Bu gün “Eurovision”un ilk yarımfinal mərhələsidir. Bununla əlaqədar xarici turistlərin və ölkə vətəndaşllarının Bulvara axını daha da artıb. Bunu nəzərə alan Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Bulvar İdarəsi rəis müavini Nazim Məcidov “Eurovision” ərəfəsində Bulvardakı vəziyyətlə bağlı Modern.az-a danışıb.
N. Məcidov bu günlərdə təhlükəsizlik xidməti əməkdaşlarının artırıldığını deyib. Onun sözlərinə görə, insanların təhlükəsizliyi yüksək səviyyədə qorunur.
“Bulvar idarəsinin özünün xüsusi mühafizə şöbəsi var, onlar da indi əvvəlki vaxtlardan fərqli olaraq, gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Dənizkənarı Bulvar ərazisində təhlüksəzlik kameralarının sayı müsabiqə ilə əlaqədar olaraq artırılıb. Demək olar ki, bulvar ərazisinin elə bir yeri yoxdur ki, orada kamera olmasın. “Eurovision” Mahnı Müsabiqəsinin yarımfinal və final günündə bulvardakı bütün obyektlər 24 saat fəaliyyət göstərəcək. Çünki ola bilsin ki, yarışma gecə bitəndən sonra qonaqlarımız və Bakı sakinləri bulvara gəzməyə gəlsinlər. Onlar üçün burada hər cür şərait var”.
Qiymət məsələsinə toxunan N. Məcidov qeyd edib ki, süni artıma yol verilmir. Daha sonra Bakıya yeni gətirilən iki gəmidən danışıb:
“Hər karuselə, kafeyə Bulvar idarəsinin əməkdaşları nəzarət edir. Kimlərsə öz maraqları üçün qiymətləri artırsa, o adamlar həmin an işdən azad olunacaq. Yeni iki gəmi almışıq. Bu gəmilər demək olar ki, böyük marağa səbəb olub. Çünki, müasirdir və içində kondisioner var. Qışda da gəmi isidilə bilər. Sərnişinlər gəminin içərisində hərəkət vaxtı televizora baxa bilər. Bundan başqa, onlara sərinləşdirici içkilər, çay təklif olunur ”.
N.Məciddov bulvarda turistləri narahat edəcək heç nəyin olmadığını deyib:
“Tək problem xidmətlə bağlı ola bilər. İnsanlarımızın mədəniyyət, intelektual səviyyəsi yüksək olsa, daha yaxşı olardı. Mən bunu istərdim. Amma qeyd etmək lazımdır ki, bu kimi problemlər dünyanın hər yerində var”.
İşçilərin ingilis dilini bilməsi məsələsinə diqqət yetirən rəis müavini bildirib ki, satış yerlərində, kafelərdə, eləcə də karusellərdə ingilis dilini bilən bir və iki nəfər var.
“Biz işçilərimizdən 50 nəfəri kursa göndərmişik və onlar qonaqlarımıza lazımı dərəcədə kömək edə bilirlər. Turistlərdən hələ indiyə qədər heç bir şikayət daxil olmayıb. Əksinə, onlar bulvardakı bu gözəlliklərdən çox razı qalırlar”.
Modern.az