Modern.az

Bizim klinikalarda həkimlər koronavirusa yoluxmayıb - ATU-dan AÇIQLAMA

Bizim klinikalarda həkimlər koronavirusa yoluxmayıb - ATU-dan AÇIQLAMA

18 İyun 2020, 11:30

“Bir neçə gündür ki, KİV-də ATU-nun Onkoloji Klinikasının həkimləri – dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada xəstələrindən yoluxduqları barədə yanlış informasiyalar yayılıb. Bu barədə yazılanlara cavab olaraq ATU-nun Mətbuat xidməti bildirir ki, həmin ehtimallar tamamilə əsassızdır”.

Bunu Azərbaycan Tibb Universitetinin Mətbuat xidmətindən Modern.az-a  verilən açıqlamada vurğulayıblar.

“Əlbəttə, səhiyyə işçiləri daim xəstələrlə təmasda olduqlarına görə onların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir. Ancaq bizdə olan məlumata görə, bir müddət əvvəl mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və həmin şəxslər karantin nəzarətinə götürülüb. Bir müddət sonra Fikrət Namazovda koronavirus əlamətləri müşahidə edildiyindən həkim müayinə olunub və ATU-nun Tədris Terapevtik Klinikasına yerləşdirilib. Təəssüf ki, aparılmış bütün müalicə tədbirləri nəticəsiz qalıb və həmkarımızın həyatını xilas etmək mümkün olmayıb.


Həkim İndira Səfərova isə hamiləliyinin 28-ci həftəsindən analıq məzuniyyətindədir. Hal-hazırda o, ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkim nəzarətindədir və hamiləliyinin 37-ci həftəsindədir. Dölün ana bətnindəki vəziyyəti tam qənaətbəxşdir.

Əlavə olaraq onu da nəzərə çatdıraq ki, ATU-nun Onkoloji Klinikasında hələ mart ayından etibarən koronavirusla mübarizəyə xüsusi diqqət yetirilir. Hər gün klinikada bütün qoruyucu tədbirlər görülür, həftədə bir  neçə dəfə dezinfeksiya işləri aparılır və bunun üçün geniş spektrli dərman vasitələrindən istifadə olunur.

Həmçinin ATU-nun Onkoloji Klinikasının əməkdaşları – bütün həkim və tibb personalı vaxtaşırı  koronavirus testindən  keçirilir və bu məsələyə klinikanın baş həkimi Nigar Mehdiyeva şəxsən nəzarət edir.

Pasiyentlər klinikaya daxil olduğu zaman onların hərarəti ölçülür, qoruyucu tibbi maskalardan istifadə etmələrinə ciddi diqqət yetirilir və pasiyentlər arasında sosial məsafə saxlanılır.

Məlumdur ki, müasir dövrdə təbabətin ən aktual problemlərindən biri və bəlkə də birinci onkoloji xəstəliklərdir. Bu baxımdan xəstəliyin erkən aşkar edilməsi və vaxtında müalicəsi olduqca vacibdir. Ona görə də, əhalidən xahiş edirik ki, hər hansı narahatçılıq olduğu zaman vaxt itirmədən  həkimə-onkoloqa müraciət etsinlər. Amma əlbəttə ki, son ayların bəlası olan COVID-19-a qarşı özünü və doğmalarını qorumaq şərti ilə. ATU-nun Onkoloji Klinikasının kollektivi sizə ən yüksək səviyyədə xidmət etməyə hər zaman hazırdır”, - deyə ATU-nun Mətbuat xidməti bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?