Modern.az

Qalib sərkərdə, var olun!

Qalib sərkərdə, var olun!

24 Dekabr 2020, 10:36

Bu gün qalib sərkərdəmizin doğum günüdür. O qalib sərkərdə ki biz onunla hər zaman fəxr etdik, bu gün də fəxr edirik, sabah da fəxr edəcəyik! Onun adı hər zaman tarixdə qalacaq.

 

2003-cü il 15 oktyabr tarixində keçirilən Prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyi tarixində yeni keyfiyyət mərhələsi başladı.

 

Dərin zəkalı lideri Azərbaycan xalqı özünə Prezident seçdi və geridə qoyduğumuz 17 il bu qərarın düzgün olmasını təsdiqlədi.

 

Uğurlu daxili və xarici siyasət, məntiqli, təmkinli və çevik qərarlar bu gün Azərbaycanı daha qüdrətli, daha güclü etdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu strategiya ölkəmizin gələcəyini təmin etdi. Yürüdülən siyasətin əsas prinsipi hər bir Azərbaycan vətandaşının mənafeyinin qorunmasıdır, onun müstəqil və güclü dövlətdə yaşamasının təşkil edilməsidir. Xalqımızın daha yaxşı yaşayışını təmin edən bir çox qanunlar qəbul edilib və hal-hazırda icra olunur. İslahatlar sayəsində dövlətimiz sosial yönümlü olub.

 

Ötən 17 ildə ölkəmizin inkişafı daha da sürətlənib. Həyata keçirilən bütün islahatlar bir məqsədə xidmət edir - xalqımızın firavanlığına. Uzun illər yürüdülən siyasət nəticəsində Azərbaycan qaz təchizatını nəinki təmin edən, eyni zamanda Avropa ölkələrinin tələbatının ödənilməsində mühüm rol oynayan bir ölkəyə çevrilib. Praqmatik və uğurlu siyasət Azərbaycanı dünyanın tranzit, nəqliyyat, turistik və ticarət mərkəzlərindən biri edib. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu, təsiri və gücü daha da genişlənib. Nəticədə bizimlə əlaqələr qurmaq istəyən dövlətlərin sayı artıb, dostlarımız çoxalıb. Bir çox dövlətlərlə biz səmərəli əməkdaşlıq edirik. Azərbaycanın tətbiq etdiyi inkişaf modeli bir çox ölkələrin marağına səbəb olub, onlar bu təcrübəni gələcəkdə faydalanmaq üçün təhlil edirlər. Bu gün Azərbaycan bir çox dövlətlər üçün etibarlı tərəfdaşdır.

 

Bu gün biz bu dəstəyi daha çox hiss edirik. Yaşadığımız son günlər Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq. Bu gün güclü liderin idarə etdiyi dövlətimiz, hərbçilərimiz düşməni Azərbaycanın əzəli torpaqlarından qovur. Dünyanın 50 güclü ordusundan biri olan Azərbaycan Ordusu 30 ilə yaxın müddətdən sonra ölkəmizin ərazi bütövlüyünü bərpa edir. Son günlərdə xalqımızın milli ruhu daha da yüksəlib, özünəinamı artıb. Lider ətrafında sıx birləşən xalqımız tarixi ədaləti bərpa edir. Azərbaycan bütün sahələrdə zəfər çalır. Hər gün Böyük Qələbə daha da yaxın olur.

 

XX yüzilliyin 20-ci ilini başa vurmaqdayıq. İl sonlarında, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bir-birimizi təbrik edərkən işlətdiyimiz cümlələr 30 ilə yaxındı eyni məzmunlu olurdu: “Arzu edirəm, gələn bayramı, yeni ili Şuşada qarşılayaq”! Bu il bu arzumuz çin olub, inamımız doğrulub. – Bu inamı bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız başda olmaqla Azərbaycan Silahlı Qüvvələridir! Cənab Ali Baş Komandana çox minnətdarıq! Uzun illərin həsrətinə son qoyuldu. Xalqın inamı özünə qayıtdı. Generallarımız, zabitlərimiz, əsgərlərimiz, məcburi köçkünlərimiz, ev-eşiyi dağılmış mülki əhali – bir sözlə, qədirbilən xalqımız İlham Əliyevin dövlət və siyasət xadimi, ölkə rəhbəri olaraq, necə gərgin işlədiyini Vətən Müharibəsində bir daha gördü. Cənab Prezidentin özəlliklə şəhid ailələri, yaralı hərbçilərimizlə bağlı diqqət-qayğısı bir örnək təşkil edir. İlham Əliyevin dövlət idarəetmə məktəbi, ustad diplomatiya dərsləri, dövlət-xalq birliyinin təntənəsini yaşatması 44 gün içində xüsusilə parlaq şəkildə özünü göstərdi.

 

Prezident İlham Əliyev öz qarşısına strateji hədəflər qoyan və o hədəflərə necə, nə vaxtadək, kiminlə çatmaq planında alternativlərin ən yaxşısını seçən liderdir. O, çağdaş tələblərə cavab verən, rəqabətə davamlı iqtisadi sistemin yaradıcısıdır. Məhz İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikamız yeni infrastruktur layihələrin meydanı oldu, ölkəmizdə yeni iqtisadi, sosial, mədəni infrastruktur formalaşdırıldı. Çağdaş dövlət və vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət yaşamının bütün sahələrini əhatə edən islahatlar... İlham Əliyevin adı ilə bağlıdır.

 

Prezidentin özünün dediyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində insan amili” durur. Prezidentin siyasətində humanizm prinsipinin, multikulturalizm ənənəsinin inkişaf etdirilməsi, eləcə də, güclü milli birlik və vətəndaş həmrəyliyi xüsusi istiqamət təşkil edir.

 

Beləliklə, Prezident İlham Əliyev hələ 17 il öncə qarşıya qoyduğu, bəyan etdiyi strateji hədəflərə nail olunması üçün bütün sferalarda uğur qazanıb. Bura, istər beynəlxalq miqyasda, istərsə ölkə daxilində görülmüş məqsədyönlü, ardıcıl siyasət, bir sözlə, “güclü dövlət” konsepsiyası daxildir.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri o torpaqları işğaldan azad edib. Köçkünlər yaxın vaxtlarda öz yurd-yuvalarına qayıdacaqlar.
Bu gün (ad gününün qabaqkı günü) İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad edilmiş bölgələrə getmişdi.

 

Bu gün İlham Əliyev əvvəlki ad günlərində köçkünlərlə görüşə getdiyi günlərdən tam fərqli görünürdü. Çünki bu dəfə o qalib sərkərdədir. Qalib olmaq gözəl hissdir.

 

Cənab prezident, bu dəfəki doğum gününüz çox gözəl bir vaxta təsadüf edir. 44 günlük Zəfər tarixindən sonra sizin növbəti doğum gününüzdür. Tanrı sizi qorusun, cənab Ali Baş Komandan!

 

Tanrı sizə yar olsun, qalib sərkərdəmiz!

 

Tahir Süleymanov, 

Ağsaqqallar Şurasının sədr müavini,

keçmiş deputat

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi