"Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu, təşkilatın katibliyindən Ermənistan baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-dən çıxması barədə dediklərinə cavab olaraq bildirilib.
***
12.06.2024 / 18:41
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Baş nazir Nikol Paşinyanın ölkəsinin KTMT-ni tərk edəcəyinə dair açıqlamasına düzəliş edib.
Modern.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
O bildirib ki, Nikol Paşinyan Ermənistanın təşkilatı tərk edəcəyini deməyib.
"Baş nazir Nikol Paşinyan ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını yox, istədiyimiz vaxt bununla bağlı qərar verə biləcəyimizi deyib.
Kimsə Nikol Paşinyanın məhz bu kontekstdə çıxış etdiyini düşünürsə, yanılır. Bunu çox rahatlıqla isbatlamaq mümkündür. Baş nazir sadəcə onu deyib ki, ölkəmiz təşkilatın üzvlüyündən çıxmalı olsa, bir daha geri qayıtmayacaq", - nazir qeyd edib.
***
17:10
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə İrəvanın KTMT-dən çıxacağını və bir daha təşkilata qayıtmayacağını bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifətçi deputatın sualına cavab olaraq bildirib.
O, vaxtın hələ müəyyən edilmədiyini əlavə edib. Paşinyan əlavə edib ki, hakimiyyət lazım bildiyi zaman Ermənistan KTMT-dən çıxacaq: "Ermənistanın keçmiş hakimiyyəti “köpük ittifaqı”na girdi və sonra məlum oldu ki, bu ittifaq Ermənistanı müdafiə etmir".
"Nə fikirləşirsiniz? Növbəti addım nədir? Sizcə geri dönəcəyik? Yox, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”, - deyə Ermənistanın baş naziri qeyd edib.
Qeyd edək ki, ötən ay Ermənistan hakimiyyəti KTMT-ni maliyyələşdirməkdən imtina edib, ayın sonunda isə təşkilata daxil olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına öz nümayəndəsini göndərməyib.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) indi Rusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Belarus daxildir.