Modern.az

Qabil və Şeyxülislam - biri yeyib-içən, digəri namazqılan…

26 Avqust 2021, 13:08

26 avqust tarixi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ad günüdür. Onun 72 yaşı tamam olur.

Allahşükür Paşazadə 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin o vaxtkı sədri Şeyxülislam Axund Mirqəzənfər İbrahimov vəfat edəndən sonra indiki vəzifəyə seçilib və Şeyxülislam rütbəsi alıb. 1980-ci ilə qədər qapalı və ictimai həyatdan uzaq olan Qafqaz Müsəlmanları İdarəsi məhz Allahşükür Paşazadənin Şeyxülislam seçilməsi ilə özünün aktiv dövrünə qədəm qoyub.

Modern.az saytı yazıçı-jurnalist Mahir Qabiloğlunun Allahşükür Paşazadəyə həsr etdiyi yazını təqdim edir:

***
Mahir Qabiloğlu


İlk dəfə bu tarixi şəxsiyyətlə şəxsən AzTV-də işlədiyim dövrdə tanış olmuşam. Qafqaz Müsəlmanları İdarəsinə çəkilişə getmişdim. Bizi mətbuat katibi, mərhum Hacı Akif qarşıladı. Elə birinci sualımdan tənbehə məruz qaldım.


-   Şeyx Həzrətləri mətbuat konfransı keçirəcək, yoxsa görüşdür?


-  Mahir “Şeyx həzrətləri yox”, Şeyxülislam Həzrətləri deyilməlidir. Bu gün həm görüşdür, həm də mətbuat konfransı.


İçəri keçdik. Qonaq Asiya Müsəlmanları Komitəsinin sədri Əl-Səud  Babteyn (adda yanlışlığa yol versəm, bağışlayın) idi. Pres-relizdə yazılanlara görə çox varlı adamdır. Ərəb dünyasının tanınmış simalarından sayılırdı. Əgər Şeyxülislam Həzrətləri onu qəbul edirdisə, deməli nüfuz sahibidir. Qonaq həm də şair nəslindən olduğu üçün Akademiyada xüsusi müsabiqə də keçirmək istəyirdi. Keçirdi də.  Bakıda, səhv etmirəmsə  Dilarə Əliyeva  küçəsində nümayəndəliyini də açmışdı. İşçiləri də yalnız ərəblər idi. Qaçqınlara, Qarabağ əlillərinə, qaçqın şəhərciklərinə mütəmadi yardımlar  göstərirdilər.  Xırdalanda Əl-Əzhər universitetinə bərabər universitet də tikdirmək istəyirdi.


O illər Azərbaycan üçün çətin dövrlər idi. Çadır şəhərcikləri hələ tarixə qovuşmamışdı. Şeyxülislam Hacı Allahşükür Paşazadənin  böyük nüfuzuna və apardığı danışıqlar nəticəsində ərəb dünyasından qaçqınlara 1 milyon dollar məbləğində yardım ayırmışdılar. Təcili çəkiliş qrupumuzu QMİ-yə çağırdılar. Başda Şeyxülislam həzrətləri olmaqla Hacı Madər Musayev, Hacı Salman və digərlərinin qatıldığı nümayəndə heyətiylə  Biləsuvara – Çadır şəhərciyinə yol aldıq. Mart ayı idi.  Şəhərciyə çatdıq. Şeyxülislam Həzrətləri qaçqınlar qarşısında çıxış edərək dedi ki, bu yardımı müsəlman qardaşlarımız sizin üçün göndərib. İlk olaraq 250 min dollarlıq bir yardımdır. Bundan sonra ərəb qardaşlarımız özləri sizinlə sıx təmasda olacaq. Daha çox nəyə ehtiyacınız varsa müəyyən edib gətirəcəklər.


Yardımları qaçqınların və ərəb təşkilatından olan işçilərin öhdəsinə buraxıb hamılıqla maşına əyləşdik. Yolda bizi Biləsuvarın icra başçısı qarşıladı. Hardansa xəbər tutmuşdu ki, Şeyxülislam həzrətləri rayona gəlib.  Şam yeməyinə dəvət etdi. Etiraz etmədi. Yemək əsnasında icra başçısına bir nəfər yaxınlaşıb qulağına nəsə dedi. O da nə qədər çalışdısa hislərini biruzə verməsin, alınmadı. Sanki utanırmış kimi gülümsədi. Bu Şeyxülislam Hacı Allahşükür Paşazadənin gözündən qaçmadı:


-  Dədə, nə baş verib?


-   Heç...üzr istəyirəm,  oğlum olub.


-  Hə... lap yaxşı. Adın Məhəmməd qoyuram.


Bu an Şeyxülislamın yanında oturan bir yaşlı kişi


-  Sən niyə adın qoyursan? Bəlkə kişinin bir arzusu var, əhdi var. Başqa ad qoyacaq?


Deputat Hacı Madərin “Şeyximiz dedi, qurtardı. Ağzı nədir başqa ad qoysun“ sözlərindən hamımız gülüşdük.
“Məhəmmədin qədəmləri mübarək olsun” deməklə adqoyma mərasiminə son qoyuldu. 


Şəhərə qayıtdıq. Bizimlə səfərdə olan digər televiziya nümayəndəsi onları tezcə işə çatdırmaqlarını xahiş etdi. Materialı gecəylə efirə verəcəyini bildirdi. Mən də işə gəlib kameranı, kasseti təhvil verdim. Evə gəldim. Televizoru açdım. Şeyxülislamın səfəriylə bağlı süjetə baxdım. Bircə “ay həmkarlar, day mənim sizə sözüm yoxdur” dedim.


Süjet isə təqribən beləydi: “Axır ki, Şeyx yığdığı nəzirləri başladı  paylamağa. Payladığı da nə olsa yaxşıdır? İki kilo düyü, iki kilo un, bir litr günəbaxan yağı, qalın ədyal...” İndi təsəvvür edin də orda olan mən jurnalistdə  belə məlumatlar yox idi. İkincisi də ki,  Şeyxülislam da açıq-aydın hamıya dedi ki, bu yardım onun  yox,  müsəlman qardaşlarındır. Televiziyada ərəblərə heç  “sağ ol” da demədilər.


Səhəri gün 6-cı mikrorayonda əlillər üçün tikilən evin sakinləriylə də  görüş oldu. Ərəbistandan gələn müsəlman qardaşlarımız onlara da humanitar yardım verdilər. 


ŞEYXÜLİSLAM AĞIR GÜNLƏRDƏ HEYDƏR ƏLİYEVİN YANINDAYDI


Yadınıza bir şeyi də salmaq istəyirəm. Hər dəfə televizorda qaçqın şəhərciklərindən bəhs edən süjetlərə baxanda orda fars, ərəb əlifbasında humanitar təşkilatın adı yazılan transparantlara rast gəlirdik. Bu beynəlxalq müsəlman təşkilatları  həmin düşərgələri öhdələrinə götürmüşdülər. Qardaş, qonşu ağır gündə tanınar. Yəqin ki, bunu heç vaxt yaddan çıxartmamalıyıq. Yoxsa  adama bilirsiniz də nə deyərlər? Nankor!


Burdan bir sual da meydana çıxır. Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasətində  Qafqazda və ərəb dünyasında böyük hörmətlə qarşılanan Şeyxülislam Hacı Allahşükür Paşazadənin  rolu böyük idimi? Əlbəttə. Buna zərrəcə şübhəm yoxdur.


ŞEYXÜLİSLAM MƏNİM QARDAŞIMDIR


Deyəcəksiniz ki, bu boyda ziyalı övladı Mahir AzTV-də işləməsəydi öz Şeyxülislamını tanımayacaqdı. Əsla. Mən onu 1990-cu ilin 20 yanvarında tanımışam. Tanımamışam - milyonlardan  biri kimi mənim də sınağımdan üzüağ çıxıb. Dost ağır gündə tanınar. O da bu dostlardan biri yox, birincisi olub.  Təsəvvür edin. 20 yanvar faciəsi baş verib. Şəhid yox, konkret desək ölülərimiz ortalıqda qalıb. Xalq başın itirib.  Rəhbərlər yox. Bu gün də xronikaya baxsanız orda bircə nəfəri tanıyacaqsınız. O da 40 yaşlı Şeyxülislam Hacı Allahşükür Paşazadə idi. Heç ömrünüzdə  40 yaşlı el ağsaqqalı  görmüsünüzmü? Heç ömrünüzdə azərbaycanlıların bir müsəlman kimi bir-birinə qardaş deməyin görmüsünüzmü? Amma mən görmüşəm. 


ŞEYXÜLİSLAM PROVAKASİYAYA GETSƏYDİ


20 yanvarda Azərbaycanda hakimiyyət yox idi. Bütün gündəlik proseslərə Şeyxülislam Hacı Allahşükür Paşazadə başçılıq edirdi. Deputat idi. Yəni ki, həm də siyasi xadim. 40 yaşlı dini liderdə bu qədər cürət hardan idi? Gəlin tarixi bir yerdə səhifələyək.


“SSRİ Ali Sovetinin Sədri Mixail Qorbaçova şeyxülislam Hacı Allahşükür Paşazadənin müraciəti
(21 yanvar 1990-cı il)


Nə qədər olsa da mənim sözlərim Azərbaycan xalqının sonsuz kədərini, milyonlarla insanın ürəyinə hakim kəsilmiş müsibəti heç cür çatdırmaq iqtidarında deyil. Mən bunları ona görə demirəm ki, Siz bizim dərdimizə şərik olasınız, bizimlə bölüşəsiniz. Bu mənim xalqım üçün təhqir olardı. Bu mənim şəhid olmuş həmvətənlərimin ruhunu təhqir etmiş olardı. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Bunların arasında uşaqlar, qadınlar və qocalar vardır. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-parça edilmiş cəsədləri insanı dəhşətə gətirir.


Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Qoşunların yeridilməsi üçün uydurulmuş bütün səbəbləri Azərbaycan xalqı nifrət və qətiyyətlə rədd edir.


Həmin səbəblərdən biri - guya Sovet dövləti üçün təhlükə sayılan qondarma «İslam faktoru» ortaya atılmışdır. Bununla əlaqədar mən aşağıdakıları bildirirəm. İman əhli olmaq, o cümlədən islama mənsubiyyət əslində günah hesab edilən şovinizmdən, milli lovğalıqdan uzaq olmaq deməkdir. Çox yaxşı bilirsiniz və bunu mənim Sizə vaxtilə dediklərim də sübut edir. Zaqafqaziyanın müsəlman ruhaniləri siyasi və millətlərarası münaqişələrində dindən silah kimi istifadə etmək niyyətində olmamışlar. Çox yaxşı bilirsiniz ki, diyarımızda baş verən hadisələrin ən ağır anlarında İslam ağılla və bütün məsələlərin dinc yolla həllinə çağırmışdır.


Belə olduğu halda uydurma «İslam faktorunu» hərc-mərclik törədən bir səbəb kimi ortaya atmaq qəzəb doğurmaya bilməz.Tamamilə aydındır ki, bununla müəyyən məqsəd güdülmüşdür. Demək müsəlmanları xristianlara qarşı qoymaqla millətlərarası toqquşmaları daha kəskinləşdirmək niyyəti güdülmüşdür.


Siz bilin ki, bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki, o dövlət ki imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmanı aradan qaldırmaq əvəzinə onu daha da qızışdırır, o dövlət ki, öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir.


Bakıda canlı insan ürəklərinə tuşlanmış güllələr milyonlarla insanın yenidənqurmaya olan son ümidlərini məhv edən bir atəş idi.


Özlərini əsl işğalçı kimi aparan cəza qoşunlarını Bakıya yeritməklə Siz sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə də puç oldu, çünki bir əli ilə xarici məmləkətlərə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı «sülh uğrunda mübariz» adlandırmaq ən azı ləyaqətsizlikdir.Ən qanlı müharibələrdə həkimlərə, tibb yardımı göstərənlərə atəş açılmamışdı. Sizin əmrinizlə Bakıya hücum edən qoşunlar isə yaralananlara kömək göstərən iki həkimi də güllələmişlər.


Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə danışmaq olmaz.


Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi  10 il davam edə bilər. Amma gec-tez  ədalət və haqq işi qələbə çalmalıdır. Allah-taalanın izni ilə, bu haqq işi Azərbaycanda da qalib gələcəkdir. Məhz buna görə mənim xalqımın ən yaxşı oğul və qızları özlərini sovet qoşunlarının qüllələrinə sipər etdilər. Dərin inamla və iman hissilə üzümüzü Allah-taalaya tutur və onun ulu dərgahından bu gün şəhid olan balalarımız üçün rəhmət diləyirik. Qoy Allahtaala bu fəlakəti mənim xalqımın başına gətirənləri, bu işə rəvac verənləri zəlil eləsin.


Ya Rəbb, Vətənimin, elimin bu ağır günündə bizlərə özün kömək elə, AMİN!”


İSLAM FAKTORUNA ŞƏRH


Sizcə bu nə idi? Deməli Şeyxülislam meydanda tək idi. Xalq da onun ətrafında. Bircə hay eləməliydi və xalq da onun arxasınca getməliydi. Sadə dillə desək Şeyxülislam, yəni islamçılar Azərbaycanda hakimiyyəti ələ keçirməliydilər. Daha dəqiq desək Sovet Hakimiyyətini devirməliydilər. Qorbaçov da  bütün dünyaya “islam faktoru” deyə car çəkməli, xalqımızı qan içində boğmalıydı. 20 yanvardan da betər.


Şeyxülislam Hacı Allahşükür Paşazadə  böyük siyasətçi idi ki, buna getmədi, hələ Qorbaçova dediklərini bir tərəfə qoyuram. Şeyxülislamı mən ilk dəfə belə tanımışam.


Şeyxülislamın  20 Yanvardakı  əvəzsiz, qiymətli fəaliyyəti və Qorbaçova Ali Sovetin tribunasından ünvanladığı bu müraciəti  bilirsinizmi necə qiymətləndirildi?  Moskva Hacı Allahşükür Paşazadəni gözdən salmaq üçün “KQB polkovniki” damğası yapışdırdı və bəzi həmvətənlərimiz bunu bugün də dişlərin ağarda-ağarda dillərinə gətirirlər.   


ŞEYXÜLİSLAMIN DƏRBƏND SƏFƏRİ


Şeyxülislamı mən daha yaxından onu kameramla Dərbənd səfərində müşaiyət edərkən tanıdım. Rusiya sərhədinəcən azı üç yerdə saxlatdırdı. Süfrə açdırdı. Hər birimizlə yaxından tanış oldu.1998-ci il idi. Rusiya və Azərbaycan da artıq müstəqil dövlət idilər. Sərhəd – keçid məntəqəsinə yaxınlaşdıq. Mənim və operatorun  xarici pasportlarımız yox idi. Maşın karvanına nə bu, nə də o tərəfdən bir sərhədçi, gömrükçü də yaxınlaşdı. Sərhədi sürətlə keçib getdik. Bu Şeyxülislamımıza böyük hörmətin əlamətiydi.


MAHİR MAŞINDAN DÜŞ, ÖLDÜRƏRLƏR


Kaspiyskidə - dəniz qırağındakı mehmanxanada qaldıq. Çeçen müharibəsinin getdiyi vaxtlar idi. Dağıstanda da vəziyyət sabit deyildi. Gülləylə öldürmürdülər, sadəcə maşına bomba qoyub partladırdılar.


Bizi Xarxarov adlı mənimlə həmyaşıd – 32 yaşlı deputat müşaiyət edirdi.  Çoxlu cangüdəni vardı. Soruşdum ki, neyləyirsən bu qədər “oxrananı”. Öldürmək istəsələr onsuz da öldürəcəklər. Dedi ki, “Mahir cangüdəni həyatımı qorumaq üçün yox, o dünyaya bütöv ölü şəklində getmək üçün saxlayıram. Bizdə gülləylə öldürsələr dərd yarıydı. Maşına bomba qoyub partladırlar. Sonra da cəsədinin tapılan hissələrini tabuta yığaraq, guya ki, ölü basdırırlar. Mən o dünyaya belə getmək istəmirəm. Heç olmasa cangüdənlərdən qorxub, uzaqdan snayperlə vursunlar”.


Belə bir şəraitdə Dağıstana səfər edən Şeyxülislama ayrıca zirehli maşın ayırdılar. Mahaçqalaya gəldiyi “Çayka” markalı maşın isə boş qaldığından (Sovet vaxtında yüksək vəzifəli admlar yalnız “Çayka”da gəzirdi) getdim əyləşdim ora. Ədəb-ərkanla pencərəsin açıb başladım yol boyu kartecin tamaşasına çıxan insanlara əl etməyə. Dağıstanlılardan biri yaxınlaşdı ki, bəs gəl otur mənim “Volqa”ma. Mən də etiraz etdim ki, gül kimi “Çayka”nı qoyub sənin “Volqa”na niyə əyləşim? O da başa saldı ki, Şeyxülislamı əbəs yerə zirehli maşına əyləşdirməyiblər. O, Qafqaz regionu üçün qiymətli adamdır. Hər an təxribatçılar terror törədə bilər. Sən də əlini çıxarıb yelləyirsən. Şeyxülislam zənn edib öldürərlər.  


QABİL VƏ ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏ


Yolboyu Şeyxülislamı daha yaxından tanımağa başladım. Qayıdanbaş dedi ki, çəkdiklərini yadigar qalsın deyə bir yerə topla mənə ver. Dediyi kimi də elədim. Təzə Pirə gəldim. Çay gətizdirdi. Söhbət əsanasında soruşdu ki, kimsən, hardansan. Mən də yerimi şirin salım deyə birinci anam tərəfdən başladım. Ki, “Şeyxülislam həzrətləri, anam tərəf Lənkəranlıdır”. Bu dəm də o yandan kimsə “şair Qabilin oğludur” dedi. Şeyxülislam  ləhcəsinə uyğun “Oo” deyib duruxdu. Fikirləşdim ki, indi “yekə oğlansan, bu qədər səfərdə olmuşuq, həmişə AzTV-də məni sən işıqlandırmısan. Niyə deməmisən ki, bəs Qabilin oğlusan?” deyəcək. Bir az da fasilə edib


- Bəs Qabil mənə niyə deməyib ki, arvadı Lənkəranlıdır? 


Demək olar ki, bütün dövlət tədbirlərində - ziyafətlərdə Qabillə Allahşükür Paşazadə yanaşı düşürdülər. Biri yeyib-içən, digəri namazqılan... Məəttəl qalırdım ki, İslamın haram buyurduğu təamlardan qəbul edən Qabillə Şeyxülislam necə yanaşı otura bilər? O saat da bir misal yadıma düşürdü:


Müqəddəslərdən biri yol gedəndə görür ki, 2-3 nəfər yeyib-içir. Yanlarından keçə-keçə “nuş olsun” deyir. Qayıdanda görür ki, içib, sərxoş olub bir-birilərinin başını yarıblar. “Haram olsun” deyib oradan aralanır. 


ŞEYXÜLİSLAM VƏ CANGÜDƏN


Cangüdən. Bu həm də Azərbaycan mühiti üçün prestij sayılır.  Respublikamızda çox adamın cangüdəni var. Günlərin bir günü atam soruşdu ki, “bəs bilirsənmi dövlət səviyyəsində kimlər qorunur?” Dedim ki, “yox”. Yadında saxla: Prezident, Milli Məclisin sədri, Baş Nazir və Şeyxülislam”. 


“ŞEYX, NECƏSƏN?”


Dağıstana gedəndə “Beşbarmaq” pirində saxladı. Ziyarət etdi. Maşına minəndə yerli əhali onu dövrəyə aldı. Biri bərkdən “Şeyx, necəsən?” dedi. Hacı Akif yanımda durmuşdu. Dözmədi.


- Mahir, görürsən də… Katoliklər Papanın, Provaslavlar Aleksiyin, ermənilər Vazgenin əlindən öpür. Bunların isə danışığına bax. “Şeyx, necəsən?”


SON


Bu qədər. Yazdıqlarım Şeyxülislam Hacı Allahşükür Paşazadəyə öz məhdud bucağımdan bir baxışım idi. Bilmirəm, onun bu yazıya ehtiyacı var, ya yox? Amma mən bunları yazmağa, onu hələ də tanımayanlara tanıtmağa bir ehtiyac duydum. O bütün Qafqazın Şeyxülislamıdır. Onu biz azərbaycanlılar bu vəzifəyə seçməmişik. Təyin də etməmişik. Dağıstan, Kabardin-Balkar, Gürcüstan, İnquşetiya, Çeçenistan, Qaraçay-Çərkəz, Adıgeyin və Azərbaycanın dini xadimləri bir araya gələrək, onu Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri elan ediblər. Əlindən öpüblər. Mən də öpürəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu