Modern.az

“Xəzər” TV-nin prezidenti: “Mən iş mühitində "qaynanalıq" etmək istəmirəm” - MÜSAHİBƏ

“Xəzər” TV-nin prezidenti: “Mən iş mühitində "qaynanalıq" etmək istəmirəm” - MÜSAHİBƏ

Ölkə

11 May 2012, 15:44

“Açıq-saçıq sənətçilər bizim qonağımız olarkən haraya gəldiklərini əvvəlcədən bilirlər...”

Bu günlərdə Modern.az saytının qonağı olan “Xəzər” Televiziyasının prezidenti Hüseyn Dinləməz əməkdaşlarımızın suallarını cavablandırıb.

-
Hüseyn bəy, öncə özünüz haqqında oxucularımıza bilgi verməyinizi istərdik. 

-  Mən 1961-ci ildə Türkiyənin İzmir şəhərində dünyaya gəldim. 1989-cu ildən media fəaliyyətinə başladım. 1995-ci ildə “Zaman” qəzetinin təmsilçisi olaraq Qırğızıstana göndərildim. Mənim öncədən də, Orta Asiyaya böyük marağım vardı. Çünki, kökümüz ordan gəlir. Qırğızıstanla bağlı təklif gəlincə qəbul etdm. 1998-ci ildə isə Rumınyada “Zaman” qəzetinin baş redaktoru kimi fəaliyyətə başladım. 2002-ci ildə Bakıya – o zaman “Samanyolu” Televiziyası (STV) idi, orada işləməyə gəldim. Azərbaycan dövləti bizə qayğı göstərdi. Çünki, bir zamanlar Azərbaycanın dünya informasiya məkanına çıxışında problemlər olarkən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında STV-nin önəmli xidmətləri olmuşdu. Rəhmətlik prezident Heydər Əliyev də bu məsələni hər zaman xoş duyğularla qeyd edirdi. Hazırkı prezident də sag olsun, bizim işlərə öz dəstəyini verdi, 2007-ci ildən “Xəzər” TV olaraq fəaliyyətimizə davam etdik.  

“Bakıda “Xəzər” TV-nin prezidenti ola-ola “Jiquli”də çox dolandım”

- Bir çox hallarda media qurumlarının rəhbərləri əllərində olan bu imkandan bolluca yararlanıb özlərini də topluma tanıdırlar. Ancaq Siz də yəqin etiraf edərsiniz ki, Azərbaycanda insanların böyük kəsimi hər gün izlədikləri “Xəzər” TV-nin rəhbərinin kim olduğunu bilmirlər. Bunu özünüz istəmirsiniz, yoxsa?

- Mənim tez-tez görünüm, insanlar məni tanısın kimi bir arzu yoxdur. Önəmli olan gördüyümüz işdir. Məsələn, bizdə proqram hazırlayan insanlar mövzunu özləri müəyyənləşdirər, qonaqları özləri dəvət edərlər. Biz onların işinə müdaxilə etmərik. Təbii, çərçivələrimiz bəllidir. Əgər əməkdaşın mövzusunu mən təyin edəcəyəmsə, qonaqlarını mən dəvət edəcəyəmsə, o zaman həmin əməkdaş orada “kukla” kimi, “robot” kimi durar. Özünü işin içərisinə verə bilməz. Biz istəyirik ki, insanlar burda özləri üzərində işləsinlər, yüksəlsinlər. Mən iş mühitində qaynanalıq etmək istəmirəm, sadəcə idarəçiliyi həyata keçirmək istəyirəm. Yoxsa ki, insanlar məni tanısın, mənə hörmət etsin kimi bir məntiqimiz yoxdur. Mən küçəyə çıxdıqda rahat şəkildə gedib alış-verişimi edim, ailəmlə-uşaqlarımla rahat gəzə bilim... Bakıda “Xəzər” TV-nin prezidenti ola-ola “Jiquli”də çox dolandım. Mənim hədəfim həyatda düz adam olmaqdır.

- Sizcə, Azərbaycanda “düz adam” olub da yaşamaq nə dərəcədə mümkündür?

- İnsan idealları ilə yaşayır. Önünə bir hədəf qoyunca, bu yolda ezab çəksə belə, israrlı, inadkar olmalıdır.  Bir yaşlı insanın durnalarla bağlı danışdığı məsəli hər zaman xatırlayıram. Deyirdi ki, uşaqlığımda durnaların nədən çox yüksəkdən uçmasını maraqla izləyirdim. Sonradan universitet illərində öyrəndim ki, durnalar qalxdıqları yüksəkliyi enəcəkləri yerə görə müəyyən edırlər. Yəni, durnalar uzaq yerlərə uçduqları üçün daha yüksəklərə qalxırlar, hədəfləri uzaq olur. Aşağıdan uçarlarsa, tez yorularlar. Eynilə, Bakıdan Tiflisə uçan təyyarə ilə Bakıdan Vaşinqtona uçan təyyarənin də mənzili eyni deyildir. Bu mənada hədəflərinizi böyük qoyun, uzaq qoyun. Biz də bunu örnək alırıq. Belə olarsa insan hər şeyi bacara bilər.

“Yarımçıq serialımız qalmayıb”

- Hazırda gündəmdə olan məsələlərdən biri televiziyalarda əcnəbi serialların yayınının dayandırılmasıdır. “Xəzər” TV neçə belə serial yanınlayırdı qadağaya qədər?

- Biz son 4 ayda Türkiyədən 3 serial yayınlamaq zorunda qaldıq. Əslində, belə bir məcburiyyətimiz olmayacaqdı. Bilirsiniz ki, xaricdə çəkilmiş serialların yayınının dayandırılması 1 yanvar üçün nəzərdə tutulurdu və biz də işimizi buna görə qurmuşduq. Sonra bu vaxt 1 maya qədər uzadıldığı üçün biz digər telekanallardan geri qalmamaq üçün 3 serial aldıq. Ancaq deyiən zamanda da hamısını bitirdik. Yəni, yarımçıq serialımız qalmadı.  Bilirsiniz ki, Azərbaycanda serialı ilk dəfə bizim televiziya başlayıb. Hazırda özümüzün çəkdiyimiz 5 serialımız var. Bu baxımdan, məlum qərardan “Xəzər” televiziyası zərər görməyəcək. Burada əsas problem ssenari ilə bağlıdır. Bir adamla serial haqda danışdıq, dedi, ayda yalnız bir serial yaza bilərəm. Yəni, yerli serialların səviyyəsini tənqid etməzdən öncə bu kimi məsələlərə baxmaq lazımdır. Məsələn, bu ölkədə ssenari problemi var, serial işıqçısı yoxdur. Və ya çöl şəraitində çəkilən bölümlərdə problemlərlə rastlaşırıq. Oranı çəkmək yasaq, buranı çəkmək olmaz... Türkiyə serial sahəsində bugünkü səviyyəsinə bax bu sıxıntıları aşaraq gəldi.

- İnsanlar baxdıqları serialları gündəlik həyatlarının bir hissəsinə çevirirlər, onunla yaşayırlar. Bu mənada, serialların bir göstərişlə, bir gündə yarı-yarımçıq dayandırılması milyonlarla insana sayğısızlıq deyilmi?

- Tamaşaçının hüquqları baxımından bu ədalətli qərar olmaya bilər. Ancaq, Teleradio Şuranın qərarı əvvəlcədən qüvvədə idi. Bildirilmişdi ki, 2012-ci ilə girəndə xarici seriallar dayandırılacaq. Sonra bu qərarı 4 ay uzatdılar. Buna da televiziyaların və tamaşaçıların hazırlanması lazım idi.  Yəni bu, axşam düşünülüb sabah qüvvəyə minən qərar deyil.

- Olmazdımı, davam edən seriallar bitsin, TV-lər yenilərini başlamasın?

- Bir daha deyirəm ki, televiziyalar buna hazırlaşmalı idi. Biz 30 apreldə artıq bütün xarici serialları bitirdik. Çünki, öncədən işimizi bu qərarın qüvvəyə minəcəyi günə hesablamışdıq. Mən bu qərarı da dəstəkləyirəm, Azərbaycanda da serial bazarının formalaşması lazımdır. Axı, bu ölkənin də aktyorları, rejissorları, ssenaristləri var. Onlar özlərini harada göstərməlidirlər? Türkiyədə seriallarda 45-50 adam oynayır. Burada 15 nəfər oynayanda biz sevinirik. Bu da maliyyə məsələləri ilə bağlıdır. Serial bahalı bir məhsuldur, böyük sərmayə istər.

“Burada saat 11-dən tez aktyorlar çəkilişə gəlmirlər”

- Yerli seriallarla bağlı tənqidlədən biri, serialların daha çox komediya üzərində qurulması, film qəhrəmanlarının daha çox komik aktyorlar olmasıdır. Məsələn, Türkiyə seriallarının dünyada məşhurlaşmasının səbəblərindən biri də filmlərin kəskin süjetli olmasıdır...

- Bu sahədə də problemlər mövcuddur. Bir misal çəkim, Türkiyədə “Samanyolu” TV-də sabah saat 6-da çəkilişə gedirlər, burada isə saat 11-dən tez aktyorlar çəkilişə gəlmirlər. Məncə, Azərbaycan tamaşaçıları heç üzülməsin. İki ildən sonra daha yaxşı seriallara şahid olacaqlar. Ondan sonra daha yaxşısına...

- Azərbaycan TV-lərinə söylənən iradlardan biri də şou aləminə daha geniş yer verilməsi haqdadır. Bir televiziya rəhbəri olaraq toplumdan gələn bu tənqidlərə münasibətiniz maraqlı olardı.

- Televiziyalar tək Azərbaycanda tənqid edilmir. Məsələn, Türkiyədə “Möhtəşəm yüz yıl” serialı başlayanda qiyamət qopdu. Amma, adamlar yenə işlərinə davam etdilər, Təbii, tənqidlər olacaq. Sevənlər, sevməyənlər olacaq. Tənqiddən qorxmamaq lazımdır. Danışan adamdan deyil, əslində danışmayan adamdan qorxmaq lazımdır. Önəmli olan tənqidin üslubudur. Biz bir-birimizi sevmək məcburiyyətində deyilik, eyni zamanda söymək məcburiyyətində də deyilik. Bilirsiniz, Azərbaycanda və ya Türkiyədə bir əcnəbi heyranlığı var. Məgər, bir fransız, bir alman televiziyaları bizdən dahamı keyfiyyətlidir? Əslində, onlar da şou yapırlar. Baxın, bir müğənni bizim televiziyaya çıxanda bu şou olur, dövlət tədbirinə çıxanda sənətçi olur. Halbuki, eyni adamdır. Bu sənətçilər buranın insanlarıdır, biz Gürcüstandan sənətçi gətirəsi deyilik ki... Mən başqa televiziyalar haqda bir söz deyə bilmərəm, ancaq bizim efirimizin bəlli bir sərhədləri var və bu sərhədlər daxilində ciddiyyəti qorumağa çalışırıq. Məsələn, açıq-saçıq olan sənətçilər bizim qonağımız olarkən haraya gəldiklərini əvvəlcədən bilirlər və buna uyğun davranırlar. Bizim onlara yönəlik suallarımızda da açıq-saçıqlıq, özəl həyata girmək kimi ünsürlər yoxdur.

-  Maraqlıdır, siz Azərbaycanda hansı TV proqramlarını seyr edirsiniz?

- Hazırkı dövrdə televiziya sahəsində də profilləşmə gedir. Ayrıca xəbər, mədəniyyət, idman, uşaq kanalları açılır. Azərbaycanda da televiziyaların müxtəlif yönlü proqramları var. Hər şeyi də qara göstərməyin mənası yoxdur. Adam istədiyini tapa bilər. Biz proqramda deyil, reytinqdə geri qalırıq. Mən başqaları kimi ümidsiz deyiləm. Hər il buranın keyfiyyəti artacaq. Xaricdə oxuyan gənclər gözəl fikirlərlə gəlirlər. Bu gün Azərbaycandan dünyanın müxtəlif ölkələrində təhsil alan 11 minə yaxın tələbə var.  Təəssüf ki, biz daha çox bir-birimizin ayağına təpik vurmaqla məşğuluq. Və ya 500 ildir Novruzda yumurta döyüşdürürük. Ancaq baxın, biz başqasının istehsal etdiyi telefonu, kompüteri istifadə edirik. Çalışmalıyıq, elə bir nəsil yetişdirək ki, texnolojidə böyük uğurlar qazansınlar. Keçmişimizlə çox öyünürük, amma irəli də getmək lazımdır. 70-80-ci illərdə Türkiyədə belə olurdu. Tez-tez hökumətlər dəyişir, hər kəs tənqid edir... Xəstəliyimiz nədir, onu müəyyən etməyimiz və oradan yola çıxmağımız lazımdır. 100 il əvvəl Türkiyədə nə türk-kürd problemi vardı, nə sağçı-solçu, sünnü-şiə... Sonra nə oldu, inanan insanların təməlini cahil yapdılar, inanmayanları da maddiyatçı. İkisinin arasında beləcə uçurum yarandı. Yəni, cəmiyyət qarpız kimi dilimlərə bölündü. Bunlara gərək varmıdı? Qurucu olmaq lazımdır.

 
Pərvin ARZUQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər