Professor Məcnun Babayevin 80 illik yubileyinə
Böyük türk şairi Ziya Paşa deyib ki, “Ayinəsi işdir kişinin, lafə baxılmaz,Şəxsin görünər rütbeyi-əqli əsərindən.” Professor Məcnun Babayevin zəngin həyat yoluna baxanda bu fikirlərin məhz ona həsr olunduğunu düşünürsən. Müharibədən 1 il əvvəl dünyaya gəldiyi üçün döyüşlərdə həlak olan atasının üzünü görməyən, uşaqlığı çətin 40-cı illərdə,yarı ac,yarı tox keçən bu insan istedadı,zəhmətsevərliyi, əzmkarlığı sayəsində Qubanın kiçik bir kəndinin sadə uşağından Bakının ən böyük universitetinin çox nüfuzlu ziyalısına çevrilməyi bacarıb. Amsardan dünyaya yollar açıb,ac qaldığı günlərin öyrətdiyi gözütoxluğu həyatı boyu qoruya bilib, zəif nöyüt lampalı gecələrdə oxuduğu kitablardan götürdüyü işığı məşələ çevirib elm yollarını nurlandırıb, minlərlə insana bu yollarda bələdçi olub, şəxsi nümunəsində həyat dərsi keçib, dərin elmlə bərabər onlara zəngin mənəviyyat öyrədib. Həyatın tufanlarına,burulğanlarına baxmayıb, onlara boyun əyməyib, heç kəsə də əyilməyib: əyilməz, qürurlu, həm də çox həssas,qayğıkeş kişi adı, ata adı saxlayıb, vicdanını ovuclara sağmayıb, dünya fırlansa da, fırlanmayıb,əqidəsini dəyişməyib:
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşısına şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəsin heç nəyə dəyişmədi o, yenə...
Keçən il professor Məcnun Babayevin 6 kitabı çap olunub. Ən məhsuldar alimlərin belə həsəd aparacağı bu fakt o deməkdir ki, görkəmli genetik alim il ərzində təxminən 2000 səhifə dəyərli əsər yazıb. Bu, dostlardan, xeyir-şərdən, nəvələrdən, başqa qayğılardan təcrid oluna bilməyən bir insan üçün hər gün, şənbəsiz, bazarsız, fasiləsiz 5-6 səhifə yazmaq deməkdir. Özü də başdansovdu,birtəhər yox, xasiyyətini bildiyim üçün əminəm ki, bir sətri də”boğazdan yuxarı” yazmır.Necə hər şeyə vaxt çatdırır, hər kəsə diqqət də göstərir, ömrün bu zirvəsində, elm qarşısında bütün tələbləri yüksək səviyyədə icra etmiş olsa da, heç kəsin tələb etmədiyi bir şəraitdə saatlarla kitabların arasında oturub yorulmadan yaza bilir, bezmir, usanmır, məəttəl qalmalı işdir.
Professor Məcnun Babayev ən çətin vaxtlarda Universitetin Qiyabi və əlavə təhsil üzrə prorektoru olub. Ən çətin ona görə deyirəm ki, məhz həmin illərdə əlavə təhsilləbağlı ciddi problemlər var idi və Məcnun müəllim birdən-birə açıq odun içinə atılmışdı. Ancaq bu alov da onun paklığına, təmizliyinə, aydan-arı, sudan duru mənəviyyatına zərrə qədər xələl gətirə bilmədi. Universitet kəndə bənzəyir- burda kənddə olduğu kimi hər kəsin dəqiq qiyməti var: Lal Əli, Hesabdar Əli, Qorxaq Əli, Mismar Əli və s. Universitetin böyük və həssas kollektivi professor Babayevi “təmiz adam” kimi dəyərləndirir. Bir az da açması gərək olanda əlavə edirlər ki, vicdanlı adamdır, kişi adamdır, sadə adamdır, dəyərli adamdır.
Onlar deməsələr də mən deyəcəyəm: Məcnun müəllim həm də çox etibarlı yoldaşdır,sədaqətli dostdur. Mən adamlar tanıyıram ki, 2018-ci ilin noyabrında akademik Abel Məhərrəmov rektor vəzifəsindən azad ediləndən sonra onunla salamı kəsdi, qabağında ikiqat olub yalmananlar dalınca sözlər qoşdular, min belə iş oldu, ancaq Məcnun müəllim onun böyük portretini tapıb evində hörmətli yerdən asdı, bu kişi 20 il bizim rəhbərimiz olub, nə qədər yaxşı işlər görüb, dedi. Mən bir az xəstəxanada yatmalı olanda gecə-gündüz yanımdan əl çəkmədi, heç kəsi yanıma buraxmayanda şəxsi nüfuzundan yararlanıb reanimasiyaya yol tapdı,bir də gördüm başımın üstündədir, məni ovundurur.
Görən səni kim ovudur,
Ay məni ovudan adam?!
Özgə dərdi görən kimi
Dərdini unudan adam...
500 il bundan əvvəl Məhəmməd ibn Süleyman Bağdadi özünə elə bir təxəllüs axtarır ki, indiyədək heç kəsdə olmasın, ondan sonra da heç kəs bu təxəllüsə şərik çıxmasın. Çox düşünür,axırda qərara gəlir ki, Füzuli –yəni “uzunçu” təxəllüsü ilə yazsın.Çox deyirlər ki, ay Məhəmməd, sən ki,
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.-deyirsən, sözə bunca dəyər verirsən, qısa fikirlə böyük mətləbləri çatdırırsan,uzunçu təxəllüsünü niyə götürdün? Cavab verir ki, adın insana ucalıq gətirmədiyini, insanın adı ucaltdığını həyatımla sübuta yetirmək istəyirəm. Həqiqətən, ilk baxışda ikrah doğuran uzunçu sözünü Füzuli elə zirvəyə qaldırır ki, bu gün də insanlar övladlarına sevə-sevə Füzuli adını verirlər. Füzuli yaradıcılığının zirvəsi olan ”Leyli və Məcnun”poemasında şairin yaradtdığı Məcnun obrazı sədaqətin, fədakarlığın, insana sevginin,əqidə uğrunda hər şeyi qurban verməyin simvolu kimi dünya tarixinə düşüb. Eynən bu adı bir qədər də müqəddəsləşdirən, ülviləşdirən, yüksəldən, təkcə Qubalılara və Bakı Dövlət Universitetinin kollektivinə yox, bütün Azərbaycana sevdirən professor Məcnun Babayev kimi...
Fikrət Şiriyev