“Bu ay Milli Şuranın sessiyası keçiriləcək. Dekabrın 15-də keçiriləcək aksiyadan sonra sessiyanın keçirilməsi ilə bağlı müzakirələrə başlanılacaq. Bilirsiniz ki, bir sıra məsələlər ötən sessiyada tam başa çatdırılmadı. Hazırda Milli Şuranın Sədr Aparatının və Koordinasiya Şurasının formalaşdırılması istiqamətində müzakirələr gedir. Bu işlərlə bağlı bəzi qərarlara ehtiyac olacaq”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib. Milli Şura çərçivəsində baş verənlərlə bağlı danışan O. Gülalıyev qeyd edib ki, Milli Şuranın qəbul etdiyi qərarlar yenidən müzakirə oluna bilməz: “Təşkilatı məsələlərlə bağlı qərar qəbul olunub. Milli Şuranın sədri Cəmil Həsənli, fəxri sədri isə Rüstəm İbrahimbəyov seçilib. Bu məsələlər arxada qalıb. Milli Şura bu məsələləri deyil, aktual məsələləri diqqətdə saxlayacaq”.
Oqtay Gülalıyev bildirib ki, Müsavat Partiyasının Milli Şurada olan partiyalarla danışıqlar aparması onların hüququdur: “Müsavatın danışıqlar aparması Milli Şuranın Rüstəm İbrahimbəyovla bağlı qəbul etdiyi qərarın təftiş olunması ilə bağlı deyil. Danışıqlar partiyanın əməkdaşlıq perspektivləri ilə bağlıdır”.
İlkin PİRƏLİ