Modern.az

Region bağçaları boş qalıb - SƏBƏBLƏR

Region bağçaları boş qalıb - SƏBƏBLƏR

Təhsil

26 Sentyabr 2024, 15:14

Azərbaycanın müxtəlif bölgələrində yerləşən bağçalardakı uşaqların sayının az olması zaman-zaman gündəmə gələn əsas məsələlərdən biridir. Paytaxt Bakıda isə əksinə, bəzən uşaqlar üçün yer tapılmır.

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ilin əvvəlində Azərbaycanda 1800-dən çox uşaq bağçası olub. Həmin bağçalara 116 mindən çox azyaşlı cəlb edilib. 

 

Məktəbəqədər təhsil müəssisələrində hər 100 yerə düşən uşaq sayı ölkə üzrə 78-dir. Paytaxt və regionlarda isə bu rəqəmdə fərqlilik müşahidə edilir. Belə ki, Bakıda hər 100 yerə düşən uşaq sayı 79 olduğu halda, Gəncə-Daşkəsən bölgəsində 58-dir. Xüsusilə Gəncə şəhərində yerləşən bağçalarda hər 100 yerdən 54-ü boşdur. İsmayıllı və Hacıqabul da bağça uşaqlarının sayı az olan bölgələrdəndir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Ali Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, bu reallıqdır. Bakı şəhərində uşaq bağçalarına daha böyük ehtiyac var, nəinki rayon yerlərində. Bunun bir neçə səbəbi var:

 

“Birincisi rayon yerlərində ailələr mütləq əksəriyyəti fərdi evlərdə yaşayırlar. Burada onların kiçik təsərrüfatı olduğu üçün bütün gün evdə kimsə olur. Buna görə də uşağı bağçaya aparmaq sosial təlabat kimi ortaya çıxmır. İkincisi, rayon yerlərində ailələr baba və nənə (və ya onlardan biri) ilə birlikdə yaşayır. Baba və nənə ailədə həmişə böyük tərbiyəçi funksiyasını yerinə yetirmişlər. Rayon ərazilərində bu ənənəyə hələ də üstünlük verilir”.

 

Sədrin sözlərinə görə, əlbəttə rayon yerlərində uşaq bağçalarına təlabatın az olmasının yəqin ki, başqa səbəbləri də var:

 

“Amma insanlar unutmamalıdır ki, uşaqların bağçaya getməsi onların psixoloji inkişafı, sosiallaşması və formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün dünya təcrübəsi əsasında uşaq bağçalarında kifayət qədər təkmil metodlarla məqsədyönlü və planauyğun pedaqoji işlər həyata keçirilir. Görülən bu işlər uşaqların məktəb həyatına hazırlanmasında da böyük rol oynayır. Təcrübə göstərir ki, bağça təcrübəsi keçən uşaqlar məktəbdə daha yüksək nəticələr əldə edirlər. Görünür bu istiqamətdə valideynləri maarifləndirmək lazımdır. Hesab edirəm ki, maarifləndirmə yolu ilə bu məsələni uğurla həll etmək mümkündür”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI