Modern.az

Ermənistan yenidən müharibə istəyər? - Hərbi ekspert: “Belə bir şey olsa...”

Ermənistan yenidən müharibə istəyər? - Hərbi ekspert: “Belə bir şey olsa...”

Aktual

17 Dekabr 2020, 12:12

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.  Ermənistan yenə də bəyanata əməl etmədən, öz çirkin əməllərinə davam edir. Bəyanatın pozulması nəticəsində 4 hərbi qulluqçumuz həlak olub. Ermənistan xain planlarına davam etsə, yenidən müharibə şəraiti yarana bilərmi?

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin Emin Həsənli Modern.az-a bildirib ki, Azərbaycan cəmiyyətinin haqlı olaraq Ermənistana və onun sözlərinə inamı yoxdur.

“Çünki Ermənistan illərdir üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmir, bağlanan müqavilələrin hamısını pozur. Ona görə də Azərbaycan cəmiyyətində daim narahatçılıq var ki, Ermənistan öhdəliklərə əməl etməyəcək.
Noyabrın 10-u imzalanan üçtərəfli bəyanatdan sonra əsas narahatçılıq Kəlbəcərin vaxtının uzadılması idi. Amma Kəlbəcər, Ağdam, Laçın boşaldıldı. Ermənistan bu bəyanata əməl etməyə məcburdur. Əgər əməl etməsə, çox ağır vəziyyətdə qalacaq, çünki Ermənistan ordusu məhv olub. Müharibə zamanı Ermənistana 10 milyard dollardan çox ziyan dəyib, büdcəsində kəsirlər var. Ermənistanda siyasi, hərbi böhran getdikcə dövlət böhranına çevriləcək. Ermənistanın tək yolu Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqdır. Türkiyəyə qarşı sözdə erməni soyqırımından, ərazi iddiasından əl çəkmək, Azərbaycandan üzr istəyib təzminat ödəyib normal münasibət qurmaq... Əgər bunlara əməl etməsə, “dəmir yumruq” başının üstündə olacaq".


Emin Həsənli qeyd edib ki, Qarabağda sülhməramlı missiyanı yerinə yetirmək Rusiya üçün böyük bir sınaqdır:

"Rusiya üçün Azərbaycan və Türkiyə çox önəmli dövlətlərdir və onlarla iqtisadi, siyasi, mədəni əlaqələri var. Rusiya bu münasibətləri qorumağa çalışacaq amma sülhməramlılar da gərək öz öhdələrinə düşəni yerinə yetirsinlər. Bəyanatın konkret maddəsi var: "Ermənistan silahlı qüvvələri işğal etdiyi bölgələri tərk edəcək və onların yerinə Rusiya sülməramlıları gələcək". Amma təəssüflər olsun ki, həmin ərazilərdə hələ də erməni silahlı qüvvələri qalıb. Başda Araik Arutunyan olmaqla bütün terrorçülar ordadır və haqlı olaraq bu hadisə bizdə narahatçılıq yaradır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün erməni terrorçular oradan tərk-silah edilməlidir, yoxsa Azərbaycan özü bunu edəcək. Beynəlxalq hüquq da bizim tərəfimizdədir, Rusiya da Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bilir. Azərbaycan müstəqillik, ərazi bütövlüyü, suverenlik üçün heç kimə, heç bir ölkəyə güzəştə getməyəcək. Diplomatik masada da biz qələbə əldə edəcəyik".

"Ermənistan əgər bir daha müharibəni ağlından belə keçirsə, elə bir ölkənin varlığı sual altında olacaq. Müharibə müddətində Azərbaycan “dəmir yumruğ”u Ermənistanın başına elə vurdu ki, 50 il özlərinə gələ bilməyəcək. İnsanlarımız arasında bəzi narahatçılıqlar var ki, Ermənistan yenidən güclənəcək və müharibə etmək istəyəcək, belə bir şey mümkün ola bilməz. Hazırda bütün yüksəkliklər də bizdədir - havaya, quruya biz nəzarət edirik. Ona görə də vətəndaşlarımız qətiyyən narahat olmamalıdırlar".

Mehri QURBAN

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?