Milli şüurun oyanışı və milli özünüdərk prosesində,milli düşüncənin formalaşmasında,dünya sivilizasiyası ilə qaynayıb qarışmasında,bir sözlə, millətin inkişaf və tərəqqisində mətbuat böyük rola malikdir.Mətbuatın cəmiyyət həyatına təsiri o qədər güclüdür ki, onu “xalqın görən gözü”, “eşidən qulağı”, “danışan dili” adlandırırlar.Doğrudan da,ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını,məişət və yaşayış tərzini,ictimai-siyasi-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirən,onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitə,ideoloji silahdır.
Dördüncü hakimiyyət sayılan mətbuat cəmiyyətdə xəbərləmə funksiyasını yerinə yetirməklə yanaşı,həm də ,bir növ nizamlayıcı,nəzarətçi rolunu oynayır.İctimai fikrin formalaşması ,kütlələrin məlumatlandırılması bütün dövrlərdə medianın əsas vəzifəsi olub.
Azərbaycan tarixinin ən işıqlı simalarından biri olan, milli mətbuatımızın atası sayılan H.B.Zərdabinin böyük səyi nəticəsində ərsəyə gələn “Əkinçi” qəzetinin xalqımızın milli dirçəliş yoluna qədəm qoymasında,dövlət və dövlətçilk ideyalarının formalaşmasında,ictimai həyata baxışının dəyişməsində oynadığı rol dediklərimizi bir daha sübut edir.Keçmiş sovet dönəmində qəzet “kollektiv təbliğatçı, təşkilatçı, təşviqatçı” funksiyasını yerinə yetirməklə dövlətin əsas ideoloji təsir vasitəsi olaraq, cəmiyyətlə dövlət arasında ideoloji münasibətləri tənzimləyib.
Zaman dəyişsə də, məqsəd və məram dəyilməz qalıb-mətbuat bu gün də cəmiyyətin inkişafında ,onun dünyagörüşünün, ictima-siyasi şüurunun formalaşmasında, milli –mənəvi dəyərlərinin qorunmasında və təbliğində əhəmiyyətli rolunu saxlayır.Mətbuat hələ ki,hazırkı dövrdə də 4-cü hakimiyyət rolunu icra etməkdə davam edir.Bu gün həm də informasiya yayımı funksiyasını təkcə qəzet və jurnallar yerinə yetirmir,radio-televiziya,elektron media, sosial şəbəkələr cəmiyyətə informasiya axınını təmin edir.
Xatırladaq ki, həqiqəti yazmaq,informasiyanı operativ ötürmək bütün dönəmlərdə mətbuatın əsas vəzifəsi sayılıb.Amma bu da var ki, hər bir informasiyanın arxasında mütləq dövləti maraqlarımız dayanmalıdır.Necə deyərlər, “vətənpərvər jurnalistika”ya həmişə ehtiyac olub, olacaq da.
Bu günümüzün media güzgüsünə nəzər salanda,görürük ki,bu ali həqiqəti dərk edən media qurumları ilə yanaşı,çox təəssüf ki, “düşmən dəyirmanına su tökən” həmkarlarımız da az deyil. “Əkinçi” nin saldığı media tarlasında cücərən alaq otlarını görəndə təəssüflənməyə bilmirsən.
Bu gün Azərbaycan müharibə vəziyyətində yaşayır.Bədnam qonşularımız illərdir ki,əzəli dədə-baba torpaqlarımızı zəbt edərək, 1 milyondan çox soydaşımızı vətənində köçkünə çevirib.Erməni terrorunun fitnələri,təxribatları bitib tükənmir,bu problemi çözməli olan beynəlxalq qurumlar isə hələki ikili siyasətlərindən əl çəkməyərək susur.Bütün bu həqiqətlərin dünyaya çatdırılması ölkə mediasının məqsədi, hər bir jurnalistin ən ali vətəndaşlıq və vəzifə borcu olmalıdır.
Amma çox təəssüf ki,bu sahədə vəziyyət hələ ki,qənaətbəxş deyil. Jurnalistlərimizin vətəndaş mövqeyi nümayiş etdirərək dünya mediasında bu barədə danışması vacib ikən, “sapı özümüzdən olan baltalar” əksini edir, ölkədə mətbuat azadlığının olmadığını ,vətəndaş hüquqlarının pozulduğunu car çəkməklə xarici havadarlarının çaldığı havaya oynayır,ölkəmizi gözdən salmağa çalışırlar.Əslində isə, özləri xalqın gözündən düşür,olan qalan hörmətlərini də itirirlər.
Bu gün Azərbaycan mətbuatında gedən yazıların monitorinqi aparılsa,qəzet və jurnallarımızda,elektron mediada yurd sevgisini, vətənpərvərlik, mübarizlik,qəhrəmanlıq kimi milli ideyaları təbliğ və tərənnüm edən mövzulara çox az yer verildiyinin şahidi olarıq.Elə sosial şəbəkələrdə də ali milli dəyərlərimizlə bağlı paylaşımlar azlıq təşkil edir,əvəzində milli-dəyərlərimizə zidd olan yazılar, şou-biznes, kriminal xəbərlər gündəmi zəbt etməkdə davam edir.
Günümüzün reallığı budur :Oxucu informasiya bolluğunda boğulsa da, özünə lazım olan xəbərə hələ ki, təşnədir.Bu gün milli mətbuatımızda xeyriyyəçilk işlərinin təbliği, milli dəyərlərimizin təhlili ilə bağlı araşdırma yazılara çox böyük ehtiyac duyulur.Düzdür, şou xəbərlər bu gün informasiya portalları,KİV-lər üçün maliyyə mənbəyidir.Amma unutmayaq ki, əsl qazanc düzgün yetişdirdiyimiz gənc nəsil olmalıdır.Çünki “Düzgün tərbiyə bizim xoşbəxt gələcəyimiz, pis tərbiyə gələcək göz yaşlarımızdır”.
Bu gün milli mətbuatımızın ən ali məqsədi milli dövlətçiliyimizin təbliği, milli maraqlarımızın qorunması, xaricdən gələn informasiya zərbələrinə əks reaksiya olmalıdır.Bu yerdə müəllimim, mərhum jurnalist Şirməmməd Hüseynovun bir kəlamını xatırlamaq istəyirəm: “ Azərbaycandan ərazicə, əhalicə qat-qat böyük olan xalqlar ,millətlər var ki, bu gün onların milli dövlətləri yoxdur.Hər bir azərbaycanlı ilk növbədə onunla fəxr etməlidir ki, onun müstəqil Azərbaycan dövləti var!”
Azərbaycan xalqının Ümummilli lideri H.Əliyev “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyəndə də bu ali həqiqəti nəzərdə tuturdu!
Özünə, sözünə dəyər verməyən millətinə də dəyər verməz deyirlər.Bu gün ölkədən kənarda yaşayıb vətən, millət adına danışanları,ölkədə gedən bütün işləri qara rəngdə dünyaya çatdıran yazarları, millətin deyil, özünün şəxsi maraqlarından çıxış edənləri “Əkinçi”nin davamçıları hesab etmək olarmı?Sözsüz ki, yox!
Heç kəsə sirr deyil ki,milli dəyərlərə, adət-ənənələrə biganə münasibət gələcək üçün yaxşı heç nə vəd etmir.Tarixin gedişi göstərir ki,öz soy-kökünə,tarixinə,milli dəyərlərinə,inanclarına dönük çıxan millətlər və dövlətlər gec-tez, müəyyən zaman kəsiyində “əriyib” yox olur,tarix səhnəsindən birdəfəlik silinirlər.Bəli,hər hansı xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayət edir.
Milli dəyərlər üçün vaxt,zaman məhdudiyyəti yoxdur.Bütün zamanlarda milli düşüncəni formalaşdıran əsas faktor milli dəyərlər olub.Bu dəyərlərin ən birincisi, Vətən, yurd sevgisidir. “Vətəni sevmək imandandır”, “Vətənə gəldim, imana gəldim” kəlamları təsadüfi deyilməyib.Bu gün xaricdə oturub xarici qrantlar hesabına vətənimizə qara yaxan, uğurlarımıza gölgə salıb,hər şeyi qara çalarda təqdim edən, “söyüş” dili ilə danışan həmkarlarımızın fəaliyyəti acı təəssüf hissi doğurur.Ulu öndər Heydər Əliyevin “İqtidara qarşı müxalifətdə durmaq olar.Bu, demokratik cəmiyyətdə normaldır.Xalqına, dövlətinə qarşı müxalifətçilik etmək isə yolverilməzdir” kəlamı belələrinə tutarlı cavabdır.Ümummilli liderin “Ayrı-ayrı adamlar,qruplar öz şəxsi, bəzən də çirkin niyyətlərinə ,məqsədlərinə nail olmaq üçün vətənimizi də,torpağımızı da, mənəviyyatımızı da qurban verməyə çalışırlar və qurban verməyə hazırdırlar” sözləri bu günümüzdə də aktual olaraq qalır.
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini,qorunub saxlanılmasını,inkişaf etdirilməsini mətbuatın əsas vəzifəsi hesab edir, bildirirdi ki,bunlarsız millət yoxdur.Ümummilli lider “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı-Azərbaycan dilini,mədəniyyətini,milli-mənəvi dəyərlərini ,adət-ənənələrini yaşatmalıyıq” deyirdi və bu məqsədin reallaşmasında mətbuatdan dəstək istəyirdi.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizin,adət-ənənələrimizin qorunmasını, milli düşüncəmizin formalaşdırılmasını mətbuatın başlıca vəzifəsi hesab edərək deyir:“Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub.Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır.Biz öz milli-mənəvi dəyərlərimizlə,adət-ənələrimizlə fəxr edirik” .
Qeyd edək ki, İlham Əliyevin bu sahədə siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.Məhz ölkədə mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə ölkə başçısının fərmanı ilə 2017-ci ilin oktyabrında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.
Xaricdən və daxildən informasiya mübarizəsinin kəskin şəkil aldığı hazırkı günümüzdə yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında,milli dəyərlərimizin tanıdılmasında,təbliğində,cəmiyyətin hərtərəfli məlumatlandırılmasında fond genişmiqyaslı fəaliyyət göstərir.Bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun “Yaxşılıq unudulmur” adlı yeni layihəyə start verməsi,bu səpkidə materialları mediada geniş işıqlandırması da cəmiyyəti xeyirxahlıq nümunələri ilə tanış etmək,insanları bu istiqamətə yönləndirmək məqsədi daşıyır və təqdirəlayiqdir.
Bu gün Azərbaycan mediası dövlətin dəstəyini daim hiss edir.Vaxtaşırı olaraq çap mediası üçün maliyyə vəsaiti ayrılır, qəzet və jurnalların nəşriyatlara olan borcu silinir,televiziyalaraın maddi-texniki bazası dövlət vəsaiti hesabına yenilənir.Son illərdə mənzilə ehtiyacı olan jurnalistlər üçün yeni yaşayış binalarının inşa edilməsi, onların jurnalistlərə təmənnasız verilməsi dünyada analoqu olmayan diqqət nümunəsidir.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri
Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Milli mətbuat-milli düşüncə ” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim edilir.
.