Modern.az

Ermənilər məğlubiyyəti Rusiyada da hiss edir - Azərbaycanlılara qarşı münasibət necə dəyişib?

Ermənilər məğlubiyyəti Rusiyada da hiss edir - Azərbaycanlılara qarşı münasibət necə dəyişib?

Diaspor

19 Dekabr 2023, 15:16

İkinci Qarabağ müharibəsində qazanılan qələbə və antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etməsi yalnız Ermənistanın daxilində deyil, xaricində də erməniləri pərən-pərən salıb. Avropa və Amerikadakı diaspor erməniləri məğlubiyyətdən sonra aqressivləşib. Onlar müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara, Azərbaycana məxsus diplomatik binalara hücumlar edirlər. Bütün təxribatların qarşısı alınır və diaspor ermənilərinə məğlubiyyət bir daha xatırladılır.

 

Ancaq Rusiyadakı erməni diasporu müharibədən sonra tamamilə passivləşib. Qeyd edək ki, azərbaycanlıların və ermənilərin ən çox yaşadığı ölkələrdən biri Rusiyadır. Bu ölkədə hər iki xalqın milyonlarla nümayəndəsi yaşayır, işləyir və təhsil alır. 

 

Qarabağ müharibəsindən əvvəl-işğal dövründə Rusiyada yaşayan ermənilərin soydaşlarımıza qarşı təyziqlərinin şahidi olmuşuq. Ermənilər Rusiyada soydaşlarımıza məğlub psixologiyasında yanaşaraq təxribatlara əl atıblar. Azərbaycanın qazandığı qələbədən sonra isə vəziyyət tamamilə dəyişib. Artıq ermənilər məğlub psixologiyasına məhkum olublar, özü də ömürlük...

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov da Modern.az-a açıqlamasında deyir ki, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycana və ümumilikdə azərbaycanlılara münasibət dəyişib:

 

“Danılmaz bir faktdır ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlətimizin, cəsarətli ordumuzun və müdrik xalqımızın parlaq zəfəri Azərbaycan tarixinə qızıl həriflərlə həkk olunub. 44 günlük Vətən müharibəsi nəticəsində bizim tarixi qələbəmiz və Azərbaycanımızın ərazi bütövlüyünün bərpası geosiyasi müstəvidə ciddi dəyişikliklərə səbəb olub. Bu zəfər təqvimimizdə illərdir arzuladığımız yeni tarixin əmələ gəlməsi dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlı üçün məyusluğun, inamsızlığın sonu və fəxarət hissidir".

 

Onun sözlərinə görə, ermənilərin məğlubiyyəti Rusiyada və onun nəhəng paytaxtında özünü daha da əyani şəkildə biruzə verməkdədir.

 

"Heç kimə sirr deyil ki, Rusiyanın əksər kütləvi informasiya vasitələrində və ictimai-siyasi müstəvidə ermənilərə hər zaman üstünlük verilirdi, azərbaycanlılar uduzmuş bir xalqın nümayəndələri kimi erməni yalanlarının dəstəkləndiyi cəmiyyətdə hökm sürən ədalətsizlik qarşısında çox vaxtlar aciz qalırdılar. Mübarizəmiz hər zaman Azərbaycanın haqq səsinin ucalması naminə aparılsa da, ölkəmizin beşdə birinin işğalı fonunda bu mübarizə arzu etdiyimiz qədər səmərəli deyildi", - diaspor nümayəndəsi qeyd edib.

Rusiyada erməni diasporunun zəifləməsinin səbəblərindən biri də Azərbaycan diasporunun buradakı fəaliyyətidir. Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor təşkilatları ilə həm Vətən müharibəsi günlərində, həm də müharibədən sonra Rusiyada aktiv fəaliyyət göstərib, tədbirlər, görüşlər keçirib. Erməni təxribatlarının qarşısının alınmasında Komitənin xüsusi rolu var. Həqiqətən, zəfər psixoloji cəhətdən də azərbaycanlıların özünə, həm də onlara olan münasibətdə çox şeyi dəyişib.

 

"Moskvada biz paytaxt azərbaycanlılarının milli-mədəni muxtariyyəti olaraq çoxşahəli fəaliyyət aparırıq, müxtəlif millətlərin nünayəndələrinin qatıldığı etno-mədəni və ictimai-siyasi tədbirlərdə aktiv iştirak edirik, zəngin irsimizi təbliğ edirik, tarixi və müasir reallığımızı sərgiləyirik. Əvvəlki dövrə nisbətən indiki mərhələdə hiss edirik ki, Azərbaycana və ümumilikdə azərbaycanlılara münasibət dəyişib, sıxışdırılan ermənilər isə məğlubiyyətin acısını nəinki ölkəsində, hətta kənarda da yaşamağa məcbur ediliblər. Azərbaycanın həm regionda, həm də dünyada yeni reallıq yaratdığı qəbul olunur.  Hər kəs bunu həvəslə və ürək açıqlığı ilə qəbul etməsə belə... Bu özünün əhəmiyyəti və gücü ilə elə bir faktdır ki, onunla hətta Azərbaycanın düşmənləri barışmalı olublar. Təşkilatımız və onun əlaqələndirdiyi Moskvadakı Azərbaycan diasporu daha da böyük həvəslə işini davam etdirir, tarixi ədalətin bərpasından ilhamlanaraq yeni önəmli layihələrə imza atır, çoxmillətli cəmiyyətin vacib komponenti kimi fəalliğını konkret əməllərlə ortalığa qoyur", - Bəxtiyar Həsənov deyib.

 

O deyib ki, qələbəyə baxmayaraq, vəziyyət daim nəzarətdədir və Azərbaycana qarşı istənilən təxribata dərhal reaksiya verilir.

 

"Möhtərəm Prezident İlham Əliyevin məşhur “Dəmir yumruq yerindədir!” ifadəsi indiki mərhələdə ictimai-siyasi fəaliyyətimizin istiqamətverici leytmotividir ki, işlərimiz də məhz bu ifadədən irəli gələn kontekstdə uğurla davam etdirilir”, - diaspor nümayəndəsi sözlərini belə yekunlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı