Modern.az

KTMT-ni tərk edən ölkələr - Ermənistan da buna hazırlaşır...

KTMT-ni tərk edən ölkələr - Ermənistan da buna hazırlaşır...

Analitika

13 Mart 2024, 17:11

Məlum olduğu kimi, son vaxtlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə yollarını tədricən ayırması ilə bağlı müxtəlif xəbərlər mətbuat səhifələrində yerini alır. Bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın təşkilatda üzvlüyünü "dondurduğunu" açıqlamışdı. Yəni Ermənistan formal-hüquqi və rəsmi qaydada KTMT-də üzvlüyünü davam etdirsə də, onun fəaliyyətində iştirakını faktiki olaraq dayandırıb.

 

Bu dəfə qərarın səbəbləri və mümkün nəticələri ətrafında yox, KTMT-nin tarixi, təşkilata üzv olan və üzvlükdən çıxan, üzv olmaq istəyən ölkələr barədə araşdırma aparılıb. Əvvəlcə onu qeyd etmək lazımdır ki, KTMT hərbi-siyasi baxımdan Varşava Müqaviləsi Təşkilatının (VMT) davamı rolunu oynayıb. Belə ki, soyuq müharibə illərində SSRİ ətrafında toplanan sosialist bloku ölkələri NATO-ya alternativ olan VMT-ni yaratmışdılar.

 

Ötən əsrin 90-cı illərinin başlanğıcında SSRİ-nin dağılması, sosialist blokunun çökməsi nəticəsində bu təşkilat da tarixə qovuşdu. SSRİ-nin varisi kimi çıxış edən Rusiya Federasiyası iqtisadi-siyasi profilli təşkilat olaraq Müstəqil Dövlətlər Birliyini (MDB) formalaşdırmışdısa, hərbi-siyasi layihə kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi mexanizmini yaratmışdı.

 

Təşkilatın rəsmi saytında qeyd olunub ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinin təşkili 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan dövlət başçıları tərəfindən imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsinin bağlanmasından başlayır. Sonralar - 1993-cü ildə Azərbaycan, Belarus və Gürcüstan da müqaviləyə qoşulublar. Müqavilə 20 aprel 1994-cü ildə milli ratifikasiya prosedurları başa çatdıqdan sonra qüvvəyə minib.

 

 

Müqavilənin 4-cü maddəsi NATO əsas sənədinin 5-ci maddəsini xatırladırdı: “İştirakçı dövlətlərdən biri hər hansı dövlət və ya dövlətlər qrupu tərəfindən təcavüzə məruz qalarsa, bu, Müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcək. İştirakçı dövlətlərdən hər hansı birinə qarşı təcavüz aktı baş verərsə, bütün digər iştirakçı dövlətlər ona lazımi yardımı, o cümlədən hərbi yardımı göstərəcək, habelə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq kollektiv müdafiə hüququnun həyata keçirilməsində öz sərəncamlarında olan vasitələrlə dəstək verəcəklər”.

 

Qeyd etmək lazımdır ki, həmin illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etsə də, hər iki ölkənin müqavilənin tərəfi olmasına baxmayaraq mexanizm faktiki olaraq işə salınmırdı. Bu, Azərbaycanın sonradan müqavilədən çıxmasında rol oynayan həlledici amillərdən biri idi. Sonralar Qırğızıstan-Tacikistan sərhəd toqquşmaları nümunəsində də bu mexanizmin effektivliyini sual altına qoyan məqamlar üzə çıxdı.

 

Kollektiv təhlükəsizlik müqaviləsi sonradan uzadılma imkanı ilə 5 il müddətinə bağlanmışdı. 1999-cu ildə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi müddətinin uzadılmasına dair Protokol imzaladılar, bunun əsasında iştirakçı ölkələrin yeni tərkibi və Müqavilənin müddətinin 5 il müddətinə uzadılması üçün avtomatik prosedur formalaşdırıldı.

 

Azərbaycan, Gürcüstan və Özbəkistan isə müqaviləyə üzvlüklərinə xitam verdilər. 2002-ci ilə qədər müqavilə mahiyyətcə siyasi-hərbi sahədə sıx əməkdaşlıq və anlaşmanın qorunmasında mühüm rol oynayan regional saziş funksiyasını yerinə yetirirdi. 2002-ci il mayın 14-də Moskvada Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinə beynəlxalq regional təşkilat statusu verilməsi haqqında qərar qəbul etdi.

 

 

Bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə mexanizm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) çevrildi. 2002-ci il oktyabrın 7-də Kişinyovda MDB sammitində Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri KTMT Nizamnaməsini təsdiq etdilər. 2003-cü ilin dekabrında KTMT Nizamnaməsi BMT Katibliyində qeydiyyata alındı.

 

2004-cü ildə isə təşkilat BMT Baş Assambleyasında müşahidəçi statusu aldı. Hazırda təşkilata daxil olan ölkələr bunlardır: Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası və Tacikistan Respublikası. Özbəkistan KTMT-yə üzvlüyünü 2006-cı ilin yayında yeniləsə də, 2012-ci ildə bir daha təşkilatı tərk edib.

 

KTMT-nin birgə fəaliyyətinin əlaqələndirilməsi KTMT Nizamnaməsinə uyğun olaraq yaradılmış nizamnamə, daimi işçi və yardımçı orqanlar tərəfindən təmin edilir. Kollektiv Təhlükəsizlik Şurası Təşkilatın ali orqanıdır və üzv dövlətlərin başçılarından ibarətdir. O, Təşkilatın fəaliyyətinin əsas məsələlərini nəzərdən keçirir və məqsədlərinə nail olmaq üçün qərarlar qəbul edir. 

 

Həmçinin bu məqsədlərə nail olmaq üçün üzv dövlətlərin əlaqələndirilməsini və birgə fəaliyyətini təmin edir. İclaslar zəruri hallarda üzv dövlətlərdə növbə ilə, lakin ildə ən azı bir dəfə keçirilir. Şura başqa cür qərar vermədiyi təqdirdə Şuraya sədrlik rus əlifbası üzrə sıra ilə keçirilir. Hazırda sədrlik Qazaxıstan Respublikasındadır. KTMT-nin baş katibi İmanqali Tasmaqambetovdur.

 

Serbiya və Rusiya-Belarus İttifaq Dövləti KTMT Parlament Assambleyasında müşahidəçi statusa malikdir. 2021-ci ilin avqust ayında Taliban qruplaşması hakimiyyəti ələ keçirənə qədər Əfqanıstan da təşkilatda müşahidəçi statusa malik ölkələr arasında idi. Ermənistanın KTMT-ni tərk edəcəyi təqdirdə qurumda hansı dəyişikliklərin baş verəcəyi müzakirə mövzuları sırasındadır...

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir