Modern.az-ın “Unudulmuş adətlər” rubrikasında ana laylasından danışacağıq. Körpənin şirin yuxuya dalmağı üçün vücudunu beşik edərək, Ananın üstümüzü sevgiylə örtən yorğanıdır laylalar. Ana laylası müqəddəsdir. Hansı yaşda olursansa ol, həmişə ana üçün bir uşaqsan. Anaları heç bir zaman unutmamalı, qədir-qiymətini bilməliyik. Çünki onlar hər zaman keşiyimizdə durublar. Bir zamanlar anaların dilindən düşməyən laylalar bu gün niyə unudulub?
“Ana laylası bağlılıq vasitəsidir”
Azərbaycan Aşıqlar Birliyinin I katibi, folklorşünas Məhərrəm Qasımlı:
– Ana laylası musiqili, melodik, poetik mətndir. Ana südü və ana laylası uşaqla ana arasında ilk rabitə yaradan vasitədir. Uşaq öz anasına, çevrəsinə, ana dilinə, mühitə laylalarla uyğunlaşır, adaptasiya olur. Laylalar uşaqların rahat yatmasını və gələcəkdə uğurlu bir həyat sahibi olmasını təbliğ edir. Analar laylalar vasitəsilə övladının yolunda çəkdiyi əziyyətlərin ona xoş olduğunu sərgiləyir. Laylalar vasitəsilə analar həm də ürəklərindəki arzuları dilə gətirilər. Bu mənada laylalar təkcə uşağı yatırtmaq vasitəsi deyil, içərisində böyük ideya, estetik məna kəsb edən mətnlərdir ki, orda xalqımızın ruhu, psixologiyası, mənəvi varlığı yaşayır. Bütün bunları gələcək nəslə ötürməyimiz çox vacibdir. Ana laylası ilə böyüyən uşaqlar öz soy-kökünə daha bağlı ola bilər, çünki ana laylası ruh aşılayan bir vasitədir. Biz ana laylası ilə böyümüşük və bəlkə ona görə mənə çox əzizdir. Amma tam əminliklə deyə bilərəm ki, ana laylasında sezə bilmədiiymiz tərəflər də var ki, məhz burdakı melodik ünsürlər vasitəsilə o həzin nəğmə uşağın psixologiyasına, ruhuna aşılanır, onun əsil milli ruhda böyüməsində ilkin təkan verici amil olur. Bunun vasitəsilə o ana dilinə boylanır. Laylalardan dil açmağa doğru gedir. Sonra bir müddət keçir və onlar analarının dediyi layların bir hissəsini yamsılamağa çalışırlar. Deməli, anaların oxuduğu laylalar uşaqların ruhuna hopub. Bu mənada layların qorunması yaşadılması çox vacibdir. Görün ana laylasının bizim mədəniyyətimizdə nə qədər böyük mövqeyi var. Kənd yerlərində nənələrimizin uşaqlara laylalar dediyinin şahidi olmuşam. Xalqımızın mənəvi gücü var ki, laylaların melodik, fəlsəfi, poetik ruhunu qoruya bilsin.
“Belə getsə, laylalar itib-batacaq”
Millət vəkili Kamilə Əliyeva:
– Mən bir azəri qızı olaraq öz adət-ənənələrimizin qorunub saxlanmasının tərəfdarıyam. Bu adətlərimiz nəsildən-nəslə ötürülməlidir. İndiki gənc nəsillə o vaxtkı nəsli müqayisə etsək, çox böyük fərqlərin olduğunu görərik. O vaxt gənc analar öz övladlarına layları daha çox oxuyardılar. İndi çox az ailələrdə anaların öz körpələrinə lay-lay deməsinin şahidi oluruq. Amma kənd yerlərində bu adət-ənənə hələdə qorunub saxlanılır. Öz nənə-babasının yanında böyüyən bir çox uşaqlar var ki, onlar layların nə demək olduğunu yaxşı başa düşürlər. Mən güman etmirəm ki, indi cavan ailələrdə analar öz körpəsini lay-layla yatızdırır. Uşaqlarım məktəbli olsalar da, onlar hələdə məndən lay-lay oxumağımı istəyirlər. Çünki mən onları hər zaman lay-lay deyərək, yatırtmışam. Lay-lay ana ilə uşaq arasındakı bağlılığı daha da möhkəmləndirir. Amma belə getsə, laylalar ancaq şifahi xalq ədəbiyyatı nümunələrimizdə qalacaq və gələcək nəslin bundan heç xəbəri də olmayacaq. Buna görə də bütün kütləvi informasiya vasitələrində milli mənəvi dəyərlərimizin qorunub saxlanması ilə bağlı geniş təbliğat aparılmalıdır”.
“Uşaqlarıma Şəfiqə Axundovanın yazdığı laylaları oxuyuram”
Şairə Sevinc Çılğın:
– Laylalarla böyümüş uşaq kimi onu deyə bilərəm ki, uşaqların ana laylası ilə böyüməsi çox vacibdir. Hətta uşaq ana bətnində olarkən, analar bol-bol musiqi dinməlidirlər. Çünki bu körpələrin ana bətnində olarkən belə əsəblərinin sakitləşməsinə çox yaxşı təsir göstərir. Mən də anayam və hər gecə yatanda uşaqlarımın rahat yatması üçün Şəfiqə Axundovanın yazdığı, “Ögey ana” filmindən olan “Ay baxır” laylasını oxuyuram. Hətta bir gün qızım dedi ki, ana, mənim üçün “Ay baxır” laylasını oxuya bilərsən? Sevinirəm ki, uşaqlarımda bu gün də məndən onlar üçün lay-lay oxumağımı istəyirlər. Ana laylası körpələrin əsəblərinin sakit olmasına və rahat yatmasına çox kömək edir.
Pərvin Arzuqızı