Modern.az

Dövlət başçısının lütfkarlığı söz adamlarında dərin minnətdarlıq yaradır

21 İyul 2017, 11:46

Akif Cabbarlı,
İctimai Teleradionun əməkdaşı

 

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş növbəti 255 mənzilli yeni yaşayış binasının açılışı münasibəti ilə keçirilən mərasim ölkə başçısının azad sözə, yaradıcı əməyə, jurnalist fəaliyyətinə verdiyi yüksək qiymətin daha bir nümunəsi kimi yaddaşlara köçdü. Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunun üstündə son illərdə salınan jurnalistlər məhəlləsinə toplaşan media nümayəndələrinin çöhrəsindəki sonsuz sevinc hissi, bu adamların dövlətimizə, ölkə başçısına yönəlmiş minnətdarlıq duyğuları misilsiz bir məmnunluq mənzərəsi yaradırdı.


Uzun illər kütləvi informasiya vasitələrində çalışan, necə deyərlər, çörəyini ictimai qayəli sözdən çıxaran, bütün varlığı ilə dövlətçiliyə, xalqın köklü maraqlarına bağlı olan, ictimai fikrin, milli düşüncənin keşikçiləri sayılan, ölkə əhalisinin informasiya təminatının şərəfli və məsul yükünün ağırlığını çəkən qələm adamları bu tarixi günün mahiyyətini və önəmini həmin dəqiqələrdə gözəl anlayır, məmnunluqla dəyərləndirirdilər. Çünki dövlət rəhbərinin dediyi kimi, çox da yüksək olmayan qazancları ilə ayrıca mənzil əldə etməyə imkanları olmayan gərəkli peşə sahiblərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlətin prioritetləri sırasına daxil edilməsi dünyada analoqu olmayan ali bir məramdır. Azərbaycan Prezidentinin növbəti humanist addımı - bir sərəncamla daha 255 jurnalist ailəsinə rahat, geniş mənzillər hədiyyə etməsi böyük qədirbilənlik aksiyasıdır.  Bu, həm də bir çox mütərəqqi göstəriciləri ilə öndə gedən ölkələrdə belə nümunəsi olmayan lütfkarlıqdır.


Açılış mərasimində hamı sevinc içərisində idi. Hamıdan artıq şad olan isə dövlətimizin başçısı möhtərəm İlham Əliyevin özü  idi. Cənab Prezident jurnalistlər üçün tikdirdiyi ikinci binanın sakinlərinin xoşbəxt çöhrələrini seyr etdikcə öyünclü və məğrur görünürdü. Jurnalistlərin dostu adını daşımaqdan böyük məmnunluq duyan ölkə rəhbəri İlham Əliyev onları istəklərinə çatması münasibətilə səmimi təbrik etdikdən sonra, öz ənənəsinə sadiq qalaraq, üçüncü binanın da özülünü qoymaqla mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan həmkarlarımızın yeni dəstəsinə də gerçək ümid, gözlənilən bir sevinc bəxş etdi. Müharibə şəraitində olan, 1 milyon qaçqın və məcburi köçkünün ağır yükünü öz imkanları ilə daşıyan bir ölkədə jurnalistlər üçün ayrıca binalar tikilməsi və onlara yüzlərlə mənzil hədiyyə edilməsi, geniş mənada, dostlarımızı sevindirən, düşmənlərimizi məyus edən önəmli hadisədir.

Prezident İlham Əliyevin mərasimdə söylədiyi nitqin gələcək fəaliyyətimiz üçün mühüm platforma olduğunu dərindən başa düşən həmkarlarımız Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında, ölkənin sosial-iqtisadi inkişafının, müdafiə qüdrətinin artırılmasını şərtləndirən uğurların və problemlərin hərtərəfli işıqlandırılmasında bundan sonra daha həvəslə, yeni bir vətəndaşlıq borcu ilə öz yaradıcı səylərini artıracaqlar. Mərasimdə  mənim və həmkarlarımın gəldiyimiz  qənaət məhz bu oldu.

Yeni mənzil alanlardan biri kimi mən də çoxillik fəaliyyətimə verilən yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə Qarabağdan məcburi köçkün kürəkənimizlə bir yerdə yaşayan ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Dövlətimizin başçısını əmin edirəm ki, bundan sonra da xalqımızın ümdə maraqları uğrunda yazıb-yaradacaq, məişət şəraitimin yaxşılaşmasından yaranan əlavə güc və düşüncəmi də dövlətimizə xidmətə həsr edəcəyəm.


Mənzil alan həmkarlarımı isə ürəkdən təbrik edirəm və haqqı olan hər bir namuslu, fədakar qələm sahibinə də bu nadir sevinci yaşamağı arzulayıram.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi