Modern.az

Torpaqlarımız Antalyaya gedib?

6 May 2020, 22:27

Mahir Qabiloğlu

“Gün o gün olsun ki, torpaqlarımız geri qayıtsın”. Görəsən hara gedib torpaqlarımız? Antaliyaya yay səyahətinə? Yoxsa Misirə – ehramlara tamaşa etməyə? Bəsdir də gəzdi. 28 il gəzmək olar? Lap ağ eləyib e bu torpaqlar. Əvvəl Qərbi Azərbaycan getdi, arxasıyca Dağlıq Qarabağı apardı. Sonra da 7 rayona “Qızıl viza” göndərib, bu ecazkar səyahətə dəvət etdi. O qədər yerləri xoşdur ki, geri qayıtmaq istəmirlər. 10 milyonluq bir respublika arzu edir, hər ay ölüm-itim tədbirləri keçirir, ah-vay edir... onlar isə veclərinə almırlar. Bizim də səbrimiz sonsuz deyil a... Başladıq hədələməyə: “Torpaqlar geri qayıtmasa, güc tətbiq edəcəyik! Hərbi yolla qaytaracağıq”. Yenə də torpaqlarımız veclərinə almadılar bizi. Qorxmadılar bizdən. Qayıtmadılar geri.

Çox demişik bu ifadəni, elə özümüz də eşitmişik. Düzü igrənirəm bu ifadədən. Çünki çox çeynəmişik. Çeynəyib, çeynəyib, sonda da udmuşuq. Torpaq qayıtmayıb, bu öz yerində. Amma biz də udduğumuzu qaytara bilməmişik. Arzuya çevirmişik. O qədər “Lazım gəlsə” demişik ki? Amma “LAZIM”ın nə vaxt gələcəyini bilməmişik.
Hardadır torpaqlarımız? Axı heç yana getməyiblər. Elə həminki yerlərindədirlər. Azərbaycanın bütün şəhər, rayon, qəsəbə, kəndlərinə bir məsafə ölçümüz var. Maşın yoluyla ölçülür bu məsafə kəsiyi. Təyyarə və qatar yolu isə saatla, dəqiqəylə. Maşın yolu məsafəsi paytaxtın Azneft dairəsindən hesablanır, səhv etmirəmsə.

Nə olsun ki, Ağdam, Kəlbəcər, Laçın... ermənidədir? Amma həmin torpaqlar heç yana getməyib. Dayanıb gözləyirlər. Yox. Bu gözləmək sənin gözləməyindən lap çox fərqlənir. Torpaq səni gözləyir. Sən isə bir addım irəli ata bilmirsən. Eləcə, durub qayıtmağını gözləyirsən. Arzu edirsən. Bunu illər boyu özünə dərd edirsən. Ar edirsən.

Görəsən hansı ifadə düzgündür? Sən torpaqların geri qayıdacağı günü gözləməyin, yoxsa torpağın sən qayıdacaq günü mərak etməsi? İndi sual edə bilərsiniz ki, niyə 28 il susmuşam. Bu ifadənin düzgün olmadığını bəyan etməmişəm. Bilirsinizmi nəyə görə? Elə bu günü gözləyirdim. Çünki APREL DÖYÜŞLƏRİNDƏN sonra “Azərbaycan əsgəri torpaqlarımızı geri qaytarır” deməyə başlamışıq. Əslində isə Azərbaycan əsgəri torpaqları geri qaytarmır. Sadəcə... sadəcə... sadəcə uzun illər onun yolunu gözləyən öz torpağına geri qayıdır.

Axır ki, anladıq ki, torpaq geri qayıtmaz. Biz isə torpağa geri qayıda bilərik. Bunu bizə izah edən Azərbaycan əsgərinə eşq olsun! Bu yolu qanıyla sulayıb toz-dumanı yatırmaq istəyən şəhidlərimizə isə rəhmət!

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi