Modern.az

“Adınızı deyin, sizi də toya çağırım”

20 May 2017, 17:59

Akif Cabbarlı

 

 

Məni möhkəm-möhkəm qucaqlayıb, yanağıma da “isti kompress” qoyan kişini heç cür tanıya bilmirdim. Haralarda görüşdüyümüzü, çay içdiyimizi, hətta bulvarda bilyard oynadığımızı xatırlatmağa çalışsa da, deyilənləri yadıma sala bilmirdi. Adını da demirdi ki, bəlkə hafizəmdə nə isə oyanaydı. Axırda özü mənim adımı soruşdu:

-Vallah, dəqiq xatırlamıram, adın Natiq deyil ki?

Daha bundan sonra bu nataraza nə deyəydim? Xarakterimə uyğun gəlməsə də, yalandan sözünü təsdiqləməli oldum. Dərhal qoltuğundakı portfelindən allı-güllü bir toy dəvətnaməsi və qələm çıxarıb, dəvətnamənin ağ yerinə bir “Natiq müəllim” sözü yazıb, əlimə uzatdı. Sonra yenidən qucaqlaşmalı olduq.

-Gəl ha, gəl, məclisə ağsaqqallıq elə - deməyi də unutmadı.

Aralananda əsəbimdən ucadan qışqırdım:

-A kişi, mənim adım Natiq deyil, havayı yerə bir dəvətnaməni korlama. Onsuz da gələn deyiləm, vallah.

Bilmirəm, o kişi dediklərimi eşitdi, ya yox, hər halda sözümü ürəyimdə saxlamadım. Havaya və havayı da olsa, səsləndirdim getdi.

Bu əhvalatı niyə danışdım? Yəqin çox adamın başına gəlib, tanış hisslərdir. Oğluna, qızına toy edənlərin hamısını ürəkdən təbrik edib, cavanlara xoşbəxtlik arzulamaqla, kimisə zorla özünə dost-tanış etmək istəyənlərin sayının son vaxtlar yağışdan sonra göbələk kimi artdığını da yada salmaq istədim.

Qələm dostum Tahir Aydınoğlu danışır ki, bir gün uzaq tanışlarından biri soruşub ki, nəşriyyata getsəm, görəsən, şuşalı Vasifi tapa bilərəmmi? – “Deyirlər, yaman toya gedən kişidir. Kim çağırır, “otkaz” yoxdur.

Vasif müəllim kimiləri də az deyil. Baxmırlar, kim çağırır, niyə çağırır, üzdən keçməyib gedirlər, ləzzətli də iştirak edirlər məclisdə. Qardaşlar, buna da imkan, vaxt, pul lazımdır, axı. Yüz faiz bilirəm ki, Vasif müəllim və onun ardıcılları çox vaxt belə məclislərə borc tapıb gedirlər. Bu da bir xasiyyətdir, vallah, keçiləsi deyil.

Şəhərdə üzdə olan bir nəfəri mən də tanıyıram. Vəzifəsi olmasa da, cibində bir çox xeyriyyə və QHT təşkilatlarının vəsiqələrini gəzdirir. Bu qırmızı vəsiqələrin hesabına babat da dolanır. Qoqolun qəhrəmanı Xlestyakov indi yaşasaydı, dostumuzdan çox şey öyrənərdi. Həmin bu kişi oğluna toy edəndə qəribə bir eksperiment aparıb. Bir dəfə bütün günü dayanıb İçərişəhər metro stansiyasının qənşərində, içəri keçən dost-tanışlarına dəvətnamə sırıyıb. Ertəsi gün yollanıb “Neftçilər” stansiyasına. Bu səfər içəridən çıxanlara “qara kağız” çatdırıb. Üç-dörd günlük fasilədən sonra pozisiyanı dəyişib, əksinə hərəkət edənləri “müjdələyib”. Nəticə pis olmayıb. Dörd yüz nəfərlik zal iki dəfə dolub-boşalıb. Amma tamadanın israrlı tələb və xahişi ilə yeməyini yarımçıq qoyub duranların sayı da az olmayıb. Tarixə yazılası faktdır.

 

Qoy, həmişə toylar olsun!

Qoy, həmişə pul da olsun!

Qoy, həmişə olum mən.

 

Bu da günümüzün devizi, yayılmağa və tətbiq olunmağa layiq şüarı olsun bəlkə...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?