Modern.az

Türkiyə taxıl sazişini 1 il uzatmaq istəyir

Türkiyə taxıl sazişini 1 il uzatmaq istəyir

Dünya

3 Avqust 2023, 14:22

Rusiya taxıl sazişinə qayıdarsa, Türkiyə sənədin müddətini 12 ay uzatmaq istəyir.


Modern.az xəbər verir ki, bu barədə “24 TV” kanalı məlumat yayıb.


Telekanalın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı taxıl sazişi ilə bağlı razılaşma əldə olunmasa, dünyanın qarşılaşacağı problemləri yada salıb. 

 

Bununla belə, Rusiyanın taxıl sazişinə qayıtmaq tələblərini təmin etmək üçün Ankaranın hansı addımları atmaq niyyətində olduğu açıqlanmayıb.

 

Xatırladaq ki, 22 iyul 2022-ci il tarixində Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çernomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verib. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb. 

 

Sazişə uyğun olaraq gəmilər yük yerlərinin boş olduğundan əmin olmaq üçün İstanbul yaxınlığında yoxlamadan keçib, daha sonra yüklənmək üçün dəniz humanitar dəhlizindən yan alaraq Ukrayna limanlarına yola düşüb. Dəhliz İstanbuldakı Koordinasiya Mərkəzi tərəfindən idarə olunub və gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün 24/7 rejimində nəzarət tədbirləri görülüb. Dönüş yolunda olan gəmilər İstanbul yaxınlığında yenidən yoxlanılıb.

 

BMT-nin məlumatına görə, taxıl sazişi çərçivəsində bu vaxtadək Ukraynadan 32,9 milyon ton taxıl və digər məhsullar ixrac edilib. Saziş dünyada ərzaq böhranının qismən aradan qaldırılmasında mühüm rol oynayıb. BMT-dən bildirilib ki, taxıl sazişi bütün dünyada insanlara fayda verib, çünki sazişə uyğun olaraq qlobal bazara daha çox ərzaq məhsulu çıxarılıb və buna görə də qiymətlər aşağı düşüb.

 

Lakin Rusiya iyulun 17-də Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edib. Rəsmi Moskva bildirib ki, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında saziş icra edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!