“Azərbaycanda fəaliyyət göstərən idarə və müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması istiqamətində hər gün iş aparılır”. Modern.az xəbər verir ki, bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin sözlərinə görə, yaxın günlərdə 8 minə yaxın işçisi olan bir nazirlikdə həmkarlar ittifaqı təşkilatının yaradılması reallaşacaq: “Hazırda 20-50 nəfər üzvü olan həmkarlar ittifaqı təşkilatları var. İri şirkətlərdə isə həmkarlar ittifaqı təşkilatlarının yaradılması vacib məsələdir. Yerli; şirkətlərdə belə təşkilatların yaradılması elə bir problem deyil”. AHİK sədri bildirib ki, həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı yalnız iri transmilli təşkilatlarda problemlər var: “ İndi qarşıda duran əsas məqsəd ondan ibarətdir ki, transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatları yaradılsın. Artıq belə şirkətlərin 30-40 faizində ilk təşkilatlar yaradılıb. Bu iş mütəmadi olaraq davam etdirilir”.
Qeyd edək ki, noyabrın 29-da Bakı Şəhər Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən "Mən azərbaycanlıyam" yaradıcılıq müsabiqəsinin qalibi olan 5 məktəbliyə ATİAHİ Respublika Komitəsinin təqaüdü təqdim edilib. Təqaüdün hər ay 50 manat olmaqla 6 ay müddətində verilməsi nəzərdə tutulur.
S.Mehbalıyev müsabiqələrin gələcəkdə də davam etdiriləcəyini və müsabiqədə iştirak edən məktəblərin sayının artırılacağını diqqətə çatdırıb.
Həmçinin bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatları arasında keçirilən "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Baxış müsabiqənin ikinci turunda 37 təşkilat iştirak edib, onlardan ilk 12 yerin sahibi qalib adını qazanıb. Təqdimat mərasimində müsabiqənin qalibi olan ilk təşkilatlara kompüter, təşkilat sədrlərinə isə fotoaparat və diplomlar təqdim edilib. Həmçinin ikinci turun digər iştirakçılarına da diplomlar təqdim edilib.
S.Mehbalıyev ilk həmkarlar təşkilartlarının sədirlərinin diqqətinə işlərinə daha məsuliyyətlə yanaşmalarının və işlərini düzgün qurmalarının vacibliyini çatdırıb.
Modern.az