Modern.az

Deputatlar xüsusi rejim dövründə harda olacaqlar – EV, İŞ,...

Deputatlar xüsusi rejim dövründə harda olacaqlar – EV, İŞ,...

18 Mart 2020, 13:00

Ölkəmizdə 23 nəfərdə koronavirus tapılıb və onlar karantin rejimindədir.

 

Azərbaycan hökuməti virusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdə davam edir. Orta və ali məktəblərin bağlanmasının ardınca Novruz bayramı ilə əlaqədar keçiriləcək olan tədbirlərin hamısı ləğv edilib.

 

Hətta martın 19-dan 29-na qədər Bakı, Sumqayıt və Abşeron tərəfdən paytaxta giriş-çıxış qadağan edilib.

 

Bir çox qurumlar kütləvi görüşləri dayandırıb. Nazirlərin vətəndaşlarla görüşləri təxirə salınıb.

 

Dünən Milli Məclisin verdiyi qərara əsasən qurumun da iclasları ləğv edilib.

 

Belə olan halda, seçicilərlə müntəzəm görüşən deputatlar Novruz bayramı günlərində nə edəcək?

 

Seçicilərlə kütləvi, yoxsa, tək-tək görüşlərə üstünlük veriləcək?

 

Ümumiyyətlə, deputatlar Novruz bayramını harda keçirtməyi düşünür?

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və  ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyir ki, ümumi qaydalara riayət edəcək:

 

 

“Koronavirus bəlası dünyada yayılıb. Azərbaycanda da buna qarşı tədbirlər görülür. Bu xəstəlik başqa ölkələrdə yayılmağa başlayandan sonra Azərbaycan dövləti bununla bağlı müvafiq tədbirlər görür. Ümid edirik ki, hər şey yaxşı olacaq. Bütün səhiyyə işçiləri bu prosesə cəlb olunub. Həmçinin Milli Məclisin iclasları da təxirə salınıb. Təkbaşına qərar qəbul etmək olmaz. Verilən hər bir qərara tabe olmalıyıq. Seçicilərlə kütləvi görüşlərimiz təxirə salınsa da, telefon vasitəsilə problemlərin həll edilməsinə çalışırıq.

 

Hər bir seçicimlə telefon və sosial şəbəkə vasitəsilə əlaqə saxlayıram. Həmçinin koronavirusla bağlı şaiyələr də yayılır. Koronavirus cəmiyyətimizin bəlasıdır. Seçildiyim rayonun icra başçısı ilə mütəmadi olaraq əlaqə saxlayıram. Həmçinin, insanlarımızı  yalan və şaiyə xarakterli informasiyalara inanmamağı tövsiyə edirəm”.

 

Milli Məclisin deputatı Cavanşir Paşazadənin sözlərinə görə,  koronavirus bu gün hər kəsi narahat edən məsələdir:

 

“Bütün dünya bu xəstəliyə qarşı mübarizə aparır. Ancaq Novruz bayramı  ərəfəsində yaşadığımızdan biri-birimizlə bayramlaşmağı hər zaman etmişik. Bu il isə məsələ bir qədər fərqlidir.

 

Mən əslən lənkəranlıyam. Qohumlarımın əksəriyyəti də orada yaşayır. Ancaq ailə üzvlərim, qardaş və bacılarımla birgə bayramı rayonda keçirtməyi düşünürük. Təbii ki, qaydalara da riayət edirik. Mütəmadi olaraq spirtdən istifadə edirik. Həmçinin bu məsələdə dövlətimiz xalqımızın yanındadır. İlk gündən insanlarımızın sağlamlığı üçün tədbirlər həyata keçirilir. Kütləvi tədbirlər təxirə salınıb. Hesab edirəm ki, dövlətin qaydalarına hər kəs riayət etməlidir. Mən də çalışacam ki, seçicilərimlə telefon vasitəsilə əlaqə saxlayım, onların problemlərini həll edim”.

 

 

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki,  koronavirus elə bəladır ki, bütün dünya ölkələri öz qapısını bağlamaq məcburiyyətində qalıb:

 

“Minimum kontakt az olsun ki, insanlar özlərini qoruya bilsinlər. Belə olan halda ailəmizi qorumuş olacağıq, ailəmizi qoruyacağıqsa millətimizi də qorumuş olacağıq. Ona görə də heç kəs heç yerə getməyi planlaşdırmır. Daha doğrusu, belə ab-havada insanların ölkə içində harasa getməsi düzgün deyil.

 

Çünki riskli məsələdir. Çalışmalıyıq ki, bu aralarda riskli nələrsə etməyək. Bayram günlərində heç yerə getməyəcəm, evdə olacam. Telefonlarım açıq olacaq. Hazırda da Yeni Azərbaycan Partiyasında işdəyəm. Seçicilər arasında zəng edənlər də olur. Heç bir seçiciyə tam olaraq “görüşə gəlməyin” də deyə bilmərik. Biz seçkilərdən yenicə çıxmışıq. Seçicilərimizə hər zaman yanında olmağa söz vermişik. Ona görə də tək-tək də olsa görüşləri edirik.

 

Eyni zamanda, işdə dezinfeksiya işləri tez-tez aparılır. Hər kəsin stolunun üzərində spirt, dizenfeksiyaedici məhsullar  var. Dediyim kimi telefonumuz açıq olacaq. Bizim bir nömrəli işimiz insanların yanında olmaqdır. Bir məsələni də qeyd edim. Həkimlərin fədakarlığını qeyd edirik. Ancaq jurnalistlərin də fədakarlığı qeyd olunmalıdır. Onlar  operativ şəkildə insanları maarifləndirir”.

 

 

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Neftçalaya gedə bilməyəcəyini deyib:

 

“Bir müddət əvvəl Yardımlıya gedib insanlarla görüşmüşdüm. Neftçalada çətin vəziyyətdə olan, tək yaşayan insanlarla Novruz bayramını keçirtməyi düşünürdüm. Ancaq təəssüf ki,  bu, mümkün olmayacaq. Güman ki, rayona getmək də mümkün olmayacaq. Sadəcə olaraq partiyada öz işimi görürəm. Bayram günü də Bakıda evimdə olacam. Fürsətdən istfadə edib hər bir seçicimi təbrik edirəm. Novruz bayramları xeyirli gəlsin”.

 

 

Milli Məclisin deputatı Emin Hacıyev qeyd edib ki,  son günlərin ən çox danışılan mövzusu koronavirusdur:

 

“Artıq insanlar bu virusun adını eşidəndə vahimələnir. Çünki virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür. Virus insanlar arasında sürətlə yayılır. Ölkəmizdə də virusla bağlı qabaqlayıcı tədbirlər görülür. İnsanların kütləvi toplaşmasına icazə yoxdur. Təbii ki, bu cür addımları ancaq alqışlamaq olar. Çünki hər bir atılan addım xalqın sağlamlığının mühafizəsinə hesablanıb. Bir neçə gündən sonra xalqımız Novruz bayramını qeyd edəcək. Təəssüf ki, bu bayram günlərində seçicilərlə kütləvi görüşlər keçirə bilməyəcəyik. Buna baxmayaraq telefon və internet vasitəsilə hər bir seçicimizin problemlərini dinləməyə hazırıq  və bunu davam etdirəcəyik”.

 

 

Milli Məclisin deputatı Vahid Əhmədov seçiciləri ilə görüşdən yeni qayıtdığını deyib:

 

“Seçkilərdən sonra seçicilərimlə mütəmadi olaraq görüşlər keçirdim. Ancaq koronavirusa görə bayram günlərində heç yerə getməyəcəm, evdə olacam”.

 

 

Milli Məclisin deputatı Fəzail Ağamalı koronavirus bəlasının kütləvi xarakter aldığını vurğulayıb:

 

“Bayram günlərində seçildiyim Salyan-Neftçala dairəsinə getməyi planlaşdırırdım. Seçicilərimlə fərdi görüşləri nəzərdə tutmuşdum. Hətta ağsaqqallarla, ayrı-ayrı insanlarla ayrıca görüş keçirtməyi də düşünürdüm. Bütün bunların hamısı alt-üst oldu. Bütün ölkədə insanlarımızın təhlükəsizliyi üçün çox vacib olan tapşırıqlar verildi və qərarlar qəbul olundu.

 

Biz də buna tabe olmaq zorundayıq. Təəssüf edirəm ki, seçicilərimlə görüşə gedə bilməyəcəm. Halbuki bayramı onlarla keçirmək istəyirdim. Evdə olacam. Heç yerə getməyəcəm. Qoyulmuş olan qadağalara tabe olacam. Allah xalqımızı bu bəladan hifz etsin. Yaşayaq, görək nə olur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?