Azərbaycan, Rusiya və Türkiyə arasında razılaşmaya əsasən, Türkiyə Ordusunun hərbiçiləri Azərbaycanda – Ağdamdakı Monitorinq Mərkəzində atəşkəsə nəzarət edəcəklər.
Türkiyə Quru Qoşunlarının Xüsusi Mina Axtarma Təmizləmə qrupundan 136 nəfər artıq Azərbaycana gedərək vəzifələrinə başlayıb.
Bəs Türkiyə əsgərləri bölgədə yerləşəndən sonra nələr dəyişəcək, Qarabağda erməni təxribatlarına son qoyulacaqmı?
Modern.az mövzu ilə bağlı hərbi ekspert, general-leytenant Yaşar Aydəmirovla danışıb. Onun sözlərinə görə, Türk əsgəri gələndən sonra təxribatlara son qoyulacaq:
"Ermənilərin təxribatlar törətmələrinin səbəbi Ermənistanda vəziyyətin gərgin olmağıdı. Ermənilərin başına bizim əsgərlərimiz kifayət qədər zərbə endirib. Amma, onların hələ ağılları başlarına gəlməyib. Yəqin ki, bu gündən sonra onların başlarına dəyəcək yumruq ağıllarını yerinə gətirəcək.
Türk ordusu monitorinqlər aparacaq, əsaslı faktlar qoyacaq qarşılarına.
Türk sülhməramlılarının gəlməyi ilə erməni təxribatlarına son qoyulacaq".
Fidan İlqarqızı