Yeni təhsil ilinin başlaması ilə sıra məsələlər gündəmə gəlib. Bunlardan biri də məktəblərdə nizam-intizam qaydalarıdır. Bu baxımdan məsələn, sinfin bütün şagirdlərini nəzarətdə saxlayan sinif rəhbərlərinin üzərinə böyük yük düşür. Məktəblərdə sinif rəhbərlərinin vəzifə öhdəlikləri ciddi məsuliyyət tələb edir. Sinif rəhbəri necə olmalıdır, onun vəzifə və öhdəlikləri nələrdir?
Mövzu ilə bağlı Modern.az təhsil eksperti Elmin Nuri ilə həmsöhbət oldu.
Müsahibimiz bildirib ki, siniflərdəki çətin tərbiyə olunan, nizam-intizama uymayan şagirdlər və onlarla bağlı şikayətlər valideynlərdən çox sinif rəhbərlərinə deyilir. Yəni sinif rəhbəri valideyn qədər stress yaşayır, əziyyət çəkir:
"Bundan əlavə, sinif rəhbərləri məktəbin rəhbərliyi tərəfindən müəyyən hallarda danlaq obyektinə də çevrilir. Bu səbəbdən bir çox müəllimlər ona təqdim olunan sinif rəhbər vəzifəsindən boyun qaçırırlar. Bu haqda ətrafımda olan çox sayda müəllimdən eşitmişəm".
Elmin Nuri qeyd edib ki, sinif rəhbərinin hüquqi öhdəlikləri nə şagirdlər arasında nizam-intizama, metodiki keyfiyyətə və təlimə nəzarət etmək, buna cavabdeh olmaq, şagirdlərin göstəricilərinin, dərsə davamiyyətinin yaxşılaşdırılması üçün əlavə təkliflərlə çıxış etmək daxildir:
"Valideynlərlə işin qurulması, məktəb rəhbərliyi ilə şagirdlər arasında neqativ halların aradan qaldırmasına vasitəçi olmaq və bu kimi hallar da sinif rəhbərlərinin öhdəliklərinə aiddir. Həmçinin, sinif rəhbəri məktəb rəhbərliyi, təşkilatçılar, psixoloqlar, məktəbə təhkim olunan həkimlə mütəmadi şəkildə ünsiyyətdə olmalıdır. Xüsusən, məktəb psixoluqu ilə sinifdəki şagirdlərin psixoloji durumu və əhval-ruhiyyəsindəki mənfi halların öyrənilməsi üçün təmasda olmalıdır. Sinif rəhbərinin bildiyimiz və bilmədiyimiz öhdəlikləri vardır. Sinif rəhbərinin vəzifələri və öhdəlikləri daha praqmatik və praktiki meyarlar əsasında hazırlanmalıdır".
Gülarə Quliyeva