"27 sentyabrdan başlayan müharibə zəfərlə başa çatıb. Dağlıq Qarabağ konflikti artıq tarixə qovuşdu. Bu zəfər bizim şəhidlərimizin qanı bahasına qazanılıb".
Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərmanı ilə bağlı keçirilən onlayn mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Ü.Mehdiyev qeyd edib ki, Fond dövlət tərəfindən şəhidlərimizə, onların ailələrinə əlavə dəstək üçün yaradılıb:
“Son dövrlər vətəndaş cəmiyyətdən gələn təşəbbüslərlə məhz belə Fondun yaradılması qərara alınıb. “YAŞAT” fondunun platforması vasitəsilə şəhid ailələrinə və yaralılara yardım göstərmək mümkün olacaq. Məqsəd operativliyi və şəffaflığı təmin etməkdir. Hər kəs bu Fonda toplanan və xərclənən vəsaitin hesabatlılığına nəzarət edə biləcək”.