Modern.az

Pis səslənən adları necə dəyişmək olar? (araşdırma)

Pis səslənən adları necə dəyişmək olar? (araşdırma)

13 Yanvar 2010, 11:56

Son vaxtlar soyad sonluqlarının dəyişdirilməsi müzakirə olunur. İndi hamı “-ov”, “-yev”lərdən yaxa qurtarmağın yollarından danışır. Maraqlıdır, adları necə dəyişmək olar? Əgər o pis səslənirsə, qanun hansı hallarda onu dəyişməyə icazə verir?
Modern.az bu istiqamətdə araşdırma aparıb.
 
Bakı şəhər sakini Dayandur Rüstəmov adının dəyişdirlməsi üçün müvafiq sənədlərlə yaşadığı rayonun VVADQ şöbəsinə müraciət edib. Dayandur deyir ki, valideynlərinin qoyduğu bu ada görə dəfələrlə tay-tuşlarının xoşagəlməz zarafatlarına cavab verməli, bəzən mübahisə etməli, hətta dalaşmalı olub. Adı başına bəla olan Dayandurun özünün də bu sözdən xoşu gəlmir: “Bir də görürsən dostlardan kimsə zarafat edib əvvəlcə Dayan... deyib, arada azca fasilə verəndən sonra Dur... söyləyir. əsəblərimlə oynayırlar”. Ona görə də Dayandur uzun götür-qoydan sonra adının dəyişdirilməsi barədə qəti qərar qəbul edib.

Adlar karyeraya təsir edə bilir

Araşdırmalarımız göstərir ki, Azərbaycanda adlar məsələsində çox ciddi səliqəsizlik var. Dayandur kimi adını dəyişdirmək istəyənlər çoxdur və bununla bağlı Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbələrinə tez-tez müraciətlər daxil olur. Həmin müraciətlərin bəziləri müsbət cavablandırılır, bəziləri isə geri qaytarılır.
Ümumiyyətlə, adların insan həyatında özünəməxsus rolu var. Müəyyən olunub ki, körpələrə qoyulan adlar mənasına uyğun olaraq sonradan böyüməkdə olan uşaqların xarakterinin formalaşmasına, psixikasına, hətta karyerasına da təsir edir.
Azərbaycanda Ailə Məcəlləsinin 53.2-ci maddəsinə görə uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.
Dilçi alim Nizami Cəfərovun fikrincə, valideynlər uşağa ad qoyanda hansısa bir ideologiyaya və ya hisslərə qapılmamalıdırlar. Körpələrə ad seçərkən, həm onun necə səslənməsinə, həm də mənasına diqqət yetirmək lazımdır. Uşaqlara elə ad vermək lazımdır ki, böyüyəndə utanmasınlar. Təəsüf ki, bəzi hallarda valideynlər yeni dünyaya gələn körpələrə ad seçiminə başdansovdu yanaşırlar, bunun məsuliyyətini anlamırlar. Valideynlərin səhvən qəribə adlar verdiyi uşaqlar isə böyüyəndən sonra öz adlarından utandıqları üçün onu dəyişdirməyə çalışırlar. Bu isə onlara heç də asan başa gəlmir.

İctimai-siyasi vəziyyətin adqoymaya təsiri

Araşdırmalar göstərir ki, keçmişdə Azərbaycanda yeni doğulan uşaqlara adların verilməsinə o dövrün həm ictimai, həm də siyasi vəziyyəti də təsir göstərib. Məsələn, ərəb və ya fars dövlətlərinin Azərbaycana güclü təsiri olduğu dövrlərdə uşaqlara daha çox ərəb və fars adları qoyulurmuş. Sovet hökuməti qurulmazdan öncə Azərbaycanda körpələrə həm də dini adlar verilməsinə çox rast gəlinib. Belə adlara misal olaraq Məhəmməd, Əli, Osman, İbrahim, Yusif, Fatimə (Fatma), Zəhra, Zeynəbı göstərmək olar. Bundan başqa, o vaxtlar bəzi valideynlər arasında uşaqlara nağıl və dastanlardakı məşhur qəhrəmanların və ya tarixi şəxslərin adlarını vermək də dəbdə. Məsələn, Babək, Cavanşirvə s.

Sovet adları

Keçmiş SSRİ-nin mövcüd olduğu illərdə isə bəzi valideynlər öz körpələrinə rus və ya sovet ideologiyasına uyğun adlar veriblər. Həmin dövrdə bəzi azərbaycanlılara Kolxoz, Kombayn, Sovet, Traktor, Marks, Komsomol, Yanvar, Fevral, Oktyabr, Bolşevik, Knyaz, Prikaz, Narkom kimi adlar qoyulması buna misal ola bilər.
Azərbaycanda elə dövr olub ki, həmin illərdə mürəkkəb adlar dəbdə olub. Valideynlər uşaqlarına Məmmədhəsən, Əlibala, Muradxan, Əliqulu, Qızxanım, Anaxanım, Ataxan, Məlikhəsən və s. mürəkkəb adlar veriblər.

Qəribə adlar

Bəzi zamanlarda isə uşaqlara adların verilməsinə nə mövcud ictimai-siyasi vəziyyətin, nə də ideologiyanın təsiri olub. Sadəcə valideynlər övladlarına ad qoyarkən onun necə səslənməsinin və mənasının fərqinə varmayıblar: Dayandur, Keykavus, Meyxoş, Mülkədar, Qarsalan, Mərkəz, Zülümxan, Venera, Daşdəmir, Müdafiə, İsfahan...
Bəzi dövrlərdə ailələrdə qız uşaqlarının doğulmasına etiraz olaraq körpələrə Qızbəs, Qızyetər, Bəsti, Yetər kimi mənasız adlar da verilib. Bunula Tanrıya dua ediblər ki, daha qız istəmirlər, oğlan payı versin...
Ölkəmizdə digər əcnəbi adların dəbdə olduğu vaxtlara da təsadüf olunur. Ofelya, Afina, Ellada, Ruslan, Albert, Marks, Qrişa, Volodya, Sofiya, Novella, Tamara, Hamlet belə adlardandır.      

Müstəqillik dövründə türk mənşəli və dini adlar dəbdədir

SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra ölkəmizdə bütün istiqamətlər kimi adam adları sahəsində də dəyişikliklər baş verdi. Dilçi alim Nizami Cəfərov adam adları sahəsində baş verən bu dəyişikliyi müasir dövrün tələbi, həm də azərbaycanlıların öz köklərinə qayıdışı kimi izah edir. Onun sözlərinə görə, artıq Azərbaycanda ərəb-fars adları azalmaqda, türk mənşəli adlar isə artmaqdadır.
Bununla yanaşı, son illər uşaqlara yenidən dini adların verilməsi halları da artıb. Ekspertlər bunu azərbaycanlıların İslam dininə qaydışı ilə əlaqələndirirlər. Müşahidələr göstərir ki, indi uşaqlar arasında daha çox bir sözdən ibarət sadə adlar üstünlük təşkil edir. Mürəkkəb adlar isə getdikcə azalır. Digər maraqlı məqam ondan ibarətdir ki, son vaxtlar yeni doğulan uşaqlara telekanallarda nümayiş olunan serial qəhrəmanlarının adlarını vermək də dəbə minib. 

Dövlət Statistika Komitəsinin məlumatlarına görə də Azərbaycanda əvvəllər dəbdə olan ənənəvi adlar getdikcə unudulur. Rəsmi məlumata görə, hazırda yeni doğulan uşaqlara 8 mindən çox adlar verilir. Bunun 3600-dən çoxu qız, təxminən 4500-ü oğlan adıdır. Son bir ildə körpələrin 38 %-nə daha çox rast gəlinən 25 qız adı verilib. Hazırda qız uşaqlarına ən çox verilən adlar Fatimə, Nərmin, Fidan, Aytac, Zəhra, Nuray, Nəzrin, Aysel, Ləman, Səbinə və Leyladır. Ən çox dəbdə olan oğlan adları isə Əli, Murad, Məhəmməd, Hüseyn, Nihat, Fərid, Nicatdır.

Adları necə dəiyşmək olar?

Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən müdiri Reyhanə Kərimova bildirib ki, adların dəyişdirilməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş «Azərbaycan vətəndaşlarının soyadlarının, adlarının və ata adlarının dəyişdirilməsi vəsadətləri haqqında» Əsasnamə ilə tənzimlənir. Orada nəzərdə tutulub ki, adın dəyişdirilməsinə yalnız üzürlü hallar olduqda yol verilir. Üzürlü hallar dedikdə isə adın pis səslənməsi, çətin tələffüz olunması, milliyyətə uyğun gəlməməsi, pis məna verməsi və s. nəzərdə tutulur. 
Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə, 18 yaşına çatmamış şəxsin adının dəyişdirilməsi yalnız o halda mümkündür ki, buna icra hakimiyyətlərin tərkibindəki qəyyumluq orqanları validyenlərin birgə xahişi əsasında icazə versin. 10 yaşına çatmış uşağın adı dəyişdirilərkən onun özünün razılığı da tələb olunur.

Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, vətəndaşların özləri öz adlarını 18 yaşına çatandan sonra dəyişə bilərlər. Bunun üçün vətəndaşlar ilk növbədə ərizə ilə yaşadıqları yerlərin VVADQ orqanlarına müraciət etməlidirlər. Həmin ərizəyə vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd, əsaslı tərcümeyi-hal, doğum haqqında şəhadətnamə, nikahdadırsa, nikah haqqında şəhadətnamə, övladları varsa, onların doğum haqqında şəhadətnamələri, işləyirsə, iş yerindən arayış, yaşadığı yerdən arayış, iki fotoşəkil də əlavə edilməlidir. Bu sənədlər VVADQ tərəfindən müvafiq rayonun polis şöbəsinə göndərilir. Polis idarəsində həmin şəxs barəsində hər hansı təqsirləndirici materialın olub-olmaması yoxlanılır. Sonra sənədlər VVADQ şöbəsinə qaytarılır. Bunun ardınca VVADQ öz rəyini tərtib edir və baxılması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərir. Bu instansiyada da məsələ araşdırılır. Qanunauygundursa, təsdiq edilir, qanunauyğun deyilsə, imtina olunur. Adlarını dəyişmiş vətəndaşa bununla bağlı şəhadətnamə verilir və o, 3 manat dövlət rüsumu ödəyir.

Adəm Qorxmaz

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI