Azərbaycanda səfərdə olan Britaniyanın xarici işlər naziri Uilyam Heyq ölkədə insan haqlarının vəziyyətinə dair narahatlıqlarını Prezident Əliyevlə müzakirə edib. “BBC Azərbaycanca”nın məlumatına görə, bu barədə jurnalistlərə nazirin özü deyib.
Uilyam Heyq dünən həbs olunan hüquq müdafiəçisi (Anar Məmmədli-red.) barədə də İlham Əliyevlə danışdığını bildirib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bazar ertəsi həbs olunub.
Anar Məmmədliyə qarşı irəli sürülən ittihamlar arasında vergidən yayınma və qanunsuz biznes ittihamları var.
Bu arada ABŞ-ın Azərbaycandakı səfiri Richard Morninqstar da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir ki, “Anar Məmmədlinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı saxlanmasından və haqqında 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilməsindən dərin narahatlıq keçiririk”.
“İttihamın təfərrüatları hələ ki, aydın deyil. Ancaq biz indidən bunu sual etməliyik ki, görəsən Anar Məmmədlinin saxlanılması onun təşkilatının seçkiləri müşahidə etməsi və bu barədə məlumat yayması ilə bağlı deyil ki?
Biz bu məsələni artıq Azərbaycan hökumətinin yüksək rütbəli məmurları qarşısında qaldırmışıq və davam etdirəcəyik.
Biz hüquqi prosedurun davam etməsi ilə yanaşı Məmmədlinin dərhal azad edilməsinə çağırırıq. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin və Könüllərin Beynəlxalq İctimai Birliyinin işi ilə bağlı istintaqı yaxından izləməyə davam edəcəyik”-deyə ABŞ səfiri bildirib.
Modern.az