Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, Türk Xalqları Mədəniyyət Vəqfi genəl başqan yardımçısı Azər Həsrət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq müraciət ünvanlayıb. Modern.az saytının məlumatına görə, onun müraciətində deyilir:
Hörmətli Cənab Prezident,
Azərbaycan Respublikası 20 ildən artıqdır ki, ikinci müstəqillik dövrünü yaşamaqdadır. Bu dövr ərzində bir çox sahələrdə milliləşmə aparılmış, dövlətimiz uğurlu idarəetmə sayəsində möhkəm təməllər üzərinə oturdulmuşdur. Əlbəttə ki, Azərbaycanın dünyanın sayılıb seçilən dövlətləri arasında yer almasında şəxsən Sizin rolunuz danılmazdır. Uzun zaman həllini
gözləyən bir çox ümummilli problemləri öz qətiyyətli və qərarlı addımlarınızla həll etməyiniz ondan xəbər verir ki, şəxsən Siz Azərbaycan Respublikasının prezidenti olaraq ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi, onun bizə yad mədəniyyətlərin təsirindən azad edilməsi və özünü təsdiqi üçün durmadan çalışırsınız. Biz, adi Azərbaycan vətəndaşı
olaraq Sizin bu yanaşmanızı təqdir edirik və sevinirik ki, Prezidentimiz bu qədər enerjili bir şəkildə çalışmaqdadır.
Hörmətli Cənab Prezident,
Həlli vacib məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının milliləşdirilməsi ilə bağlıdır. Sizin rəhbərliyiniz altında bu məsələnin də həlli üçün son iki ildə gərəkli addımlar atılmış, soyadların milliləşdirilməsi üçün lazım olan qanunverici baza hazırlanaraq təsdiqlənmişdir. Sevindirici haldır ki, vətəndaşlarımız çox sadə bir əməliyyatla soyadlarımızdakı yad sonluqlardan imtina etmək üçün imkan əldə ediblər. Ancaq təəssüflər olsun ki, bəzən arzu olunmaz bürokratik əngəllər, bəzən də sadəcə səhlənkarlıq üzündən məhz Sizin də rəva bildiyiniz bu proses əngəllənir. Biz başa düşürük ki, hər xırda məsələ ilə ölkə
prezidenti məşğul olmamalıdır. Ancaq nə edək ki, bizim kimi keçid dövrü yaşayan bir ölkədə bəzən sizin kimi mütərəqqi bir Prezidentin nümunəsinə çox ciddi ehtiyac duyulur.
Hörmətli Cənab Prezident,
Bu müraciətimizlə Sizdən xahiş etmək istərdik ki, soyadların milliləşdirilməsində bütün ölkəyə nümunə olacaq bir addım atasınız. Əlbəttə ki, Sizə yol göstərməyin bizim həddimizin olmadığını anlayırıq. Ancaq onu da anlayırıq ki, hər zaman milli mənafelərimizi hər şeydən üstün tutan bir dövlət başçısı olaraq Sizə bu cür müraciətimiz çox gərəklidir. Ona görə də
xahiş edərdik ki, öz soyad sonluğunuzun milliləşdirilməsini gerçəkləşdirməklə xüsusən də Sizə rəğbəti və inamı olan hər kəsin istəklərinə cavab verəsiniz. Biz inanırıq ki, uzun müddət həllini gözləyən bu məsələdə Siz rəhmətlik atanız, Ulu Öndər Heydər Əliyev kimi qətiyyətli
davranacaqsınız. Bir zamanlar Heydər Əliyev Cənablarının latın əlifbasına keçid problemini çevik bir qərarla iki ay içində həll etdiyini biz və bizimlə həmfikir olan minlərlə insan hələ də təqdirlə xatırlamaqdadır.
Heydər Əliyev Cənablarının əlifba problemini həll etməkdə göstərdiyi qətiyyət 70 il öncə Mustafa Kemal Atatürkün soyadlarla bağlı gerçəkləşdirdiyi inqilab qədər və ondan da əhəmiyyətli bir məsələ idi. Və indi Sizin də gəlmiş, keçmiş və tarixə öz damğasını vurmuş böyük liderlər Mustafa Kemal Atatürk və Heydər Əliyev kimi bir əmələ imza atmanız üçün
imkan yaranmışdır. Biz ürəkdən inanırıq ki, Siz də bu məsələdə o böyük liderlərlə bir sırada dayanmağa layiqsiniz və soyadların milliləşdirilməsində atacağınız nümunəvi addımla bunu təsdiq edəcəksiniz.
Dərin hörmət və ehtiramla,
Azər Həsrət
Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı,
Türk Xalqları Mədəniyyət Vəqfi genəl başqan yardımçısı