Modern.az

Azadlıq sevgisi və sevgi azadlığı

Azadlıq sevgisi və sevgi azadlığı

Təhsil

16 Dekabr 2013, 18:36

Ata hansısa kitabdan oxuyurdu:

 “Bir gün İblis İsa peyğəmbərin yolunu kəsərək ona dedi:

Sən insanların yanına gedib  iki şey təklif edəcəksən – biri azadlıqsız çörək, digəri isə çörəksiz azadlıq. Amma onlar sən istəyəni, yəni azadlığı çörəyə qurban verəcəklər. İsa peyğəmbər dedi:” 

Bu yerdə oğul atasının sözünü kəsdi: 

- Ata, onlardan hansı birisi yaxşıdır? 

- Oğlum, sevdiyim şairlərdən biri şeirində yazmışdı : Kölə sahibləri çörək dərdi çəkmədiyindən fəlsəfə ilə məşğul olurdular.Çünki çörəklərini kölələr verirdi onlara. Kölələr isə çörək dərdi çəkmədiyindən fəlsəfə ilə məşğul olmurdular. Çünki çörəklərini sahibləri verirdi onlara. Başa düşdünmü? Bu o deməkdir ki, sahiblər azadlıq haqqında fəlsəfələrini yürüdə bilərdilər. Çünki onların çörəklərini kölələri verirdi. Kölələr isə sahiblərindən çörək aldığından Azadlıq haqqında heç bir fəlsəfə yürüdə bilməzdilər. Yəni,  çörəyin öz fəlsəfəsi fəlsəfənin öz çörəyini əlindən almışdı… Bu isə hər bir cəmiyyətin mənəvi süqutuna gətirib çıxarıb. Çörək həmişə insan oğluna qorxu gətirib, qorxu isə həmişə çörək. Bunlar bir yaranıblar. İnsanlar qorxularından çörək, çörəklərindən isə qorxu qazanıblar. Onları yedirən əlin bircə işarəsi ilə hara gəldi kortəbii olaraq addımlayırdılar. Həmin o haranın sonu bilirsənmi ki, nə olub?… 

-...... 

-Uçurum! 

-Bəs ondan qurtulmaq üçün nə ediblər? 

-Qədim yunan qəhrəmanlarından biri olan Sizifə Tanrılar cəza kəsmişdilər. O ağır bir daşı qayanın aşağısından yuxarısına qaldırmalı idi.Lakin hər dəfə qaldıranda  daş yenə aşağı yuvarlanırdı.Bu sonu olmayan zəhmət sahibi Sizifə hamının yazığı gəlirdi. Amma əslində xoşbəxt idi Sizif. Çünki o özü öz qismətini seçmişdi. Heç kimin yox məhz öz əməli öz taleyini yaratmışdı. O Tanrılara köləlik etmədiyindən bu cəzaya məhkum edilmişdi. Amma taleyini o özü seçmişdi. Özü öz həyatının ağası olduğundan ağır daş da, onun çınqılı da, nəhəng qaya da ona şirin gəlirdi. Çünki o bilirdi ki, köləliyin daşını atan insan Azadlığın ağır daşını qaldırmağı bacarmalıdır! Sizif azadlıqla bərabər ümid və Sevgi qazanmışdı. Məhz,  bunlar idi onu yaşadan və qollarına qüvvət verən. Yəqin Sizifi nəyə görə misal göstərdiyimi anladın. İnsanlar qorxularını içindən çıxarıb, köləliyi başından atıb, çörək verən əlləri itələməlidirlər. Əks halda onlar Sizif kimi daşı əllərində oynada bilməyəcəklər, özləri daş altında qalacaqlar. İsa peyğəmbər də İblisə belə demişdi: ”Onlar özlərinə ən yaxşı olanı,yəni azadlığı seçəcəklər” İsa peyğəmbər insanları ram edə biləcək üç ünsur-möcüzə, Sirr və nifuzdan istifadə etməyərək insana seçim hüququ verdi. Çünki o insan iradəsinin qüdrətinə inanırdı. İnsan iradəsi azadığına qovuşduqdan sonra Allahın iradəsinə qul olmur onunla birləşir, vəhdətdə olur. Bu cür qüdrətli insana artıq heç nə lazım deyil. Nə kiminsə verdiyi çörək, nə də onu itirmək qorxusu. Bilirsənmi ki, insan bundan ötrü nə etməlidir? Sevgiyə can atmalıdır. 

-Sevgi nəyə lazımdır? 

-Azdlığı əldə etmək üçün. 

-Bəs azadlıq nəyə lazımdır?

-Sevgini əldə saxlamaq üçün…

 

.

 

   
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı