mikolay, Portuqaliyada Pay Natal, Rumıniyada Moş Krakiun, Slovakiyada Yejişek, Sloveniyada Dedek Mraz, Türkiyədə Noel Baba, Finlandiyada Youlupukki, Fransada Per Noel, Çexiya və Macarıstanda Mikulaş, Serbiya, Çernoqoriya, Bosniya və Hersoqovinada Dada Mraz, İsveçdə Yultomten, İndoneziyada Sinterklas, İranda Baba Noel, ABŞ və Kanadada Santa Klaus, Braziliyada Papay Noel, Çilidə Viejito Paskuero, Afrika ölkələrində Papa Noyol, İraqda Goosaleh, Əfqanıstanda Baba Çakalo, Estoniyada Jouluvana, Litvada Kaledu Snelis, Özbəkistanda Ayoz Bobo.
Bakıda dekabrın sonlarından Şaxta baba və Qar qızların fəaliyyətinə icazə verilib. Parklarda uşaqları əyləndirən Şaxta baba və Qar qızlar yanvarın 13-dən öz işlərini bitirəcəklər.
Şaxta baba və Qar qız roluna girən bu şəxslər keflərindən bunu etməyiblər, az-çox qazanmaq istəyi onları buna məcbur edib. Bəs gerçəkdə onlar kimdirlər, Şaxta baba və Qar qız rolunu oynamaq özlərinin də xoşuna gələrimi?
Elə bu sualla onlara yaxınlaşıb cavab istədik. Üz tutduğumuz məkanda – Dənizkənarı bulvarda bəziləri bizi yaxına buraxmasalar da, söhbətləşməyə bir neçə Şaxta baba və Qar qız tapa bildik.
Şaxta baba Elşən Dəmirov Xırdalan şəhərində yaşayır. Deyir ki, gündəlik qazancı ən yaxşı halda 15 manat, ən pis halda 10 manat olur. Yalnız 31 dekabr tarixində ona 20 manat verilib. Elşən deyir ki, dostları vasitəsilə bu müvəqqəti işə düzəlib. Başqa bir iş yiyəsi deyil.
Ev təmiri ustası olan Əlləz İsmayılov da bulvarda müvəqqəti olaraq Şaxta baba rolunda çıxış edir. Deyir 15-20 günlük Şaxta baba rolunu oynamaq bəzilərinə asan görünə bilər, amma belə deyil. “Uşaqların, onların valideynlərinin nazı ilə oynamalı olursan, bütün günü ayaq üstə dayanmaq adamı əldən salır. Amma neyləyək, bu mövsümi fürsətdən istifadə edib beş-on manat qazanmaq lazımdır”.
Zarina Bədəlova adlı Qar qız Xaçmazdandır. Heç yerdə daimi işləmir. Qar qız roluna görə ona gündəlik 20-30 manat verilir. “Çalışırıq uşaqları əyləndirək”-deyə Zarina Qar qız rolunu oynamaqdan gerçəkdə xoşlanmır, amma o da bu mövsümi işdə çalışmağa məcbur olub.
Şaxta baba Rəşid Əliyev Bakı şəhərində yaşayır. Sürücü işləyir. “Uşaqlar üçün mahnı oxuyuruq, şeir deyirik, nağıl danışırıq.Bir sözlə, bizə yaxınlaşan uşaqları əyləndirməyə, valideynlərinin xoşuna gəlməyə çalışırıq ki, beş-on manat irəli düşə bilək”.
Onun Qar qızı rolunda Esmira Babayeva adlı xanım oynayır. Esmira da Bakı şəhərində yaşayır. “Bu iş müvəqqətidir. Daimi işim dükanda satıcılıqdır”.
Bir başqa Şaxta baba və qar qızla söhbətləşirik. Şaxta baba – Orxan Rəsulov deyir gündəlik qazancdan narazı deyil- 30 manat. Fotoqraf işləyən Orxan Yeni il ərəfəsində Şaxta baba olmaq fürsətini də əldən qaçırmır.
Onun Qar qızı – Dilarə Abdülbəyova da günəmuz gəlirindən narazılıq etmədi. Adını demədiyi restoranda rəqqasə kimi fəaliyyət göstərən Dilarə bayramlarda Qar qız rolunda çıxış etməkdən ləzzət alır.
Anar Kəlbiyev