Modern.az

Erməni dəbilqəsinə görə utanan üzdəniraqlar…

15 Aprel 2021, 09:17

Fazil Mustafa

Hamısı utanıblar. Xəcalət çəkiblər. 21-ci əsrə aid olmayan davarnış kimi qiymətləndiriblər. Prezident İlham Əliyevin erməni başlarının bir zaman daşıdığı dəbilqələrin yanında şəkil çəkdirməsindən xeyli pərişan olublar. Jurnalist Seymur Verdizadə də 28 il sonra ata evinin xarabalıqları içində məyus bir şəkil paylaşıb. İlham Əliyevin erməni əsgərinin dəbilqəsinin yanında şəkil çəkdirməsindən utananlar, nədənsə jurnalistin yaşadığı ağrıdan, acıdan pərişan olmayıblar, üzülməyiblər, utanmayıblar. Bu dəbilqə humanizminin daşıyıcıları nədən ermənilərin yerinə bu pərişanlığı, bu utanmağı öz milli borclarına çeviriblər?

Bu şəkil bizə çox vacibdir. Çünki biz də 30 ildir utanmışıq, pərişan olmuşuq. Erməni təcavüzünə məruz qalmış Azərbaycan qadınına, kişisinə görə, Zori Balayanın dərisini soyduğu o uşağa görə, Xocalıdan qaçarkən yollarda donmuş ahıllarımızın körpələrimizin meyitlərinə görə. Siz öz ləyaqət simvolu olaraq gördüyünüz erməni dəbilqələrinə görə qəfildən qıjqıran humanizminizi viran qoyulmuş Ağdamda, Zəngilanda, Cəbrayılda, Qubadlıda və başqa vətən torpağında dağılmış qəbirlərin içində uyuyan ölülərimizə belə anlada bilməzsiniz. Nə deyirsiniz, bəlkə elliklə yığışıb o dəbilqələrdən üzr istəyək? Bəlkə yüzlərlə şəhidin qanı bahasına geri aldığımız torpaqları sizin məmnuniyyətiniz üçün humanizm göstərib ermənilərə qaytaraq?

44 günlük Böyük Vətən savaşında torpağa atılan mərmilər yüzlərlə şəhidi, qazini üzə çıxardı. Bəs bu göbələklər haradan çıxmış? Bəs bu göstəbəklər haradan çıxmış? Bu nə müxalifətçilikdir, nə etirazçılıqdır, nə də humanizmdir. Bu, sadəcə 44 günlük savaşda qələbəmizdən doğan məyusluqdur. Qələbəmizdən bir neçə ay sonra bu kimi məsələləri bəhanə edərək üzə çıxarılan məyusluqdur. Mən də bu muzeyə hökmən baş çəkib sizləri bir daha məyus etmək üçün məhz o dəbilqələrin qarşısında şəkil çəkdirəcəyəm.

Bununla belə, bir vətəndaş olaraq bu açıq hava muzeyinə girişin ödənişli olmasını yanlış hesab edirəm. Çünki burada əsas hədəf bu millətin övladlarına qələbə ruhunu aşılamaqdırsa, belə ruhun ödəniş qiyməti ola bilməz.

Bütün hallarda bu muzeyin açılışı əla oldu. Qələbəmizə sevinənlərlə üzülənlərin cinahı bir göz qırpımında müəyyənləşdi. İndiyədək erməni barbarlığı ilə savaşmışıq, bundan sonra paralel olaraq başqa bir savaşımız başlayacaq deyəsən: Bakının mərkəzində çücərən erməni dəbilqələri ilə savaş! Adını mən qoydum: erməni dəbilqələri! Başını erməni dəbilqəsinin içinə soxmuş bəzi üzdəniraq azərbaycanlılar! Əmin olun, ermənilər kimi sizlərin də dəbilqəsi boş qalacaq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir