Modern.az

28 May QUTLAMASI

28 May 2021, 10:07

Fazil Mustafa

28 aprel və 28 may antoqonist fenomenlərdir.

Azərbaycanda hazırda üç kateqoriya insan boy göstərir.
 
Birincilər 28 apreldən bircə qarış da irəliyə məsafə qət etməmiş varlıqlardır. Onlar əsasən mədələrini tutub Sovet nostalgiyasını daşıyanlardır.

İkincilər bu iki stansiya arasında var-gəl edənlərdir. Hansı stansiyaya qatar erkən gəlsə, ona minib laqeydcəsinə gedişatı pəncərə arxasından seyr edənlərdir.

Üçüncülər isə 28 mayı öz insan varlıqları ilə birləşdirənlər, milliləşdirənlərdir. Onlar üçün 28 maydan 28 aprelə dönüş əbədi olaraq qapalıdır. Onlar 28 mayı qazandırmış böyüklərin ruhunu köçürdüyü insanlardır.

Vətən üçün bütün dövlərlərdə şəhid və qazi olan insanlarımız, müstəqilliyimiz üçün ürəklə, qələmlə, sözlə savaş vermiş insanlarımız məhz üçüncü kateqoriyadan olanlardır.

Bu müstəqilliyin baş memarı heç şübhəsiz ki, Məhəmməd Əmin Rəsulzadədir.

Bir məqamı unutmayaq: mədəni dünyagörüşümüzün təməli Mirzə Fətəlidən, Əhməd Ağaoğlundan başlayır, siyasi dünyagörüşümüzün nəzəri əsasını isə Məhəmməd Əmin bəy qoymuşdur.

 Maraqlıdır ki, bu üç şəxsiyyətin müqəddəs sümükləri Tiflisdə, İstanbulda və Ankaradadır, Azəbaycanda deyil. Demək ki, müstəqillik ruhunun daşıyıcısı olmaq üçün varlıq olaraq, qəbir olaraq heç də Azərbaycanda olmaq önəmli deyil. Sadəcə və sadəcə Azərbaycanla iç-içə, can-cana olmaq önəmlidir.

Qutlu olsun bu möhtəşəm tarixi əsəriniz əziz və dəyərli Azərbaycanla iç-içə, can-cana olan qardaş-bacılarımız!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir