Dünənin əsas hadisələri Milli Məclisdə aparılan müzakirələr, Prezident seçkiləri ilə bağlı ayrı-ayrı siyasi qüvvələrin və şəxslərin mövqeyini müəyyənləşdirməyə və ictimaiyyətə elan etməyə davam etməsi, Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Cevdet Yılmazın Bakıya gəlməsi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyevin açıqlamaları və digər məsələlər olub.
Modern.az 19 dekabr tarixinə olan icmalını təqdim edir:
“Nikah yaşının 1 il azaldılmasına görə 12 rayon üzrə 23 müraciətə baxılmış, hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılmış, müvafiq sənədlər tələb olunmuşdur. Araşdırmaların nəticəsi olaraq 5 müraciət üzrə (Qaradağ rayonu-1, Suraxanı rayonu-1, Sabunçu rayonu-2, Binəqədi rayonu-1) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib. Yerli rayon icra hakimiyyətlərindən aldığımız məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb". Bu barədə Milli Məclisin plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. “Qarabağ iqtisadi rayonunda (11 erkən evlilik), Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib. Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzürlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir", - Komitə sədri qeyd edib.
Dövlət orqanlarında və onların sistemində 2022-ci ildə rəhbər vəzifələrdə çalışan qadınların sayında əhəmiyyətli dəyişiklik baş verməyib. Bu barədə Milli Məclisin plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. "Ali Məhkəmənin 38 hakimindən 4-ü, apelyasiya instansiyası məhkəmələrinin 125 hakimindən 18-i, 1-ci instansiya məhkəmələrinin 384 hakimindən 89-u (cəmi hakimlərin sayı 547, o cümlədən qadınlar 111) qadın olub. Keçən illə müqayisədə prokuror qadınların sayında artım müşahidə olunur. Eyni zamanda səfir və konsulluqlarda çalışan xanımların sayında müəyyən dəyişikllər olub. Amma bildirim ki, qadınların əmək haqları kişilərin əmək haqlarından aşağıdır”.
"Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən "uşaq pulu" məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub", - Sabir Rüstəmxanlı deyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, Azərbaycan hökumətinin təklif etdiyi proqramlara parlamentdə münasibət bildirilir: “Bizim bəzi sahələrdə ünvanlılığa üstünlük verdiyimiz sirr deyil. Qanunvericilikdə çoxuşaqlı ailələrin sayına diqqət etmək olar. Çoxuşaqlı ailədə uşağın sayını aşağı endirmək olar. Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər həll edilə bilər”.
"Ermənistan Aİ-nin dekabrın 4-dəki məhdudlaşdırıcı tədbirlərinə qoşulmayıb". Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. "Xarici siyasət prioritetlərinə və Aİ ilə tərəfdaşlığa əsaslanaraq, Ermənistan qurumun bəyanatlarını nəzərə alır və tez-tez onlara qoşulur, orada qaldırılan məsələlərə dəstək və həmrəylik nümayiş etdirir. Lakin Ermənistanın dərc olunmuş mesajından da göründüyü kimi, sözügedən qərara qoşulmayıb”, - deyə qeyd olunub. Qeyd edək ki, söhbət "Maqnitski aktı"ndan gedir.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev respublikada majoritar seçki sistemindən majoritar-proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya qanununu imzalayıb. Qanuna əsasən, seçkilər qarışıq (majoritar-proporsional) seçki sistemi əsasında keçiriləcək. Birmandatlı və tək seçki dairələri nəzərdə tutulur. Aşağı palatanın 75 deputatı majoritar seçki sistemi ilə birmandatlı dairələrdən, qalan 75 deputat isə siyasi partiyalara verilən səslər əsasında vahid dairədən seçiləcək. Özbəkistan indiyədək majoritar seçki sistemindən istifadə edib. Bu sistemlə öz dairəsində səs çoxluğunu qazanmış namizədlər seçilmiş hesab olunurdu. Özbəkistanın Qanunvericilik Palatası 150 deputatdan ibarətdir. Hazırda ölkədə beş siyasi partiya fəaliyyət göstərir.
MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək. Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib. İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezidenti olmuş mərhum Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və lideri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklərini açıqlayıblar.
Müsavat başqanı Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxılıb. Bu barədə Arif Hacılı özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, oğlu Orxan Hacılı bu gün azadlığa çıxıb. Məlumata görə, bu gün Yasamal rayon Məhkəməsində Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilib.
Avrasiya İqtisadi İttifaqının hər beşinci sakini pensiyaçıdır. Bu barədə Avrasiya İqtisadi Komissiyası məlumat yayıb. 2023-cü ilin əvvəlində birliyin 185,4 milyon əhalisi olub ki, onlardan 41,4 milyonu (22,3%) əmək qabiliyyətli yaşdan yuxarıdır. Üzv ölkələrdə pensiya yaşı dəyişir. Kişilər üçün Rusiyada 61,5 yaşdan Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanda 63 yaşa qədər, qadınlar üçün isə ən aşağı hədd Rusiyada (56,5 yaş) və ən yüksək həddi Ermənistandadır (63 yaş).
"Ali Baş Komandan Valeri Zalujnının “dinlənməsi” cihazın imitasiyası idi". Bu barədə Ukrayna ordusunun general-mayoru Viktor Yaqun “Azadlıq radiosu"na danışıb. "Mən bildiyimə görə, nəinki səsyazma vasitələri, hətta batareyalar da yox idi. Yəni bu, yazı üçün deyil, hansısa başqa hərəkət üçün nəzərdə tutulmuş ola bilər ki, cihazın imitasiyası idi", - Yaqun deyib. O əlavə edib ki, Zalujnının görüşləri zamanı səsyazma cihazlarını bloklamaq üçün binalarda xüsusi avadanlıqdan istifadə olunur və ofislər mütəmadi olaraq yoxlanılır. O, bu cür "dinləmə cihazı"nın olmasını təxribat adlandırıb, çünki hansısa həvəskarın bunu quraşdıra biləcəyinə inanmır. "Bir müddət sonra onlar Zalujnıya bənzər səslə süni intellektin köməyi ilə hazırlanmış bəzi səs yazılarını atmağa çalışacaqlar ki, bu da Ukraynada hərbi və mülki hakimiyyət arasında qarşıdurma mövzusunu bir daha gündəmə gətirəcək. Bu, yəqin ki, düşmənə faydalıdır", - hərbçi söyləyib. Qeyd edək ki, bir müddət əvvəl Zalujnının iş otağından dinləmə cihazı tapılması ilə bağlı məlumatlar yayılmışdı.
Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edənlər rüsumdan azad edilir. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunacaqlar. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhərdə qiymətlərin müəyyən mexanizmə görə tənzimləndiyini bildirib. O, Azərbaycanda ilk dəfə keçirilən "Mədəni irs" forumunun ikinci günündə çıxışında İçərişəhərdə film çəkilişləri zamanı ödəniş məsələsinə belə aydınlıq gətirib: "Hesab edirik ki, bu kimi qoruqlarda çəkilişlərin pulsuz olması onun əlçatanlığının kifayətdən daha artıq olmasına şərait yarada bilər. Buna görə də qiymətlər müəyyən mexanizmə görə tənzimlənir".
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -284-2 maddəsində əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü (Dövlətə xəyanət), 276-cı (Casusluq) və ya 284-cü (Dövlət sirrini yayma) maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Rusiyada ölmüş siyasəçi Vladimir Jirinovskinin bir vaxtlar sədri olduğu Rusiya Liberal Demokrat Partiyası (LDPR) Prezident seçkilərində iştirak edəcək namizədini açıqlayıb. Bu barədə partiyanın qurultayında qərar qəbul olunub. LDPR Leonid Slutskini Rusiya Federasiyasının prezidentliyinə namizəd kimi irəli sürüb. Partiyanın qurultayına qatılan 108 nümayəndədən 106-sı onun lehinə səs verib. Başqa namizədlər nəzərdən keçirilməyib. Slutski Jirinovski öləndən bəri LDPR-in sədridir. Qeyd edək ki, Rusiyada Prezident seçkiləri 17 mart 2024-cü il tarixinə təyin edilib.
Kür çayının Türkiyənin Ərdahan vilayətindən keçən hissəsi donub.
"Rusiya sülhməramlı qoşunları Suriya və Qarabağda sülhün əsası və qarantı olmaqda davam edir". Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu idarənin kollegiya iclasında bildirib. "Gələn il Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulur", - deyə nazir söyləyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə görüşüb. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov X hesabında paylaşım edib. "Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də geniş spektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın qarşıdan gələn iqlim sammitinə - COP29-a ev sahibliyi etməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou arasında çox məhsuldar və canlı söhbət baş tutudu", - azərbaycanlı diplomat paylaşımında bildirib.
Dekabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edib. Bu barədə Cevdet Yılmaz X hesabında paylaşım edib. Onu Baş nazirin müavini Əli Əhmədov və digər şəxslər qarşılayıb.
Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. İclasın gündəliyinə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər daxil edilib. Görüşdə Ermənistan Prezidenti, hökumət və ordu rəsmiləri iştirak edib.
Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə prezident seçkilərini keçirməyə hazır olmadığını bildirib. Bu barədə o, mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Ali Rada da buraxılmayacaq. “Müharibə zamanı seçki keçirə bilməzsiniz. Biz ancaq Ukrayna qanunvericiliyinə uyğun hərəkət edə bilərik. Mən isə Ukrayna qanunlarına uyğun yaşayıram. Ən azından bunun üçün hər şeyi edirəm”, - prezident bildirib.
Xəzər sahillərində 130-a yaxın ölü suiti tapılıb.
Azərbaycandan Rusiyaya 36 ton yumurta ixrac edilib. Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Bildirilib ki, dekabrın 19-da “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib.
"Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb". Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "BBC World"ə müsahibəsində deyib.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq mümkündür: