Modern.az

Əsl alim, yoxsa...

12 Dekabr 2021, 20:56

Mahir QABİLOĞLU


Atamın bir dayısı qızı vardı. Mənzər İbrahimova. Nizami adına Ədəbiyyat İnstitutunda işləyirdi. Əmək fəaliyyətinin əvvəlindən sonuna  kimi. Bir dəfə eşitdik ki, xəstələnib. Həyat yoldaşımla getdik evinə baş çəkməyə. Düzü bilmirdim ki, xərçəngdir, ömrünün sonuna 2-3 ay qalıb. Ürək xəstəsi olduğunu dedi. Atamgilin nəslində bu təbii bir şey idi. Bir az söhbət elədik. Dedi ki, “Tatarıstana gedəndə arxivdə bir kitab tapmışam. 1910-cu ildə yazılıb. İki dənə idi. Birini mənə bağışladılar. İndi onu tədqiq edəcəyəm. Ruscadır. İrəvanın tarixindən bəhs edir”. Müəllifin, kitabın adını da dedi. Yadımda saxlamadım. Bilirdim ki,  ortaya samballı bir əsər çıxaracaq və mənə də bağışlayacaq. Çünki Mənzər İbrahimova əsl alim idi.


“Əsl alim” sözü çox gülünc səslənsə də, günümüzün reallığıdır. Bəs onda adi filoloq olan mən bir alimə, 71 yaşlı filologiya elmləri namizədinə necə qiymət verə bildim? 71 yaşlı Mənzər İbrahimova elmlər namizədi idi. Nəriman Nərimanovdan müdafiə etmişdi. Bu elmi əsəri 16 ilə yazmışdı. Lap qəhqəhə çəkib gülməli məqamdır. Yox, gəlin bir az xırdalayım ki, aydın olsun. Özünə hörmət edən alimin ömrü əvvəl kitabxanalarda, sonra isə arxivlərdə keçər. Mərhələni niyə bu cür müəyyən etdim? Çünki əvvəlcə yazdığın mövzuyla bağlı səndən əvvəl gələn alimlərin, yazıçıların əsərlərini, yazdıqlarını oxumalısan. Sonra isə arxivlərdə axtarışa başlamalısan ki, görüm alim kimi mən yeni nəsə tapa bilirəmmi ki, təkrara və ya plagiata yol verməyim? Bəs birdən tapmasan? Özünə hörmət edən alim o mövzudan imtina etməlidir. Bəs imtina etməsə, yaxud da özünə hörməti olmasa?! Onda iki ilə istinadlar dolu bir disertasiya yazıb müdafiə etməlidir. Niyə belə gec? Çünki “yazmaq” 6 ay, sənədlər toplamaq, jurnallarda “dejurnı” məqalələr vermək, işə tikmək,  müəyyən mərhələlər keçmək, qonaqlıqlar, tapşırıqlar  1 il 6 ay çəkir axı. Ax... yenə unutdum “bəziləri” sözünü işlətməyi. Düz də elədim. Axı “Bəziləri” azlıq mənasını verir. Bu gün isə əsl alimlər qızıl tərəzisinə qoyulur, qondarmaları isə qapanla çəkirlər. Xəbəriniz var da... İndi qocalıq pensiyasına çıxanda, elmlər namizədisənsə əlavə olaraq 120 manat hesablanır. Bundan xəbəri olmayanlar, haydı, İRƏLİ!


Qayıdım Mənzər dayıqızına. Deməli Mənzər İbrahimova hər il məzuniyyətini götürüb gedirdi Moskvaya və ya Həştərxana. Səhərdən axşama qədər otururdu arxivdə və ya kitabxanalarda. Axtarırdı, tapırdı, qeydlərini aparırdı. Şənbə, bazar günləri isə istirahət edirdi. Və beləcə Nəriman Nərimanov haqqında dissertasiyasını ortaya qoydu. İndi deyəcəksiniz ki, “Əəəəə, noolsun??” Vəzifəsinimi qaldırdılar? Maaşınımı artırdılar? Akademiyaya müxbir, həqiqi üzvmü seçdilər? Dövlət mükafatımı verdilər? Vallah, siz də düz deyirsiz, mən də...

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü