Modern.az

Bu baharın nəfəsi QƏLƏBƏ dadındadır

21 Mart 2021, 19:35

Aida Eyvazlı GÖYTÜRK

İllər gəlib keçdi ömürdən illər,

İllər görmədik ki, bu illər kimi...

Bayramlar, baharlar hamısı bir olmur ki...

Bizim bu Bahar əyyamımız, bu Novruz günlərimiz, bu Yeni günlərimiz əvvəllkilərə bənzəməz ki...

Bu baharın nəfəsi QƏLƏBƏ dadındadır. İlk dəfə bu qələbəni 4500 il bundan əvvəl Ergenekondan çıxdığı gündən bu gününü bayram etdi türk elləri. Moğol ilində Oğuz Xan soyundan İl Xanın hökümdarlığı zamanında Tatarların hökümdarı Sevinç Xan, Moğol ölkəsinə savaş açdı. İl Xanın ordusunu yenib, ölkəsindəki hər kəsi öldürdülər. Yalnız İl Xanın kiçik oğlu Kıyan, xanımı Nüküz və qardaşı oğlu, bir də ki, yurdunun bir neçə əqrabası ilə qaçıb qurtularaq, düşmənin onları tapa bilmədikləri bir dağa sığındılar. Bu yerlər elə yerlər idi ki, insan ayağı dəyməmişdi. Yüksək dağın dar keçidində Tanrının öz ruzisi kimi qeybdən verdiyi mal-qaranı, çoxaltdılar. Nəsil sayları artdı. Yurd-yuvanı qurub yaratdılar. Dəmirçilik öyrəndilər, xalça toxudular, vəhşi heyvanları ram etdilər. Mal-qaranın sayını artırdılar. O qədər çoxaldılar ki... Aradan 400 il keçdi. Bu 4 əsr ərzində o qədər çoxaldılar ki, artıq sığındıqları Ergenekon onlara dar gəldi. Bir gün də bir qurdun açdığı yol ilə azadlığa çıxdılar. Qurdun göstərdiyi yol ilə yenidən dünyaya tayfa-tayfa, el-el, oba-oba yayıldılar. Türk ellərinin yeni dönəmi, yeni dövranı həmin Bahar günündə başladı. Həmin gündən etibarən həm də qurtuluş günü oldu Bahar məqamı. Yaratdıqları, yetişdirdikləri, qurduqları o qədər gözəl, o qədər düzənli oldu ki, dünyanın hər obasından, hər elindən gələn insanlar bu ellərdə assimlyasiya oldular. Ergenekondan gələn sənətkarların, nəqqaşların, xalçaçıların sənətkarlıqlarından dərs aldılar, bu adət-ənənəni dünyaya yayıb nəsil-nəsil, ev-ev , yurd-yurd ötürdülər. Yurdlar qurdular, ocaqlar yandırdılar. Birinə Qarabağ, birinə Qaradağ, birinə Krım, birinə Başkurt, birinə Yaqutiyyə... adları verib, başlarının üzərində göy Tanrının rizası ilə Şanırak, ocaq qüvvəsi qurdular. Ocaqları isti, suları sərin idi. O günə qədər ki, yadelliyə, pis niyyətliyə qapı açdılar. Yenə düşmən ocaq başına keçdi. O düşməndən biri də qapımızda it kimi saxladığımız haylar, ermənilər oldular. Ocağımızın başında, evimizin yanında, elimizin içərisində yaşayıb özümüzə düşmən kəsildilər.

Ən sonunda Türk dünyasının tacının ən parlaq qaşı olan Azərbaycanda düz 30 il Novruz əyyamlarında bir nisgil, bir həsrət göyərdi səmənilərimizlə birlikdə. Bənövşələrimizin boynu bükük qaldı, novruzgülülər boy atmamış saraldı. Elə hey, həsrət içərisində, "gün o gün olsun ki, torpaqlarımız düşməndən azad olsun!" dedik. Və səbrlə gözlədik. Bu yolda qatar-qatar oğulları qurban verdik. Və bugünkü Baharımızın ilk hənirtisi ötən il sentyabr ayının 27-də duyuldu. 8 noyabr 2020-ci ildə isə Azərbaycan əsgəri bütün türk dünyasının könlünü şad etdi. Zəfər bayrağını başının üstünə qaldırdı. 200-300 il bundan öncəyə qədər itirilmiş torpaqlarımızın qayıtması kimi şərəfli bir məqam yaşatdı Azərbaycan əsgərləri Türk dünyasına. Ali Baş Komandan İlham Əliyevin XAQANlığı ilə sonsuza sevinci qədər gedəcək bir gün yazıldı taleyimizə. Türk dünyasının dava, savaş, qəhrəmanlıq tarixinə Azərbaycan Ordusu, Azərbaycan Əsgəri, Azərbaycan Şadı, Azərbaycan zabiti öz adını həm qızıl qanı, həm də qızıl hərflərlə yazdı.

Oğul verib, şəhid verib yurd aldıq. Oğul verib, şəhid verib, Zəfər qazandıq. Zatən belə Zəfərə başqa necə çatmaq olardı ki? Torpaq uğrunda ölən varsa, Vətəndir!

Ulu babalrımızın dediyi kimi, indi Türk əsri başlayıb. Bu türk əsrində Bayraktarla yeni savaş apardıq. Bu türk əsrində dünyaya ƏDALƏT-in, HAQQ-ın bizim qanunlarda yazıldığını göstərəcəyik! Ona görə də biz Zəfər qazandığımız günü də "Bahar ətirlidir" demişdik.

Uğrunda ölən igidlərimiz bu Baharın dadını, ətrini, səfasını öz qanları, öz canları ilə daha ətirli, daha təravətli etdilər. Ona görə də bu bahar bayramında, bu Novruzlu günlərdə, bu Qarabağlı avxtlarda süfrələrinizi geniş açın, könlünüzü şad edin, sevinin ki, bizə bu bayramı belə dadla, belə sevinclə bəxş edən ŞƏHİDlərimizizn də ruhu sevinsin. İnanın ki, onlar Tanrı dərgahında bu Baharı bayram edirlər. Elə bu günlərdə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev müzəffər əsgərlərinin süngü, bıçaq, tapança ilə sıldırım qayalara, keçilməz dağlara dırmaşaraq düşməndən geri aldıqları Şuşa Qalasında, Şuşa dağlarında alovlandırdığı bayram TONQALI inanın ki, o igidlərimizin ürəklərinin odu idi. Gözlərində Tanrıya apardıqları sonuncu işıq idi. İndi Tonqalda alovlanırdı. O odu, o alovu könlündə gəzdirən qazilərim, o döyüşlərdə iştirak edən oğullarım, qardaşlarım, atalarım, ərlərim-- haqqınızı bizə halal edin!

Novruz oyanış, dirçəliş bayramıdır! Bir olaq, BİRGƏ olaq!

2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Bu bayramı biz dünyanın bayramı edə bilmişik. Ona görə də bayramlarınız kutlu olsun! Könlünüz şad olsun. Bütün türk ellərinin dilində təbrikimi dünyaya ünvanlayıram:

“ Novruz bayramınız mübarək olsun!”

“Navruz ayəmi muborak bülsin” - özbəklər belə deyir !!!

“Ulıstın ulı Küni” – deyir qazaxlar!!!

"Nooruz kuttı bolsın” – deyir qırğızlar!!!

“Novruz bayram kutlu bolsun” – türkmənlər deyir!

“Nevruz Bayramınız kutlu olsun...” -Türkiyədə

"Nauruz bayramı moberek bulhın, Nauruz bayramı kotlo bulhın!" -Başkurtlar deyər!

"Uruy Ayxal" - saxa-Yakut türkləri deyər!

“Navruz kunqi mübarek!” - Tatarlar deyərlər.

 

21 mart 20121-ci il.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər