Modern.az

“Saakaşvili İlham Əliyevdən kömək istəməyə gəlir” – ŞƏRH

 “Saakaşvili İlham Əliyevdən kömək istəməyə gəlir” – ŞƏRH

27 Fevral 2013, 12:01

Gürcü prezidentinin qəfil Bakı səfərinin pərdəarxası məqamlarında nə durur?

“Gürcüstan prezidentinin gözlənilmədən Bakı səfərinin arxasında bir sıra məqamlar dayanır. Saakaşvili rəsmi Bakıdan İvanişviliyə qarşı kömək istəyəcək”. Bunu politoloq Elxan Şahinoğlu Gürcüstan prezidenti Mixail Saakaşvilinin gözlənilmədən Azərbaycana təyin etdiyi səfərin təfərrüatlarını Modern.az-a şərh edərkən bildirib. Politoloqun fikrincə, Gürcüstan prezidentinin Azərbaycana səfəri bir sıra məsələlərlə bağlıdır. E.Şahinoğlunun sözlərinə görə, Saakaşvilinin Bakı səfərini onun Azərbaycandan kömək istəməsi kimi qiymətləndirmək olar.

“Bizdə məşhur bir atalar sözü var ki, iki qoçun başı bir qazanda qaynamaz. Bu atalar misalını hazırda daha çox Gürcüstana aid etmək olar. Məlumdur ki, Bidzina İvanişvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstan ikihakimiyyətlilik yaranıb. Saakaşvili Azərbaycana daha çox bağlı olan siyasətçidir. O obyektiv olaraq anlayır ki, Gürcüstanın müstəqilliyinin möhməkləndirilməsi, inkişafı Azərbaycanla əməkdaşlıqdan çox aslıdır. Çox təəssüf ki, baş nazir İvanişvili fərqli siyasət yürüdür. Bu ərəfədə Saakaşvilinin Bakıya gəlməsi Gürcüstan prezidentinin bir daha Azərbaycana önəm verdiyini göstərir. Saakaşvilin Bakı səfəri hesab edirəm ki, onun üçün yüksək əhəmiyyətə malikdir”,-deyə politoloq şərh edib.

E.Şahinoğlu həmçinin qeyd edib ki, Saakaşvilinin  qəfl səfərində  qeyri-rəsmi formada bu ilin oktyabrından Gürcüstanda keçiriləcək prezident seçkiləri haqda danışıqlar həyata keçiriləcək:

“Azərbaycan Saakaşviliyə yanlız bir yolla kömək edə bilər. Burda Azərbaycanın Gürcüstanda yaşayan soydaşlarına müəyyən təsir imkanları var. Ola bilsin ki, qarşıdakı prezident seçkiləri ilə bağlı danışıqlar getsin. Hesab edirəm ki, Saakaşvili qeyri-rəsmi söhbətdə ola bilsin ki, qarşıdakı seçkilərlə bağlı Azərbaycandan kömək istəsin”.

Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 27-28-də Azərbaycana səfər edəcək. Səfər zamanı gürcü prezident Naxçıvan Muxtar Respublikasına da gedəcək. M.Saakaşvili Naxçıvanda bir sıra rəsmi görüşlər keçirəcək.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!