Modern.az

“O qadın sahibkar olmasaydı, evdə ərini döyərdi” - Karxanası olan biznes-ledi - MÜSAHİBƏ

“O qadın sahibkar olmasaydı, evdə ərini döyərdi” - Karxanası olan biznes-ledi - MÜSAHİBƏ

Ölkə

4 Oktyabr 2012, 10:51

Modern.az “ Sahibkar qadınlar” adlı silsilə müsahibəsini təqdim edir. Budəfəki sahibkar qadın müsahibimiz Mehriban Mirzəhüseyndir.

– Biznesin hansı sahəsi ilə məşğul olursunuz?

– Mən ev tekstil ilə məşğulam. Yəni interyer dizaynerəm. Evlərin dizaynın dəyişdirirəm. Eyni zamanda evin pərdəsinin, yataq dəstlərinin hazırlanması üçün sexim də var. Bakıda kafelərin, restoranların dekorasiyasının verilməsində və vəzifəli şəxslərin, artistlərin evlərinin dekorasiyasının dəyişdirilməsində iştirak edirəm. Amma əsas fəaliyyətlərimdən biri də Qaradağda yerləşən daş karxanamla bağlıdır.

– Maraqlıdır bir qadın üçün daş karxanası işlətmək çətin deyil ki?   

– Çox ağır sahədir, çalışıram ki, görüm orada necə özümü göstərə bilərəm. Eyni zamanda bu daşlardan bir mənada da dizayner kimi istifadə edəcəyəm. Doğrudur, bunları etmək heç də asan başa gəlmir. Karxanaya gedən yolların düzəldilməsi, karxanaya işığın çəkilməsi, karxananın işə salınması üçün hazırlıq prosesi bunların özü elə çətin bir mərhələdir. Bir məsələ də var ki, mənim karxanamda istehsal olunan daşlar şəhərin gözəlliyinə xidmət edəcəkdir. Yəni bu daşlarla binaların, şəhərin bir növü dekorasiyası düzəldiləcək.

– Deyirsiniz ki, uzun illər evdə uşaqlarınızı böyütməklə məşğul olmusunuz, bəs necə oldu ki, bizneslə məşğul oldunuz?

– Elədir uzun illər işləməmişəm. Çünki uşaqlarım balaca idi, onları böyütməklə məşğul idim. Bir müddət Türkiyədə yaşamışam. Bizneslə məşğul olmağımın əsası elə orada yaşadığım zamanlardan başlayıb. Əslində təhsillimə görə ərzaq malları əmtəəşünasıyam, amma bu sahə ilə məşğul olmaq daha maraqlıdır.  

– Maliyyə çətinlikləriniz olanda vəziyyətdən necə çıxırsınız?  

– Mən hökumətdən və banklardan da heç bir şəkildə faydalanmıram. Sahibkarlar üçün verilən kreditlərdən də istifadə etmirəm. Karxana yalnız öz sərmayəmizdən yaranıb.

– Elə olubmu ki, deyəsiniz, çətindir və ya mən xanımam bunu bacarmaram?

– Bir xanım üçün çətin odur ki, evdə oturasan. Mən elə olur ki, işimlə əlaqədar rayona getməli oluram. Heç bir sürücüdən istifadə etmirəm. Maşını özüm sürürəm. Əsas odur ki, bir işi görmək üçün özünü yumruq kimi güclü hiss edəsən. Mən düşünmüşəm ki, mən çox cavanam, və enerjiliyəm, halbuki 49 yaşım var. Gücüm var və mən bu gün pul qazana bilərəm.

– Mentalitetimiz necə çətinliklər yaradıbmı sizə?

– Azərbaycanda sahibkar qadın olmaq mümkündür. Qadın hər bir zaman kişiyə nisbətən daha aktiv olub. Əvvəllər mentalitet buna imkan vermirdi, indi isə düşünürəm ki, indi belə bir problem yoxdur. Neçə-neçə il qabaq Sahibkar qadınlara bir az başqa cür baxırdılar. İndi isə özümə qarşı belə bir şey hiss etməmişəm. Tutaq ki, bir kişi ilə iş görüşməsi edirəmsə, kişilər məni o qədər hörmətlə qarşılayırlar ki! Deyirlər, halal olsun. Çünki hamı görür ki, işimdə həm ağayam, həm də nökər. Övladlarımı özüm yetişdirmişəm. Cəmiyyətə xeyirli bir övlad vermişəm.

– Sahibkar kişilər sahibkar qadınlara bir az qısqanclıqla yanaşırlar...

– Rast gəlməmişəm. Kişilər həsrətlə baxırlar ki, yəni qadınlar belə zəhmətkeş, ağıllı ola bilərmiş. Məsələn, əvvəllər maşınım yox idi, piyada gəzirdim. İndi isə vəziyyət başqa cürdür. Dövlət məmurlarından biri hətta bir dəfə mənə dedi ki, anamı yasa, toya apara bilmirdim, sizin necə maşın sürdüyünüzü görəndən sonra getdim arvadıma da maşın aldım ki, onu o hara istəsə aparsın.

– Deyəsən, siz daha çox sahibkar qadınlardan qısqanclıq görmüsünüz?

– Kişilərdən fərqli olaraq, qadın sahibkarlardan mənə qarşı qısqanclıq edənləri görmüşəm.

– Deyirlər, qadının sahibkar olub hər şeyi əlində saxlaması üçün bir növ kişi xarakterinə malik olması gərəkdir ?

– Qətiyyən belə deyil. Birdə görürsən ki, qohumlarım deyir ki, qonaq gəlirəm. Tez durub qollarımı çırmalayıb onların ağız tamına uyğun yemək hazırlamışam. Çünki qadın sahibkar olmaqdan öncə anadır, xanımdır. Düzü, ətrafımda olan sahibkar qadınlarda “kişi tipi”nə o qədər də rastlaşmamışam. Amma eləsi də olur ki, kobudlaşır. Bu, onun məncə tutduğu statusla yox, onun xarakteri ilə bağlıdır. O qadın sahibkar olmasaydı, evdə ərini döyərdi.

Mən sahibkar qadın tanıyıram ki, qızına toy elədi. Toyun maliyyəsini özü ödədi. Əlini toyun axırına kimi belinə qoydu, durdu tamadanın yanında, elə bil ki, kişidir. Bu, onun öz ərini başqalarının yanında kiçiltməsi idi.

Düşünürəm ki, nə qədər vəzifən, pulun olsa da kişinin yerini bilməlisən.

– Ailəyə vaxt ayırmağa imkanınız olurmu?


– Nəvəmi özüm məktəbə aparıb gətirirəm. Bu gediş-gəlişdə xeyli zövq alıram.

– Bəs qohumlar, qonşular arasında sizi qınayan olubmu ki, qadın hara sahibkarlıq hara?

– Məni qınayan olmayıb. Nəsil həmişə mənimlə fəxr edib. Mən maşın alanda qardaşım bir az etiraz etdi. Amma belə heç kimdən pis bir şey eşitməmişəm.

– Dövlət məmurları ilə probleminiz olubmu?

– Sən hüququnu bilirsənsə, səni heç kim sıxışdıra bilməz. Qanun var, qayda var . Hüququnu bilməsən, əlbəttə, səni əzərlər. Yaxşı da var, pis də. İşini bilirsənsə, heç kim heç nə edə bilməz. Bizim qadınlarımız bacarıqlı, işlək olsalar da, hüquqlarını çoxu bilmir.

Deyirlər, ən güclü qadının belə kişi dəstəyinə ehtiyacı olur?

– Təbiətin qanunudur: qadının yanında hər zaman kişi olmalıdır. Amma bu da düzdür ki, bir çox sahibkar qadınların ərləri yoxdur. İş baxımından mən hiss etməmişəm ki, mənim arxamda güclü bir kişi olsun. Həyat yoldaşıma gəldikdə isə o yalnız mənim həyat yoldaşım ola bilər. Bəlkə də mən sərt insanlarla üzləşməmişəm.

– Ailənizdə güzəştə gedən tərəf kimdir ?

– Hər halda qadınlar güzəştə gedir.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Paşinyanla mübahisə etdi