Mahir Qabiloğlu
Ucqar dağ kəndi. Gecə saat birdir. Rayon İcra Hakimiyyətinin üç məsul işçisi Alim kişinin qapısında dayanıb.
- Evin işıqları yanmır. Yatıblar deyəsən, – deyə işçilərdən ən yaşlısı dilləndi.
- İtləri də yoxdur ki, hürsün – səsə oyansınlar.
- Oğurlanmalı nələri var ki, hələ bir it də saxlasınlar.
- Bəsdir boş-boş danışdınız. İcra başçısı bizi bura ona görə göndərməyib ki, camaatın malını-mülkünü, olmayan itini müzakirə edək. Ay uşaq, keç içəri. Biz səni burda gözləyirik, – deyə yaşlı işçi özündən cavan işçiyə çımxırdı.
- Niyə mən? Yaşca sizdən kiçiyəm ona görə? Vəzifəmiz bərabərdir. Əmr edə bilməzsən.
- Adam böyüyün sözünə baxar. Deyir “Sən keç”, deməli keç, – deyə o biri işçi onu arxadan dümsüklədi.
- Keçmirəm. Sən keç. Yaşa baxanda mən səndən üç ay böyüyəm.
Ortaya sükut çökür. İşçilər hasarın dibində çömbəlib otururlar. Yarım saat keçir. Cib telefonu zəng çalır.
- Bəli.
- ...
- Burdayıq cənab başçı. Hər şey siz deyən kimidir. Gəlsinlər.
Yaşlı işçi telefonu qapadır. Gözünü gənclərə tutur.
- Gördünüz? Başçı mənə zəng etdi. Deməli içinizdə böyük mənəm. Dur, ay bala, qapını döy keç içəri.
- Cənab başçı sənə zəng edib, sən də keç. Mən böyük-kiçik yeri qananam. Yol böyüyündür, su kiçiyin.
- Nənə qurban olsun sənin qanacaqlı canına.
Ortaya yenə sükut çökür. İşçilər siqaret yandırırlar. Yarım saat da belə keçir.
- İndi nə edək? Beləcə oturub siqaret çəkəy. Yoldadırlar axı. Bura siqaret çəkməyə gəlmişik? Hələ başqa işləri də yoluna qoymalıyıq, – yenidən yaşlı işçi dilləndi.
- Bəlkə qonşunun qapısını döyək?
- Camaatın zəhrini yarma. Bəlkə onların da ..?
Yenidən susurlar. Artıq saat üçə işləyir.
- Tapdım! – deyə cavanlardan biri səslənir, – Gəlin püşk ataq.
Üçünün də gözü gülür. Püşk atırlar. Qapını döymək yaşlı işçinin payına düşür.
- Ay uşaqlar, insafınız olsun. Siz gəncsiz, subaysız. Axı mənim də oğlum cəbhədədir. Özüm də hər gecə qapımın döyüləcəyi səksəkəsiylə yatıram.
Gənclər dinmirlər. Qapını döyərək tez qaçıb maşına minirlər. Qapı açılır.
- Salam, Alim kişi.
- Kimsən, ay bala? Gecə yarısı xeyirdirmi?
Yaşlı işçi dinmir.
- Nə olub, ay bala. Niyə dinmirsən?
Yaşlı işçi yenə dinmir. Gözlərində yaş gilələnir.
- Ay bala, niyə ağlayırsan? Ay arvad, gəl gör bu niyə ağlayır? – deyə Alim kişi pəncərədən boylanan arvada səslənir.
Evdən vay-şivən qopur...