Modern.az

Prezidentin bu mesajı daxili auditoriyada səhv axtarmaq üçün deyil - Fazil Mustafa

Prezidentin bu mesajı daxili auditoriyada səhv axtarmaq üçün deyil - Fazil Mustafa

27 İyun 2020, 16:23

"Sadə həqiqətlər"də tarix elmləri doktoru Vasif Qafarovun Cümhuriyyət dövrü ilə bağlı müzakirəsi cəmiyyətdə əks-səda doğurmuşdu, bu barədə bir neçə əsəbi rəylərə də rast gəlmişdim. Lakin Azərbaycanda elmi-ideoloji qaragüruhun tüğyan etdiyi bir mühitdə belə çıxışları özün birbaşa izləməyincə kiminsə yönləndirici düşüncəsinin əsirinə çevrilmək istəmirsən. İzlədim və öz qənaətimi əldə etdim. Burada tarixçi alimin Rəsulzadə və Hacınskinin İrəvan məsələsində mövqeyinin "səhv" olaraq təkrar-təkrar vurğulanması irad mövzusu ola bilər. Əlbəttə, bir tarixçinin bu qədər əsaslandırlmamış qəti mühakimə ilə tarixi subyektlər barədə qəti ittiham ortaya qoyması arzuolunan deyil. Çünki özünün öncəki bir neçə məqamda ernəni dövlətinin yaradılmasının qaçınılmaz olduğunu vurğulaması həmin "səhv" hökmünü özlüyündən ortadan qaldırır. Lakin bu bir mülahizədir və asanca əsasszılığını ortaya qoymaq mümkündür. Burada aparıcının "hamını öldürdülər, Rəsulzadəni niyə öldürmədilər" sualı qeyri-etik və üzücü idi və Vasif Qafarov fikrimcə bu məqamda Lahıcdan gətirilib Pankratovun ət maşınından qıl payı Stalinin səyi ilə xilas olan və sonra da ilk fürsətdə mühacirətə getməyə məcbur olan cümhuriyyət liderinin burada qalmış ailəsinin necə məhv edildiyini xatırladaraq duruma aydınlıq gətirməliydi.

 

Digər tərəfdən konkret tarixi sirtuasiyada Rəsulzadənin davranışlarını fərqli bir tarixi situasiyada Heydər Əliyevin davranışları ilə müqayisə etmək doğru deyildi. Hər bir siyasi lider öz dövrünün adamıdır və o dövrün konkret şərtlərinə görə davranmağa məhkumdur. Burada bir xüsusi vurğulanmalıdır ki, İrəvan həmin dövrdə Azərbaycanın tarixi torpaqları idi, azərbaycanlıların six məskunlaşdığı ərazi idi. lakin hələ 28 may 1918-ci ildən başlayaraq bunu siyasi ərazi hüdudlarına salmaq yerinə cümhuriyyət liderləri Gəncəyə köçüb Bakını ermənilərdən almanı priorotet məsələ olaraq götürdülər və tarix də göstərdi ki, bu mövqelərində haqlı idilər. İkinci tərəfdən orada əhali faktorundan daha çox erməni ordu birliklərinin qarşısında silahsız azərbaycanlıların qalması faktı hamını narahat edirdi. 

 

Öncələr də qeyd etmişəm ki, prezidentin bu mesajı xarici auditoriyada İrəvan məsələsini mübahisələndirmək üçün vacibdir, daxili auditoriyada bizdən daha vətənpərvər olan şəxsiyyətlərdə səhv axtarmaq üçün deyil. Bütün hallarda bu da cəmiyyətdə bir mövqedir və kimisə linç etmək üçün bəhanəyə çevrilməməlidir. Tutarlı, əsaslandırılmış cavablar yazmaq, mövzunun mahiyyətinə işıq tutmaq daha sağlam yol olardı.

 

Fazil Mustafa, Millət vəkili

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?