Modern.az

Avropa ölkələrindən Ukraynaya başsağlığı MESAJLARI 

Avropa ölkələrindən Ukraynaya başsağlığı MESAJLARI 

18 Yanvar 2023, 19:05

Ukraynanın paytaxtı Kiyev ətrafındakı Brovar yaşayış məntəqəsində baş verən helikopter qəzası ilə əlaqədar bir sıra dövlətlər Ukraynaya başsağlığı ünvanlayıb.

 

Modern.az bildirir ki, başsağlığı verən dövlətlər sırasında Almaniya, Fransa, Polşa, Avstirya, Niderland, İtaliya, İspaniya, Xorvatiya, Litva, Latviya, Estoniya və Kosova var.

 

Almaniya kansleri Olaf Şolts hadisə ilə bağlı "Twitter" hesabında bunları yazıb: "Brovarıda helikopter qəzası Ukraynanın bu müharibədə ödədiyi böyük bədəli bir daha ortaya qoydu. Bu kədərli gündə daxili işlər nazirini itirən Zelenskini, həmçinin həlak olanların ailələri və yaralıları düşünürük".

 

Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə qəza xəbərinin rəsmi Parisi hüznləndirdiyi bildirilib: "Fransa həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

 

Polşa prezidenti Andjey Duda da "Twitter" hesabından məsələ ilə bağlı paylaşım edib: "Bir çox insanın ölümünə səbəb olan helikopter qəzasına görə çox kədərlənirəm. Fikrim həlak olanların ailələri və yaxınları ilədir".

 

Avstriya prezidenti, kansleri və xarici işlər naziri də qəza ilə bağlı başsağlığı mesajlarını paylaşıblar.

 

Niderland xarici işlər naziri Uopke Hoekstra qəza xəbərini eşidəndə çox kədərləndiyini ifadə edib və bildirib: “Bu faciəvi itki sözlə izah edilə bilməz. Həlak olanların ailələrinə və Ukrayna xalqına başsağlığı verirəm. Biz Ukrayna xalqının kədərini bölüşürük”.

 

İtaliyada sənaye və inkişafdan məsul olan “Biznes və İtaliya istehsalı” naziri Adolfo Urso "Twitter"də aşağıdakıları yazıb:

 

“Ukraynada daxili işlər naziri Monastırski, nazir müavini və digər şəxslərin, o cümlədən 3 uşağın həyatını itirdiyi helikopter qəzası ilə bağlı Ukrayna prezidentinə başsağlığı mesajı göndərdim. Qəzada həlak olanların ailələrinə başsağlığı diləyirəm”.

 

İspaniya baş naziri Pedro Sançez helikopterin qəzaya uğraması xəbərindən "şok" olduğunu bildirib və qəzada həlak olanların yaxınlarına, Ukrayna xalqına və Ukrayna prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.

 

Xorvatiyanın baş naziri Andrey Plenkoviç də  Ukrayna hakimiyyətinə və həlak olanların yaxınlarına başsağlığı verənlər sırasındadır. "Bu çətin günlərdə Ukrayna hökuməti və xalqının yanındayıq”,- o deyib.

 

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis də başsağlı verərək, deyib: “Monatırskiyə və mərhumların ailələrinə, Ukraynada baş verən bu faciənin günahsız qurbanlarına dərin hüznlə başsağlığı verirəm”.

 

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs həyatını itirənlərə yas tutduğunu bildirib, həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

 

Estoniya prezidenti Alar Karis "Twitter" hesabı vasitəsilə öz başsağlığı mesajını çatdırıb: "Kiyev yaxınlığında 18 nəfərin itkisinə səbəb olan dəhşətli qəzaya görə kədərlənirəm. Həlak olanların ailələrinə və Ukrayna xalqına başsağlığı verirəm”. 

 

Kosovonun baş naziri Albin Kurti də Ukrayna daxili işlər nazirinin ölüm xəbərindən kədərləndiyini bildirib, həlak olanların yaxınlarına və həlak olan uşaqların ailələrinə başsağlığı verib.

 

İsveçrə Konfederasiyasının prezidenti Alain Berset deyib: "Faciəvi hadisə ilə bağlı xəbərdən çox kədərləndik. Ukrayna hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz həlak olanların və onların ailələrinin yanındadır".

 

Qeyd edək ki, helikopter qəzası zamanı ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi