Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bir neçə aydır ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqini həyata keçirir. Komissiya həmçinin valideynlərə, şagirdlərə və müəllimlərə elan edib ki, respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan I-XI sinif dərslikləri, dərs vəsaitləri və digər tədris vasitələri ilə bağlı (bütün fənlər üzrə Azərbaycan və rus dillərində) fikir, irad və təkliflərini TQDK-nın elektron poçtuna ([email protected]) göndərə bilərlər.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, artıq dərsliklərdəki nöqsanlarla bağlı ilkin şikayətlər daxil olub. Bunlar əsasən riyaziyyat və tarix fənləri üzrə dərsliklərdəki nöqsanlarla əlaqədardır.
“Dərsliklərdəki nöqsanlarla bağlı komissiyaya müəyyən müraciətlər artıq daxil olub və hazırda da daxil olmaqda davam edir. Bütün bunlar monitorinqin işində nəzərə alınmaq üçün araşdırılacaq bir neçə parametrlərdən biridir”.
Komissiya rəsmisi hazırda TQDK-da ibtidai sinif fənləri üzrə dərsliklərin monitorinqinin yekun qiymətləndirilməsinə başlandığını deyib. Yanvar ayında prosesin ilkin nəticələrinin ortaya çıxarılması nəzərdə tutulub. Həmin vaxt bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək. Yanvar ayından sonra isə yuxarı sinif - 6-11-ci sinif - dərsliklərinin monitorinqinə başlanılacaq.
Mail Ağaxanov