Modern.az

Azərbaycanda kirayə maşın necə verilir...

Azərbaycanda kirayə maşın necə verilir...

9 İyul 2012, 09:24

Yaxud “Rentakar” xidməti ləng inkişaf edir...


Bizdə avtomobil sahibi olmaq dəbə çevrilib. Qonşu-qonşuya baxıb canını ən aşağısı “Prado” ilə yaxır. Yavaş-yavaş “06” ya minmək geridə qalmışlıq sayılmağa başlayıb. Düzdür “07” birtəhər başını girləyir, o da “avtoş”ların hesabına. Onlarda olmasa, “07” o dünyalıq olar.

İnkişaf etmiş xarici ölkələrdə isə bizim məşhur atalar sözünə əməl edirlər: “Nə olur olsun, ayağımı yerdən götürsün”. Yəni əcnəbilər üçün avtomobil dəb yox rahatlıq anlamı daşıyır. Elə bu səbəbdən də həmin ölkələrdə “Rentakar” (avtomobil icarəsi) adlanan sahə sürətlə inkişaf edib. Dincəlməyə, səyahətə gedəndə “Rentakar” xidmətindən istifadə edilir. Bir ətək pul verib “JEEP” almağa ehtiyac yoxdur.

Qeyd edək ki, avtomobil icarəsi biznesi dünyada kifayət qədər inkişaf etsə də, Azərbaycanda bu sahə hələ bir o qədər də özünü büruzə verə bilmir. Düzdür, hazırda rəsmi qaydada 20-yə yaxın şirkət avtomobil icarəsi ilə məşğul olur. Amma bu şirkətlərin bazarı o qədər də geniş deyil. Onların xidmətlərindən əsasən Azərbaycanda işləyən əcnəbilər yararlanırlar.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən “Avtomobil.az” saytının iqtisadiyyat və cəmiyyət rubrikaları üzrə redaktor Seymur Yunusovun fikrincə, Azərbaycan avtomobilləşmə səviyyəsinə görə dünyadan geri qalır. Belə ki, Avropada hər bir nəfərə 400-600 avtomobil düşdüyü halda, Azərbaycanda bir nəfərə 110 avtomobil düşür. ABŞ-da isə bu göstərici 1000-1200 arasındadır. Halbuki, orta dünya göstəricinə görə, hər bir nəfərə 500 avtomobil düşməlidir.

Ümumiyyətlə “Rantakar” bazarının ölkəmizdə inkişafdan qaldığını deyən  Seymur Yunusovun fikrincə, bunun  birinci səbəbi qiymətlərin bahalığıdır. Onun sözlərinə görə, avtomobil icarəsinin  bir günlük qiyməti Avropa ölkələri ilə müqayisədə iki dəfə bahadır: “Əgər bizdə bir günlük icarə qiyməti 60-70 manatdırsa, Avropada bu xidmət 35-40 manata başa gəlir. Hətta Azərbaycanda birgünlük icarəsi 1500-ə olan avtomobillər var. Bunun da öz səbəbi var. Belə ki, Avropa alıcısının zövqü ilə Azərbaycan  alıcısının zövqü tamamilə fərqlidir. Bizdə daha çox qabaritli, mühərriki böyük olan maşınlara üstünlük verirlər. Müştərilərin zövqünü nəzərə alan şirkətlər də belə maşınlara üstünlük verirlər. Bu avtomobillər baha alındığından icarə haqqı da yüksək olur. Məsələn, Avropada rentakar şirkətlərinin verdiyi maşınları çoxu “Seyat Switt”, “Toyota Yari” kimi maşınlardır. Yəni 0,8-1,2 motora malik, kiçik ölçülü nəqliyyat vasitələridir. Bu avtomobillərin qiyməti isə nisbətən ucuzdur. Halbuki bizdə ekonom klassların icarəsi demək olar ki, yoxdur. Ən çox isə mühərrikin həcmi böyük olan maşınlar icarə edilir”.

Avropada avtomobil paylaşma sisteminin inkişaf etdiyini deyən S.Yunusov dünya təcrübəsinin Azərbaycandan fərqləndiyini bildirdi: “Maşın icarə götürmək istəyən şəxs bu xidmətə üzv olur və həmin şirkət ona kart verir. Şirkətin isə şəhərin müxtəlif yerlərində dayanacaqları olur. İnternet vasitəsilə istədiyin maşını icarəyə götürüb istifadə edə bilirsən və icarələdiyin avtomobili iş yerində, evinin qarşısında və ya qeyri yerdə saxla bilirsən”.

“Aznur” şirkətinin satış üzrə meneceri isə bildirdi ki, təmsil etdiyi şirkət müştərilərlə uzunmüddətli kontraktlar bağlamaqla işləyirlər: “Nəzərinizə çatdırım ki, uzunmüddətli müqavilə ucuz başa gəlir. Məsələn, icarə qiyməti avtomobilin icarə müddətindən və klassından asılı olaraq dəyişir. Daha çox “Sedan” və “Jeep” markalı maşınlar icarəyə verilir.

Birgünlük icarə qiyməti 60 manatdan başlayan avtomobillərin icarə müddəti isə müştərinin istəyindən asılı olaraq dəyişir”.

Şirkət menecerinin dediyinə görə, yaşı 22-ni keçən və sürücülük vəsiqəsi olan istənilən adam şirkətdən avtomobil icarəyə götürə bilər. Şirkət meneceri onu da bildirdi ki, icarəyə verdikləri avtomobillərin sığorta məsələsi şirkət tərəfindən həll edilir: “Hər bir avtomobil sığortalanır. Avtomobil qəzaya düşdükdə sığorta şirkəti təmir xərcini ödəyir. Əlavə xərc tələb olunarsa müştərinin adına açılan depozitdən çıxılır”.

“Avis” rentakar şirkətindən isə bildirdilər ki, Azərbaycanda rentakar biznesi hazırda inkişaf dövründədir: “Vətəndaşlarımızın əksəriyyəti kirayələmək çox pul itkisinə səbəb olur. Halbuki, rentakarın çox müsbət tərəfləri var. Belə ki, avtomobil kirayələmək ilk növbədə müştərinin rahatlığı deməkdir, digər tərəfdən kirayəyə verilən avtomobillərin hamısı sığortalanıb, servisi də özümüz həyata keçiririk”.

Şirkətin icarə şərtləri bir qədər fərqlidir. Belə ki, yalnız yaşı 25-dən yuxarı, sürücülük təcrübəsi isə 2 ildən çox olanlar avtomobil kirayələyə bilərlər. Şirkət əsasən “Toyota”, “Prado”, “Sedan”, “Honda” markalı avtomobillərin icarəyə verir. Belə avtomobillərin bir sutkalıq icarə haqqı 60 dollardan 250 dollara qədər artır. Maşınların “klass”ından asılı olaraq aylıq icarə qiymətləri 70-3000 dollar arasında dəyişir. Əgər avtomobil qəzaya düşərsə şirkət 150 dollara qədər olan xərci ödəyir. Qalan xərcləri isə sığorta şirkəti təmin edir. 

Onu da qeyd edək ki, avtomobillər icarəyə götürülən zaman şəxsə ya vəkalətnamə, ya da yol vərəqəsi verilir. Hər iki sənəd avtonəqliyyat vasitəsinin başqa bir şəxsə etibar edildiyini təsdiqləyir. Qanunla icarəyə verilən avtomobillər saxlanıldıqda sözügedən sənədlər olmadıqda cərimə meydançasına aparılır. Avtomobil qısa müddət üçün məsələn, bir neçə saatlıq və bir-iki günlük icarəyə veriləndə yol vərəqəsi ilə təmin edilir. Digər hallarda əsasən vəkalətnamədən istifadə olunur.

Gültəkin Ələsgər  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi