“Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması çox böyük əhəmiyyət kəsb edir. Çünki işləməyən insanlar, ehtiyacı olanlar var. Bunların hamısı nəzərə alınmalıdır. Belə bir Fondu yaratdığına görə ölkə Prezidentinə təşəkkür edirəm”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanı şərh edərkən deyib.
Deputat koronavirus infeksiyası ilə mübarizədə insanların həmrəyliyini xüsusi qeyd edib:
“Bu, böyük işdir. İmkanlı adamlara buradan müraciət edərək deyirəm ki, imkanlarından istifadə etsinlər. Köməksiz insanlara yardım əllərini uzatsınlar. Hər kəs öz yanında olanlara, qonşulara, tanıdıqları kəslərə yardım etməlidir. Hər bir adam mütləq yanındakı şəxslərə dəstək olmalıdır. Kimliyindən asılı olmayaraq imkanı olan kömək göstərməlidir.
Koronavirus elə bir bəladır ki, bu bəladan qurtulmaq üçün insanların biri-birinə dəstəyi və həmrəylik nümayiş etdirməsi çox vacibdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb. Eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayrılıb.