Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın əməkdaşı Himayəçilik Şurasının üzvlərindən açıqlama alıb.
Xalq artisti, tanınmış muğam ustası Mənsum İbrahimov:
“Bu günlərdə ən önəmli mövzulardan biri də müharibədə yaralananlara, şəhid ailələrinə yardımın edilməsi ilə bağlıdır. “YAŞAT” Fondu döyüşdə yaralanan və şəhid olan əsgərlərin ailələrinə yardım edəcək. Fond torpaq uğrunda canını fəda edən, qəhrəmancasına döyüşən əsgərlərimizi həmişə diqqətdə saxlayacaqdır”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə:
“Cənab prezident tərəfindən vaxtında verilmiş bir sərəncamdır. Adındakı “Yaşat” sözü hər şeyi ifadə edir. Biz vətən uğrunda şəhid olan qəhrəmanların həyatda qalan əmanətlərini, qazilərimizi yaxşı səviyyədə yaşatmalıyıq.
Bu missiya təkcə dövlət orqanının fəaliyyəti deyil. Xalq olaraq biz onları yaşadacağıq. Təkcə Azərbaycanda deyil, dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlılar artıq “Yaşat” Fonduna elektron müraciət edərək, şəhid ailələrinə, qazilərə həm mənəvi, həm də maddi cəhətdən dəstək olacaqlar. Artıq bu ailələrin problemləri bütün azərbaycanlıların problemidir. Hamımız birlikdə çalışacağıq ki, xalqımıza, dövlətimizə layiqli yaşasınlar. Onların övladları, bizlərə qoyub getdiyi əmanətləri çox yüksək səviyyədə təhsil alsınlar. Biz onların həyatını davam etdirmələri üçün hər şəraiti yaratmağa çalışacağıq. Onların problemlərini tez bir zamanda həll edəcəyik. Biz indiyədək “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq bunları edirdik. Məncə, yaradılan Fond sayəsində daha çox işlər görə biləcəyik. Müraciətləri daha adekvat, tez bir zamanda cavablandırmağa çalışacağıq. Ümid edirəm ki, dövlətimiz və millətimiz üçün xeyirli işlər görəcəyik. Şəhidlərimizin ruhunu şad edəcəyik. Qazilərimizin də sağlamlığına köməkçi olacağıq. İnşallah ki, bunu bacarırıq”.
Nəzrin Vahid
Fidan İlqarqızı