Əvvəli burada - //modern.az/az/news/199143
Telli xala: “Uzanırdım qarın içində, deyirdim qoy mən də balam kimi qarda ölüm, buzlayım, donum...”
Analar yanar ağlar
Dərdini sanar ağlar.
Dönər göy göyərçinə
Yollara qonar ağlar.
Bayatılarımızdan
Səksəkəli 25 il
Nəhayət, sizləri Telli xala ilə görüşdürürəm, əziz oxucular! Qarşımda itkin-şəhidimizin anası Telli xala əyləşib. Vətən, namus, qeyrət, böyük AZƏRBAYCANÇILIQ dəyərlərinin qorunması yolunda canını düşmən qabağında sipər eləmiş, taleyi sirli-qaranlıq əsgərimiz Xəqaninin anası ilə...
Onunla görüşünüzü özüm indiyə saxlamışam. Xəqani barədə bütün mümkün məlumatlarla tanış olandan, belə bir vətənpərvər soydaşımızı dərindən tanıyandan sonra Telli xalanı – itkin-şəhidimizi dünyaya gətirib-böyüdən ananı görmək, dinləmək sizlər üçün çox arzuolunandı yəqin. Dərd-sərini nə qədər ümumiləşdirsək, hamımızın dərd-səri sırasında görməklə onu ovundurmaq istəsək də, övlad itkisinin ağrı-acılarını, dözülməz iztirablarını canında, damarlarında donan qanında, iliklərində yaşadan ANA ilə həmsöhbət olmaq çox ağır gəlir mənə. Heç bir təsəlli verə bilməyəcəyim Telli ananı ovundurmağın nə qədər çətin olduğunu onun oğlanları Qinyazla, Elçinlə, Gündüzlə, digər doğmaları ilə söhbətlərimizin məğzindən yaxşı bilirsiniz artıq. Düzdü, bu təbəddülatları bütün həmsöhbətlərimlə təmaslarım zamanı yaşamışam. Ancaq Qinyazla, Elçinlə, Gündüzlə danışmaq bəlkə də asan idi. Telli xala ilə sadəcə görüşməyin özü belə mənə çox çətindi. İtirilmiş torpaqlarımızın fonunda, həmçinin itirilmiş insan, övlad, ciyərparə, Xəqani…bu ANAnı danışdırmalı, ümidləndirməli, başlıcası bu müqəddəs adın ağırlığı qabağında duruş gətirməlisən. 25 ildir Xəqanini bağrına basıb təskinləşmək nidası ilə yol gözləyən ANAnın... Qoy bu şərəfli adı ölməz dramaturq-şairimiz Cəfər Cabbarlının “ANA” haqqında bütün poetik nümunələrə meydan oxuyan məşhur əsərinin ikicə bəndinin dili ilə təqdim edək:
- Bunlar mənə əsər eylərmi! Mütləqa yox, yox,
Fəqət ana!O müqəddəs adın qabağında
O pak bağrına basıb məni desin lay-lay
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalərə o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz
Ana!Ana, sənə mən rahibəm itaətdə.
Xəqaninin itkin taleyindən dolayı yaranan ürək parçalayan nəticəsiz axtarış olaylarından tutmuş, elə ürəkləri dağlayan bəsit düşüncəli məişət söhbətlərinə qədər nələr yaşanmayıb 25 ildə bu ananın həyatında?! Bütün 25 ili səksəkə içində yaşamağın nə demək olduğunun təfərrüatlarını artıq ardıcıllıqla sapa da düzə bilmir Telli xala. Çəkdiyi iztirablar yəqin yaddaşını da korşaldıb itkin-şəhidimizin anasının. Onun Xəqaninin nakam taleyinə “Adsız qəhrəman” adlı poema həsr etmiş şairə Nəzakət xanıma illər öncə söylədikləri ilə müqayisədə illər sonra mənə söylədikləri arasında böyük fərqləri tutuşdururam. Bəs artıq müəyyən hissəsindən xəbərdar olduğunuz poema necə yaranıb?! Bir çox mətləbləri aşkara çıxarmaqdan ötrü sonradan Nəzakət xanımı da dilə tutmalı oluram...
...Telli xala səksəkəli yaşadığı, həyətdə, evdə, yolda hər bir maşının əyləcinin səsindən təşvişə düşüb “birdən maşından Xəqani düşüb gələr!” deyə tez-tez ürəkləndiyi, lakin hər dəfə də ümidinin boşa çıxmasından sarsılıb yerində büzüşüb oturduğu günlərin birində təsadüfən Nəzakət xanım Telli xala ilə görüşməli, hətta bir otaqda gecələməli olur. Telli xalanın artıq həyat tərzinə çevrilmiş səksəkəli anlar bəzən günlərlə onun gecə yuxularına da haram qatırmış. O, gecələri də sübhə qədər eyni təşviş içində - qulağı bayırdan Xəqanini gətirəcək bir maşın səs-səmirinin həsrəti ilə səhərədək “dirigözlü” açırmış. Nəzakət xanım həmin dirigözlü gecələrin birinin şahidi ola bilibmiş, sən demə. Belə ki, şairə səhər açılana qədər Xəqanidən - onu bir an da tərk etməyən oğul itkisinin arxasınca buraxdığı sağalmaz yaralardan, oğlunun nakam taleyindən, uşaqlığından, kənddəki həyatından, işgüzarlığından, əsgər getməsindən, ali məktəbdə oxumasından, Qarabağa yollanmasından, nişanlanmasından, nişanlını necə seçməyindən, nişanlısının illərlə bu sevgiyə sədaqət göstərməsindən, oğlu itkin düşəndən sonra onunla xoş rəftarından və bitib-tükənməyən irili-xırdalı bütün olaylardan danışan Telli xalanın özü kimi həmin gecəni dirigözlü açan qonağına çevrilibmiş. Uzun gecəni əfsanələşmiş həyat həqiqətini bir azərbaycanlı və təbii ki həm də şairə marağı ilə dinləyibmiş Nəzakət xanım...beləcə ərsəyə gəlib əvvəlki yazılarda Xəqani ilə ilgili hissələrini oxuduğunuz “Adsız qəhrəman”. Bu yazımızda poemanın Xəqaninin nişanlısına həsr olunmuş parçaları ilə də tanış olacaqsınız:
- Üzünü söykəyib qara bəxtinə,
Hər gün bulud-bulud bir gəlin ağlar.
Boyunu doyunca oxşamadığı
Bir nakam sevginin heykəlin ağlar.
Üzünə dağılan qara saçları
Qara kağızıdır qara sevdanın.
Ömrün baharında lalələr kimi,
Düşüb sinəsinə yara sevdanın.
İnsan itkinliyinin cızdığı müdhiş mənzərə...
...Nitqi rabitəli olsa da, qırıq-qırıq danışır Telli xala. Əlbəttə, asan deyil ona danışmaq. Həm də bu qeyri-müəyyənlikdən danışmaq. Fikrimcə, Xəqaninin qaranlıq taleyini illərlə düşünmək onun düşüncələrini də yorub. Nə qədər ah-nalə çəkmək olar?! Nə qədər özündən yalandan da olsa işıqlı xəyallar qurub bu aləmin içində xəyallar üstündə yaşamaq olar?! Nə qədər gerçəklikdə addım səslərindən sevinib, bəzən hətta uşaq sevincilə qapıya qaçmaq və sevincin illuziyadan başqa heç nə olmadığından peşmançılıq hissi keçirmək olar?! Yazıcı İsa Hüseynovun ssenarisi əsasında çəkilmiş məşhur “Tütək səsi” filmində oğlu cəbhədən qayıtmayan İsfəndiyar kişinin qulağının saz səsi eşitdiyi və bu obrazı canlandıran gözəl aktyorumuz Məmmədrza Şeyxzamanovun ahıl yaşında necə qaça-qaça evə gəldiyi səhnəni hamınız görmüsünüz. Bütün kənd camaatının müşayiəti və təəccüblü baxışları altında evinə qədər qaçan qoca son anda nəyin şahidi olur: həmişəki kimi evdə bir gəlin, bir nəvə və İsfəndiyar kişinin qulaqlarında səsi əks-səda verən, əslində isə həmişəki kimi oğlunun gedişindən sonra divardakı xalçanın üzərində asılı qalan susqun saz. Atanın bütün gözləntiləri, ürəyində qurulmuş bayram ovqatı bir anda yox olur. Görün, Telli xala bu halı 25 ildə əri Eyvaz kişinin sağlığında və ondan sonrakı tək çağlarında nə qədər yaşayıb!..
...Amma Telli xalanın yaşantıları təkcə bununla da bitməyib. Oğlu Gündüzün ata evində onunla bərabər həyat sürdüyü zamanlarda baş verən olaylar barədə danışdıqlarından məlumatlısınız. Bunlar Gündüz müəllimin gördükləri, duyduqları, hiss etdikləri idi. O, uzun illər evlərində oğul, qardaş, övlad itkisinin iztirablarından yaşananların bir qismini nəql etmişdi. Daha dərinliklərdə gör nələr var imiş?!.. Əslində şəhidlikdən, ölümdən fərqli olaraq itkinliyin – insan itkinliyinin cızdığı müdhiş mənzərə ananın özündən biixtiyar yol verdiyi hərəkətlərdə nə qədər adekvat görüntülənir. Onunla söhbətimdən bir frazaya diqqət edin. Gündüzlə söhbətimiz zamanı kənardan bizi dinləyən Telli xala özünü saxlaya bilməyib söhbətə qoşulur və nələr söyləyir:
- Birdən görürdüm ki, qar yağıb. Evdəkiləri yuxuya verib düşürdüm həyətə. Deyirdim Xaqan qarda ölüb, görəsən necə ölüb?!.. Gedib xəlvətcə otururdum, uzanırdım qarın üstündə, girirdim qarın içinə. Deyirdim qoy mən də balam kimi ölüm, buzlayım, donum qalım qarda. Qar elə bil bir az soyudurdu yanğılarımı... Birdən fikirləşirdim ki, bəlkə heç ölmüyüb balam?!Evdəkilər duyuq düşürdülər. Gəlib məni ərki çatanı danlaya-danlaya, öyüd-nəsihət verə-verə, ərki çatmayanlar dilə tuta-tuta birtəhər yerdən qaldırıb dartıb aparırdılar evə...
Bu sözləri eşidəndən sonra dərindən köks ötürüb bir xeyli susmalı oluram. Əslində daxilimdəki instikt məni məcbur eləyir susmağa. Bu yaşanmışların qabağında sözlər aciz deyilmi?!.. Səksən yaşını haqlayaraq ölümlü-itimli-qalımlı dünyanın bütün çalarlarını görmüş, öz canındasa onun ən məşəqqətlisini yaşamış Telli anaya hansı təskinliyi vermək olardı bu yerdə?!.. burda sözlər susur, ancaq ananın, valideynin övlad həsrəti, övlad dağından da artıq övlad itkisinin yaratdığı təlatümlü anlar bütün düşüncələrə hakim kəsilir.
Telli xala susqunluğumu görüb özü davam edir söhbətimizə:
- Hər dəfə yollara çıxanda elə bilirdim Xaqan indi qarşıma gələcək, yanımdan ötəcək, istəyirdim elə qalım bu yolların üstündə. Ürəyim həmişə səksəkədə, gözlərim yollarda olub, ancaq ağlamaqla ürəyimi boşalda bilmişəm bu illəri (Gündüzün müsahibəsindəki sözlərini xatırlayırsızmı: heç kimi eşitmədi, o qədər ağladı-sızladı ki bu illəri, axırda gözləri də tutulmağa başladı anamın. Bu sözlər yadıma “Dədə Qorqud” filmində atası Bəyburanın illərlə yollar üstə durub Beyrəyi gözləməkdən, ağlamaqdan gözlərinin tutulmasını canlandıran epizodu xatırlatmışdı mənə. Ata-ana övlad yolunda hər şeyindən, sağlamlığından da keçər, təki ondan xoş bir soraq eşitsin - N.Z.). Hər qapı cırıltısından, hər gülmək, ağlaşmaq səsindən diksinmişəm ki, birdən Xaqanın ya özü, ya da necəsə sorağı gələr. Allah müharibə od-alovunu söndürsün, bir daha heç kimi belə əzaba düçar eləməsin, heç kimə belə dağı göstərməsin! Çəkməklə qurtaran müsibət deyil bu, bala.
“Dedim nişanlısı gəlsin, saxlayım evimdə, ancaq bizdə qalmayıb...”
Hələ Xəqani haqqında o zaman az-çox bəlli olan məlumatlarla tanış olarkən İsmayıllının Gəraybəyli kəndindən belə bir oğulun itkin düşdüyü, itkin düşərkən, daha doğrusu cəbhəyə yollanarkən nişanlı olduğu, uzun illər nişanlısının gəlib qayınanası – Xəqaninin anasının yanında yaşadığı, nəhayət, ananın ona xeyir-dua ilə ailə qurmasına razılıq verdiyi kimi bir qədər tükürpədici, bir qədər insanlıq baxımından yüksək dəyərləndiriləsi faktların olduğunu söyləmişdilər bizə. Telli xala ilə söhbətim zamanı onun yarasının qaysağını qopartmamaq üçün qələm adamına məxsus spesifik yanaşmalarla bu fakta da aydınlıq gətirmək istədim. Bu yanaşmam deyilənlər şəkildə olmasa da, yaranmış söz-söhbətin təfərrüatlarını ortaya qoymaqla yanaşı, bəzilərinin milli mentalitetimizə xas olmayan naqis əməllərini də üzə çıxarmış oldu. Telli xala söylədi ki:
- Evimdə gətirib saxlamamışam. Yaxşı rəftarımız olub. Axıracan bir-birimizin hörmətini, yolunu saxlamışıq. Həm qızın özü, həm də qohum-qardaşı ilə. Bir kəndik, el-obayıq hamımız. Qız da bilirsiz ki, məktəbdə müəllimə işləyirdi. Abırla-ismətlə oturub gözlüyürdü. Necə biz gözlüyürdük, eləcə də o gözlüyürdü. Biz necə məyus olmuşuq bu illəri, o da bizimlə birgə məyus olub, bizimlə dərdləşib, bir yerdə ağlamışıq, bir yerdə susub-sakitləşmişik. Ancaq belə bir pis hadisə baş vermişdi. Bir nəfərin qızla sözləri çəpləşəndə qayıdıb ona sərki vermişdi ki, sən yaxşı adam deyilsən, yaxşı adam olsaydın, nişanlın gedib it-bata düşməzdi, yanında olardı. Bəlkə də daha ağır qaxınclar demişdi ona, ancaq mənə çatdırılan bu olmuşdu. Bax, onda dedim ki, gəlsin qalsın mənim yanımda, saxlayıram özüm. Bu sözü demişəm. Amma gəlib bizdə qalmayıb.
Dəhşətə - mənəvi şikəstliyə fikir verirsinizmi, əziz oxucular! Vətənin, torpağın, namusun, qeyrətin uğrunda kimsə gedib canını qoyur, yaralanır, ölür, düşmən öldürür, hətta itkin düşür, sən isə belə bir insanın, həmyerlinin, eloğlunun taleyinə yanmamağın cəhənnəm, bu böyük, ağır yükü çəkə bilməməyin bir yana, üstəlik onu qınaq obyektinə də çevirməyə ürək edirsən!.. Nə edə bilərik ki... belə təfəkkür daşıyıcıları da var aramızda... Hərə bir düşüncənin daşıyıcısı, hərə bir taleyin yol yolçusudu...
- Vaxt hakimlər hakimidi,
Həyat, varkən yox kimidi.
Yaydan çıxan ox kimidi
Hər ömrün öz hədəfi var.
Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən, şərəfi var.
Ürək fikrin tilsimidi,
Hər qatı bir lay kimidi.
İnsan - göydə Ay kimidi,
Görünməyən tərəfi var.
(Bəxtiyar Vahabzadə)
Şübhəsiz ki, “hər ömrün təkrarlanmayan bir hədəfi, qisməti var”, bəs bu insanları necə tanıyaq, necə bir-birindən ayırd edək, ayın görünməyən tərəflərinə necə nüfuz edək görəsən?!Üstəlik, necə təbliğ edək ki, hamı bu VƏTƏNİ özününkü bilsin, heç olmasa onun uğrunda qurban gedənlərə dəyər versin, axı onlar olmasa heç bu torpaqlar da bizim olmazdı. O zaman nəyin üstündə rahat yaşayıb belə qarğış, sərkinizidə söyləyəcəkdiniz?.. Biz torpaqlarımıza, tarixi yurd yerlərimizə göz dikən ermənilərlə mübarizə, müharibə apararkən...
Əfsuslar olsun ki, dünyamızı çirkləndirən elə bu tipli düşüncələrdir. Maddi çirklənməni təmizləmək üçün nəfsinə qul olmamaq, səliqəsizliyi təmizləmək üçün sadəcə təmizkar, tələbkar, məsuliyyətli ola bilmək yetərlidi. Fiziki şikəstlik tale məsələsi, alın yazısıdı. Ən böyük şikəstliksə təfəkkürün, düşüncənin şikəstliyidi. Hamılıqla bu yöndəmsiz hisslərdən –“qarğış, şər, böhtançılar” kimi tanınmaq xislətindən xilas ola bilsəydik, dünyamız nə qədər gözəlləşərdi:
- Bütün nifrətləri,
xəyanətləri,
Bütün qəzəbləri,
o acıqları
Yıxıb, ayağının altına alıb,
Yaxşılıq əlindən tutub ucalıb,
Tərtəmiz ürəklə, dumduru gözlə
Dünyaya baxanda,
dünya nə gözəl,
Həyat nə işıqlı görünür, Allah!
Tikan da çiçəyə bürünür, Allah!
Cığırlar nə geniş, yollar nə təzə,
Üzlər nə mehriban, dillər nə şirin,
Adamlar nə doğma görünür gözə!
(Musa Yaqub)
Telli xala sonra Xəqaninin yolunu illərlə gözləyən nişanlısının ailə qurmasını da dilə gətirdi:
- Gəldilər, icazə istədilər. Mən də icazə verdim ki, mənim oğlumdan onsuz da xəbər-ətər yoxdu, bala sən get, ailəni qur, xoşbəxt ol. Bunu deməkdən başqa neyləyə bilərdim ki (ağlayır). Bu, Allaha da xoş gedər. Ancaq toya-filana getməmişəm. Getsəydim özümü cilovlaya bilməzdim, pis olardım, o yazığın da məclisində qanıqaraçılıq yaranardı.
- Aydındı. Qızın adı nə idi?
- Mahizər.
- Anası adına Mahizər dedi -
Mahizər olmadı ona taleyi.
Ömrü cilvələndi bir sona kimi,
Bəxti yaşamadı sona taleyi.
Bu necə yazıdır, bağışla Allah!
Tale belə olmur, bəxt belə olmur.
Nə qədər göz yaşı axıdıb bu qız,
Sənin səbr kasan dolmur ki dolmur.
Ümid ürəyindən didərgin düşüb.
Çırpınır ovcunda canı bu qızın.
Fələk ayna tutub göz yaşlarına,
İlahi, sevinci hanı bu qızın?!
Bir üzü gəlindi, bir üzü qızdı,
Bəyaz əllərinin hənası ağlar.
Nə vaxtdı üzünə həsrət qalıbdı,
Gəlin otağında aynası ağlar.
Bu bəxtsiz gəlinin, bu yetim qızın,
Çarəsiz halını kaş ki görəsən.
İlahi, bağışla iltimasımı,
Bəlkə taleyinə əl gəzdirəsən.
(Nəzakət Məmmədova. “Adsız qəhrəman” poeması)
Yuxulardakı, aşkardakı Xəqani...
Telli xala söhbətimiz zamanı artıq yazıya aldığımız, sizlərə də məlum olan bir çox məsələləri dilə gətirdi. Övlad yanğısının onun həyatında yaratdığı dözülməz məqamlardan, həsrətlə Xəqaninin yolunu gözləyən boş qalmış ata yurdundan çox
danışdı. Danışmasaydı da belə, övlad itkisinin onun əsl azərbaycanlı anasına məxsus nurani çöhrəsində buraxdığı silinməz dərin izlər, onun nələr çəkdiyini əyani şəkildə sübuta yetirirdi. Ümidini daha çox Xəqanini tez-tez gördüyü yuxulara bağlayan itkin-şəhidin anasına ünvanladığım sonuncu sual da onun yuxularını çözmək istəyim oldu:
- Telli xala, yuxularında görürsən Xəqanini?
- Görürəm bala.
- Necəgörürsən?
- Əvvəl aşkara gördüyüm kimi. Birdən görürəm ki, atası taya qoyur, bu da yaba ilə ona aşağıdan ot verir. Elə belə də olurdu. Mənim balam çox işgüzar uşaq idi. Birdən yuxuda görürəm sel gəlir. Xaqan da lopatkanı (bel) götürüb gedir selin-suyun qabağını kəssin, ya başqa səmtə döndərsin. Yuxularımda bax belə-belə görürəm...
- Yuxularınız çin olsun!
- Amin!
(Ardı var)