Modern.az

Azərbaycandakı “Siqaret mafiyası”ndan Milli Məclisə maneçilik

Azərbaycandakı “Siqaret mafiyası”ndan Milli Məclisə maneçilik

5 İyun 2012, 16:40

QHT təmsilçisi: “Siqaret mafiyası” öz işini onsuz da görür”

Azərbaycanda siqaret çəkənlərin sayı durmadan artır. Bu zərərli vərdişə qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilir. Xarici ölkələrin bir çoxunda ictimai yerlərdə siqaretin çəkilməsi qadağan olunub. Azərbaycanda da bu istiqamətdə işlər gedir, amma uzun müddətdir Milli Məclisdə hazırlanan və müzakirə mövzusu olan sənəd qəbul edilmir ki, edilmir. Bəzi məlumatlara görə, Azərbaycandakı “Siqaret mafiyası” ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunun qəbuluna cidi maneçilik törədir. Görəsən, ölkəmizdə ictimai yerlərdə siqaret çəkmək nə vaxt qadağan olunacaq?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında qanun layihəsi” bir neçə dəfə komitə tərəfindən əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirə olunub. Bu məsələ hazırda da komissiyanın gündəliyindədir. Millət vəkilinin sözlərinə görə, qanunun qəbul olunmasını ləngidən bir sıra amillər var:
“Onlardan ən əsası əhalinin bu sahədə kifayət qədər maarifləndirilməməsidir. Çünki biz monitorinqlər aparırıq, hələlik əhalinin çox hissəsində siqaret çəkmənin məhdudlaşması ilə bağlı məhdudiyyətlərə psixoloji inam yoxdur. Bu da o qanun layihələrindəndir ki, qəbul olunandan sonra mütləq işləməlidir. Əgər bu qanun işləmədisə mütləq hörmətdən düşəcək. Ona görədə başqa ölkələrin də təcrübəsini öyrənirik”.

Musa Quliyev hesab edir ki, siqaret çəkmənin məhdudlaşması ilə bağlı mərhələli qanununun qəbul olunması ən doğru adımdır: “Bildiyimiz kimi, keçən ilin payız sessiyasında ictimai nəqliyyatda siqaret çəkilməsinin qadağan olunması ilə bağlı inzibati xətalar məcəlləsinə əlavə dəyişikliklər etdik və 50 manatlıq cərimə qoyduq. Hazırda o qanun artıq qüvvədədir və işləyir. Apardığımız müşahidələr də göstərir ki, bu qanun uğurlu tətbiq olunmaqdadır. Faktiki olaraq ictimai nəqliyyatda siqaret çəkmə hallarına rast gəlinmir. İkinci yol kimi fikirləşirik ki, tütün məmulatlarına aksiz vergisinin artırılmasını da qanun səviyyəsində təsdiq edək. Payız sessiyasında Vergilər Məcəlləsinə əlavə dəyişikliklər təklifi ilə çıxış edəcəyik. Sonrakı mərhələ də isə bütövlükdə qanunu qəbul edərik”.

“Digər məsələ qanun qüvvəyə minəndən sonra icra mexanizmi ilə bağlı bəzi razılıqların olmamasıdır”, – deyə millət vəkili vurğulayıb. “Ortada müxtəlif təkliflər var. Yəni qanun qəbul olunandan sonra buna nəzarəti hansı orqanlar həyata keçirəcək, cərimələrin qaydası necə olacaq. Bununla da bağlı hələlik müzakirələr gedir. Düşünürəm ki, bu qanun gələn ilin payız sessiyasında, ya da növbəti ilin yaz sessiyasında qəbul olunacaqdır. Qanunun qəbul olunmasında “siqaret mafyası”nın qətiyyən rolu yoxdur. Bu siyasi iradəylə, siyasi qərarla bağlı bir məsələ olduğundan o işlərə o  qədərdə maneçilik törətmir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə millət vəkilindən fərqli olaraq, hesab edir ki, “siqaret mafyası” dolayı yollarla da olsa, qanunun qəbul olunmasına mane ola bilir.

“İlk baxışda bütün dünyada guya tütün istehlakçıları tütün əleyhinə investisiyalar, pullar buraxır. Lakin onlar dolayı yollarla öz işlərini görürlər. Məsələn, Azərbaycanda tütünün reklamı qadağandır. Lakin plastik kasetlərdə tütünün reklamı gedir. Uşaqlara doğru yönəlmiş saqqızlar siqaret şəkilində reklam olunur. Beynəlxalq Hava Limanında da siqaretin reklamı var. Bundan əlavə, 2001-ci ildə tütün və tütün məmulatı haqqında qanun qəbul olunubdur. Bu qanun və konvensiyanın tələblərinə görə, Azərbaycanda siqaretlərin tək-tək satışı qadağandır. İctimai yerlərdə, reklamı qadağandır və s. Qanunun tələbləri yerinə yetirilmir. Qəzet köşklərində, habelə sağlamlıq və təhsil müəssisələrinin yaxınlığında tək-tək hallarda siqaret satışı həyata keçirilir. Dünya Səhiyə Təşkilatının sənədlərinə görə, siqaretlərin etiketi 6 aydan bir dəyişilməlidir. Böyük hərflərlə yazılmalıdır, ayrı-ayrı adlar altında olmalıdır. Amma  qayadalara riayət edilmir. Bu isə o deməkdir ki, mafya hələ də öz işini görür”.

Şahanə RƏHİMLİ

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?