Modern.az

İqtisadçı xaricdən alış-verişə tətbiq edilən güzəştə qarşı çıxdı 

İqtisadçı xaricdən alış-verişə tətbiq edilən güzəştə qarşı çıxdı 

Təhsil

28 Sentyabr 2024, 12:01

Ölkəmizdə xaricdən alınan məhsullara 300 dollara qədər məbləğdə olduqda vergi güzəşti tətbiq olunur. Bir çox elektronika məhsulları isə bu məbləğdən bahadır. Bu məhsulları xaricdən almaq istəyən vətəndaşlar vergiləri maneə kimi görür və imtina etməli olur.

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a bildirib ki, 300 dollarlıq alış-verişə edilən güzəşti doğru qəbul etmir:

“Birini vergiyə cəlb edib digərini azad etmək ədalətsizlik yaradır. Hökumət bunu müvəqqəti güzəşt kimi müəyyənləşdirib. Əvvəllər güzəştli məbləğ 10 min dollar idi. Sonra xaricdən alış-verişin populyarlaşdığını görüb limiti 1000 dollara endirdilər. Ardınca güzəşt məbləği 300 dollara endirildi".

Ekspert hesab edir ki, bu güzəşt müvəqqətidir:

“Yəqin ki, yaxın gələcəkdə bunun ləğvinin də şahidi ola bilərik. Çünki bu kiçik sahibkarlığa ciddi təsir göstərir. Eyni zamanda burada vergidən yayınma məsələsi də ortaya çıxar. Məsələn, vergi vermək istəməyən sahibkarlar onlayn ticarətdən istifadə etməyən insanların adına məhsul gətirib satırlar. Belə bir satış kanalı da formalaşıb. Hesab edirəm ki, bu cür güzəştin verilməsi vergidən yayınma formalaşdırır və ədalətsizlik yaradır".

X.Kərimlinin sözlərinə görə, yüksək texnoloji məhsulların ölkəyə gəlişi zamanı rüsum və ƏDV-nin ləğv olunması ilə bağlı addım atılarsa, bu müsbət addım olar:

“Amma tərəflərdən birini vergidən azad edib digərini etməmək doğru deyil. Dediyim kimi, ölkədə istehsal edilməyən və insanların savadlanmasına, inkişafına xidmət edən texnologiyaları kimin gətirdiyindən asılı olmayaraq bu məhsullara vergi güzəşti verilməsi müzakirə edilə bilər. Amma vətəndaş vergi verməsin, sahibkar versin düşüncəsi yanlışdır. Hökumət də bunu bilir, bu, müvəqqəti güzəştdir. Yəqin ki, bu məsələyə yenidən baxılacaq və 300 dollarlıq məbləğ simvolik bir səviyyədə olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI